"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən problemlərimiz də var. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır.
Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu, o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır.
2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlarla baxdıqda bu, qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s".
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTv-də yayımlanan "Hədəf" verilişində qonağı olarkən deyib.
Qiymət artımları ilə bağlı danışan nazir qeyd edib ki, Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür:
"Burada hökumətin əlində o qədər də alət yoxdur. Biz çalışırıq ki, sosial müdafiə nöqteyi- nəzərdən həssas təbəqələrə xüsusi yanaşma tətbiq olunsun. Dünya bazarlarında son iki ildə taxılın qiymətində 45-50 faizə yaxın artım baş verib. Biz kifayət qədər böyük həcmdə taxılı idxal edirik. Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Biz o subsidiyanı verdikdə, hansısa başqa istiqamətdə - istər əməkhaqqına, təhsilə və səhiyyəyə vəsait ayıra bilmirik”.
Qeyd edək ki, son vaxtlar ölkədə yaranan bu problem əsasən dünya bazarları ilə əlaqələndirilir. Belə ki, qlobal iqtisadiyyatdakı inflyasiya proseslərinin ölkəmizə də təsir göstərdiyi qeyd edilir.
Digər ölkələrdə də inflyasiya Azərbaycanla eyni səviyyədədir və ya yüksəkdir?
Yaxud idxal olunan məhsulların qiymət artımına səbəb olduğu halda hökumətin əlində bunu tənzimləyəcək alətlər yoxdurmu? Subsidiyaların verilməsinin bəzi sahələrə vəsait ayrılmasına mane olmasına gəldikdə isə qeyd edək ki, yeni ilin dövlət büdcəsində həmin sahələrə kifayət qədər vəsait ayrılıb. “2022-ci il dövlət büdcəsi haqqında” Qanuna əsasən, gələn il yalnız ARDNF-nin dövlət büdcəsinə transferti 12,71 mlrd. manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,2% çoxdur.
Millitv.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, idxal malları ilə bağlı dünya bazarlarında qiymət artımı var:
“Bu həqiqətdir ki, dünyada qiymət artımı sürətlə gedir. Avropa, Amerikada son 30 ildə ən yüksək inflyasiya göstəriciləri var. Bizlə müqayisədə çox aşağıdır, 6-7 faizdir. Ancaq hər halda dünyada da qiymət artımı baş verir. Qiymət artımı ilə bağlı hökumətin əlində alətlər var. Belə ki, hökumətin əlində olan ən yaxşı alət gömrük rüsumları və vergi dərəcələridir. Yəni ərzaq məhsulları ilə bağlı ən azından ya gömrük rüsumlarını, ya da əlavə dəyər vergisini ləğv edə, yaxud da azalda bilər. Bu da ən effektiv alətlərdən biridir.
Ölkəyə daxil olan məhsulların əgər heç bir güzəşti yoxdursa, 15 faiz gömrük rüsumu, 18 faiz isə əlavə dəyər vergisi elə sərhəddəcə ödənilir. Bu, o deməkdir ki, məhsul ölkəyə daxil olduqda qiymətinin üzərinə 35-36 faiz əlavə ödənişlər gəlir və hökumət bunu çox asanlıqla tənzimləyə bilər. O ki qaldı əgər vergi və gömrük dərəcələri azaldılsa, büdcəyə ödənişlər azalacaq, burada müəyyən həqiqət payı var. Ancaq büdcənin formalaşması Dövlət Neft Fondundan asılı olduğundan hökumətin əlində bu alətlər də var ki, Fonddan daha çox vəsait götürməklə büdcədəki problemləri aradan qaldıra bilər”.
Ekspert deyib ki, inflyasiyanın insanların real gəlirlərini “yeyib-bitirməsi” doğrudur:
“Bu, hökumətin ən vacib atacağı addım olmalıdır. Bir tərəfdən maaşlar, təqaüdlər artırılır, digər tərəfdən inflyasiya sürətlənəndə o artımın mənası qalmır. Yəni əhalinin real gəlirləri artmır. Bu il nominal olaraq əhalinin gəlirləri cəmi 2 faiz artıb, ancaq ərzaq inflyasiyası rəsmi rəqəmlərə görə 15 faizə yaxınlaşır. Bu, onu deməyə əsas verir ki, əhalinin gəlirləri nominal gəlirlərə yaxın olsa da, real gəlirlərdə kəskin azalma var. Yəni insanların daha çox kasıblaşmasını görürük”.