Axtarış...

Qarabağ döyüşçüsü İNSAF GÖZLƏYİR... - 11 nəfərlik ailənin yükü tək onun üzərindədir

Qarabağ döyüşçüsü İNSAF GÖZLƏYİR... - 11 nəfərlik ailənin yükü tək onun üzərindədir


Azərbaycan ordusunun erməni qəsbkarlarına qarşı başladığı 44 günlük Vətən müharibəsinin minlərlə qəhrəmanından biri ilə oxucularımızı tanış edirik: Eldar Fərzəli oğlu Quliyev. Eldar Quliyev 18 iyul 1987-ci ildə Astara rayonunda anadan olub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan Eldar 2007-ci il xidmətini başa vurub. Hərbi xidmətdən sonra özəl mühafizə xidmətində xidmət rəisi vəzifəsində işləyib. Hərbi sahəyə istək və marağı onu yenidən ordu sıralarına gətirib. 2014-cü ilin iyul ayından Beyləqan rayonu ərazisindəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Tuşlayıcı operator olaraq peşəkarlaşıb.

Vətən müharibəsi başlayanda Azərbaycan ordusunun çavuşu Eldar Quliyev döyüşlərə atılıb. Müharibənin ən gərgin ilk günlərində Füzuli, Cəbrayıl istiqamətlərində döyüşüb.

Müharibənin mənzərəsini Eldar “Şərq”ə belə təqdim etdi:

- Yaddaşımda qalan, heç vaxt hafizəmdən silinməyəcək mənzərə əsgərlərimizin üzündəki təbəssümdür. Böyük ruh yüksəkliyi vardı bütün əsgərlərdə, şəxsi heyətdə. Çünki bu günü – ordumuzun hücuma keçib işğal altındakı torpaqlarımızı azad etməyə başlamasını hamımız həmişə gözləmişik, arzulamışdıq. İndi arzularımız yerinə yetirdi. Nəhayət ordumuz torpaqlarımızı azad edirdi. Erməni dığalarını torpaqlarımızdan qovub çıxarırdıq. 30 illik həsrətə son qoyulurdu. Ona görə hamı sevincli idi. Biz Hadrut qəsəbəsinə daxil olanda ürəyim sızladı. Düşündüm ki, burda bizim əhali yaşayıb, sonra ermənilər buraları mənimsəyib. Evlərə daxil olurduq, bir tərəfdən də sevinirdim ki, daha bundan sonra burada bizim insanlar yaşayacaq. Kədərimizsə yalnız itirdiyimiz döyüş yoldaşlarımıza görəydi. Erməni silahlıları hərbi maşınımıza atəş açdılar. Maşındakı 9 nəfərdən – mən onların içində olmaqla 8 nəfər yaralandı, komandirimizsə şəhid oldu. Mən komandiri maşından çıxarmağa çalışdım, baxmayaraq ki, özüm də yaralanmışdım, qəlpələr sifətimi, bədənimi yandırmışdı. Amma hayıf ki, komandir artıq şəhid olmuşdu. Bu hadisə mənə çox ağır təsir etdi.

E.Quliyev digər yaralı əsgərlərlə birgə yaxınlıqdakı Zoğcuq xəstəxanasına gətirilib. Lakin xəstəxana Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu üçün yaralılar Saatlı rayonundakı 5 saylı xəstəxanaya gətirilib:

- Bu xəstəxanada bir neçə gün qaldım. Məni Bakıdakı 5 saylı xəstəxanaya köçürdülər. Sonra Əfəndiyev adına şəhər xəstəxanasına. 25 gün müalicə olundum. Daha sonra məzuniyyətə buraxıldım.

Ailəsinə Eldar Quliyevin şəhid olması xəbəri verilib:

- 7 saat anam, ailəm elə bilib ki, şəhid olmuşam. Sonra xəbər veriblər ki, yox, Eldar Quliyev şəhid olanlar arasında deyil. Biliblər ki, xəstəxandayam. Mən bir qədər yaxşılaşanda özüm anama zəng etdim. İnanmırdı ki, telefonda danışan mənəm. Elə bilirdi, döyüş yoldaşlarımdan kimsə mənim adımdan danışır, onu aldadır ki, oğlu salamatdır. Dedim, ana, mənəm, Eldar. Yavaş-yavaş inanmağa başladı.

Hazırda Eldar Quliyev Beyləqanda MAXE kimi hərbi xidmətini yenə davam etdirir. Lakin döyüşdə aldığı yaralara görə əlillik dərəcəsinin təyin edilməsini gözləyir:

- Bu məsələ hələ açıq qalıb. Gözləyirəm, nə vaxt mənə əlillik dərəcəsi təyin ediləcək. 11 nəfərlik ailənin yükü mənim üzərimdədir. Atam, qardaşım vəfat edib. Qardaşımın övladına da anam baxır. Mənim də 2 azyaşlı övladım var.

Qeyd edək ki, Eldar Fərzəli oğlu Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Hər bir təltif dövlətin əsgərinə verdiyi dəyərin nümunəsidir. Amma Eldar da minlərlə Vətən oğlu kimi “biz torpaqlarımızı düşməndən azad etmək üçün döyüşmüşük. Yenə lazım gələrsə, istənilən an Vətənimiz, dövlətimiz üçün döyüşə atılmağa hazırıq” deyir.
Vətən sizlərə əmanətdir, igid oğullar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz