Axtarış...

Pensiyalar necə artırılmalıdır? - TƏHLİL

Pensiyalar necə artırılmalıdır? - TƏHLİL

Dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncamı bütün növ əmək pensiyalarının sığorta hissəsinin bu ilin yanvarın 1-dən artırılmasını təmin etmək məqsədilə imzalanıb. Fevralın 7-də imzalanan sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, pensiyaların sığorta hissəsi artırılacaq. 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempisə 2,9%-dir.
Bu addım hər il atılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində qeyd edilir ki, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Sadəcə olaraq, keçən ildən indeksləşdirmə mexanizmi dəyişdi. Belə ki, ötən ilədək pensiyaların sığorta hissəsi əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya səviyyəsinə uyğun olaraq hesablanıb artırılırdısa, keçən ildən əmək pensiyalarının artım səviyyəsi bir il əvvəl ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, başqa sözlə desəm, faizinə uyğun olaraq müəyyən edilib artırılmağa başlandı.

Bu, düzgün qərar idi. Belə ki, rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi və verə də bilməzdi. Çünki elə il olur ki, inflyasiya cəmi 1-3% təşkil edir. Ümumiyyətlə, sağlam iqtisadiyyat şəraitində inflyasiyanın 3-4%-dən yüksək olması məqbul hesab edilmir. Və üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də əslində, həmişə inflyasiyadan üstün olmalıdır. Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil.

Düzdür, elə illər olub ki, inflyasiya orta aylıq nominal əməkhaqqı məbləğinin artım səviyyəsindən çox təşkil edib. Məsələn, 2017-ci il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksi, başqa sözlə desəm, inflyasiya səviyyəsi orta aylıq nominal əməkhaqqı səviyyəsinin artım tempindən xeyli dərəcədə yüksək olub. Yəni, 2 dəfədən çox... Ancaq bu, o illər ərzində baş verir ki, həmin illərdə ölkə iqtisadiyyatı tənəzzül içində olur, valyuta bazarı təzyiq altında, manatın məzənnəsi dəyərsizləşməyə meyillli, istehlak bazarında bahaçılıq olur. Məsələn, 2015-2017-ci illərdə olduğu kimi...

Sözüm bunda deyil. Bir daha qeyd edirəm ki, əmək pensiyalarının indeksləşdirilməsi siyasəti, yəni, artırılması səviyyəsi bir il ərzində ölkə üzrə mövcud inflyasiya deyil, orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, başqa sözlə desəm, faizinə uyğun olaraq müəyyən edilib, həyata keçirilsə, yaxşıdır. Necə ki, 2018-ci ildən bu cür edilir. Ancaq məsələ bundadır, keçən il əvvəl bəyan edilmişdi ki, əmək pensiyalarının "baza və sığorta hissəsi" anlayışları ləğv edildiyindən artım, pensiyaların bütöv məbləğləri üzrə hesablanıb həyata keçiriləcək. Və onda yazdığım şərhimdə mən də qeyd etmişdim ki, bu ildən (2018-ci ildən) pensiyaların indeksləşdirilməsi siyasətində tədbiq ediləcək mexanizm həm də əslində, bu mənada daha effektlidir.

Ancaq təəssüf ki, belə olmadı. İndeksləşdirmənin yeni mexanizmində də əmək pensiyalarının məhz sığorta hissəsi artırıldı. Bu il də həmçinin... Növbəti illərdə bunu da aradan götürmək, başqa sözlə desəm, əmək pensiyalarının bir il əvvəlki orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, faizinə uyğun olaraq indeksləşdirilməsi zamanı pensiyaların bütöv məbləğləri üzrə hesablanıb həyata keçirilməsi məqsədəuyğun olardı. Bu, pensiyaların daha çox artmasına imkan verər.

Sözsüz ki, bundan ötrü Dövlət Sosial Müdafiə Fondunun maliyyə vəziyyəti daha yaxşı olmalı, dövlət büdcəsindən asılılıq azalmalıdır. Hesab edirəm ki, məcburi dövlət sosial sığorta ödənişləri üzrə tədbiq edilən yeniliklər, həmçinin əmək müqavilələrinin bağlanması sahəsində nizam-intizamın gücləndirilməsi buna imkan verəcək.

Yeri gəlmişkən, hazırda ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3%-i yaşa görə, 30,1%-i əlilliyə görə, 11,6%-i ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8%, o cümlədən, yaşa görə əmək pensiyalarının məbləğində 7,3% artım qeydə alınıb.
Azvision.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz