Axtarış...

Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!

Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!

44 günlük müharibənin iştirakçılarından olan 21 yaşlı Vüsal Quliyev gözü önündə həlak olan döyüş yoldaşını ərazidən çıxaranda özü də yaralanıb. Həm bel, həm də ayaq nahiyəsindən ona güllə və qəlpə dəyib. Aylarla müxtəlif hospitallarda müalicə olunmasına baxmayaraq, deyir ki, hələ də sağlamlığı tam bərpa olunmayıb. Üstəlik, ailənin sosial vəziyyəti, yaşayışı da acınacaqlıdır.

Millitv.az meydan.tv-yə istinadən bildirir ki, Vüsal Quliyev Goranboy rayonunda yaşayır. O, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrında Hadrutda yaralanıb:

“Şəhid olan yoldaşımı oradan götürüb aparmaq istəyəndə yaralandım. Məni Əhmədbəylidəki hospitala gətirdilər, 15 gün orada yatdım. Sonra təxminən üç ay da “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı nəzərdə tutur) qalmışam. Yaddaşım pozulub, heç oradan nə vaxt çıxdığım dəqiq yadımda deyil. Düzdür, əməliyyatla bədənimdəki qəlpə, güllə çıxarılıb. Amma bədənim günü bu gün də ağrıyır. Xüsusən soyuq havada zülm çəkirəm. Bir az işləyən kimi də ağrıdan ölürəm, ayağım tərpənmir…”

Müharibə iştirakçısının böyük ailəsi var. Ana və 8 övladı illərdir ki, birotaqlı, qamışla örtülü daxmaya sığınıb. Evin böyük qız övladı 4 ay öncə Goranboyda – Dəliməmmədli şəhərində avtoqəza nəticəsində həyatını itirib. Bundan sonra ailə daha bir faciə ilə üzləşib – birotaqlı daxmada təxminən iki ay öncə yanğın baş verib. Orada olan yorğan-döşəkdən tutmuş, stol-stula qədər bir çox əşya yanıb.

Ailəyə dost-tanış, müəyyən qədər də icra strukturları yardım edib, bəzi əşyalar göndəriblər.

“İcra hakimiyyəti də müvəqqəti yaşamağa, istifadə etməyə əşyalar göndərib. Necə yerdə yaşadığımızı görürsüz. Buz kimidi, iki ədyalla yatırıq, yenə də canımız qızmır…”, – Vüsal Quliyev xüsusən kiçik bacı-qardaşlarının durumuna acıdığını deyir.

Uşaqlar məktəbə getmir, heç birinin sənədi yoxdur

Vüsal Quliyev hazırda evin böyük övladıdır. Evin ən kiçik uşağı 8 aylıqdır. Bir neçəsi məktəbə gedəsi yaşdadılar. Amma hamısı da təhsildən kənarda qalıb. Onların nəinki dəftər-kitabı, heç şəxsiyyətlərini təsdiq edən sənədləri də yoxdur. Bu mənada, Vüsal Quliyevin özünün durumu da ailənin digər övladlarından fərqlənmir. O, hərbi xidmətə gedib-qayıtsa da, indiyədək şəxsiyyət vəsiqəsi yoxdur.

Vüsal Quliyev deyir ki, anası, bacı-qardaşı acından ölməsin deyə, nasaz canıyla fəhləlik eləməyə məcburdur:

“Onun-bunun qapısında fəhləlik eləyirəm. Bəzən ağır yük olanda canım çıxır, güllənin, qəlpənin yeri ağrıdır. Amma məcburam. Çünki bu qədər ailə mənim əlimə baxır. Heç olmasa, yavan çörəklərini də olsa, qazanıram ki, acından ölməsinlər”.

Ana: “Ürəyim parçalanır, oğlum müalicə oluna bilmir, bu vəziyyətdə işləməyə məcburdur”

Vüsalın anası, 41 yaşlı Tünzalə Abbasova deyir ki, oğlunun fəhləliklə qazandığı gündəlik 10-15 manatdan başqa evə pul gəlmir. Qarabağ qazisi olsa da, Vüsal buna görə müavinət almır:

“Dedilər ki, müavinət verilməsi üçün sənədlər olmalıdır. Vüsalın şəxsiyyət vəsiqəsi də yoxdur, deyirlər ki, Goranboy polisi şəxsiyyət vəsiqəsini düzəltməyə çalışır. Bir neçə dəfə icra başçısı ilə görüşmək istəmişik, alınmayıb. Gah dedilər ki, başçı xəstədi, gah dedilər ki, sabah gələrsən. Düzdür, axır vaxtlar köhnə əşyalar, tikinti materiallarıyla da olsa, müəyyən qədər kömək ediblər. Amma hamısını icra eləməyib. Sağ olsun bu ölkənin qeyrətli övladları, onlar da müəyyən qədər kömək eləyib. Vəziyyətimiz çox ağırdır, sözlə deyiləsi deyil. Bu daxmada qaz yoxdur, işıq da kartladı, qızdıra bilmirik. 8 aylıq südəmər uşağa verməyə bəzən yemək tapmıram. Ürəyim parçalanır, Vüsal o vəziyyətdə, müalicə oluna bilmir, üstəlik, bu halda, gedib fəhləlik eləyir…”

Ailənin arzusu Vüsalın nənəsindən qalan torpaq sahəsində babat bir ev tikib, orada yaşamaqdır. Hazırda dost-tanışın köməyilə evin bünövrəsi qoyulur.

İcra başçısının müavini: “Həqiqətən ağır vəziyyətdə yaşayırlar”

Goranboy Rayon İcra Hakimiyyətindən də Vüsal Quliyev və ailəsinin acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyiblər. İcra başçısının müavini Rafət Qurbanov bildirib ki, müharibə iştirakçısı ailənin ağır durumuyla əlaqədar təxminən bir həftə öncə icra hakimiyyətinə müraciət edib. Bu barədə məlumat alandan dərhal sonra müəyyən addımlar atıblar:

“Biz də onun haqqında yenicə məlumat almışıq. Həqiqətən ağır vəziyyətdə yaşayırlar. Nəinki özünün, ailədə heç kimin sənədləri yoxdur. Vüsal Quliyevin hərbi biletinin əsasında sənədlərini toplamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərə növbəlilik prinsipiylə ev tikilir. Dediyim kimi, Vüsal Quliyevin sənədləri olmadığına görə onu növbəyə yaza bilməmişik”.

İcra başçısının müavini əlavə edib ki, yeni ev hazır olana qədər ailəyə rayondakı əvvəlki xəstəxana binasında müvəqqəti yerləşmək təklif olunub. Lakin ailə imtina edib. Buna baxmayaraq, həmin xəstəxanada salamat vəziyyətdə olan məişət avadanlıqları (stol, stul, çarpayı, mətbəx əşyaları) ailəyə göndərilib. Eyni zamanda, ailəyə pul və ərzaq yardımı olunduğunu deyən Rafət Qurbanovun sözlərinə görə, sahibkarlara da müraciət olunub ki, imkanı çatan şəxslər müharibə iştirakçısı üçün ev tikintisinə yardım etsin.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz