Ötən il əhalinin tələbatının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 27 milyard 568,7 milyon manat olmaqla 2017-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,9 faiz artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,3 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 4,3 faiz üstələyərək 26 milyard 536,8 milyon manat olub.
İl ərzində hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 8 milyard 632,6 milyon manat təşkil edib.