Ağstafanın Qaçaq Kərəm kəndində qeydiyyatda olan Vətən müharibəsi qazisi Kənan Lələyevin ona Bakı Sağlamlıq Mərkəzində alman həkimlər tərəfindən yazılan dərmanları almağa maddi imkanı çatmır.
Bu barədə Yeniavaz.com-a məlumat verən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qazi, YAŞAT Fondunun dərmanları ödənişsiz alması üçün onu bir aptekə yönləndirdiyini, lakin həmin aptekdə reseptdəki dərmanların olmadığını bildirib:
“Dərmanların qiyməti təxminən 200 manatdır. Almağa maddi imkanım çatmır. Sonradan YAŞAT Fondunun mənimlə əlaqə saxladığı nömrəyə zəng vurdum, amma zəng çatmadı”.
Məsələ ilə bağlı YAŞAT Fonduna müraciət etdik. Qurumdan məsələnin araşdırılacağı və bu barədə məlumat veriləcəyi bildirildi.
Qeyd edək ki, K. Lələyev Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə əsgər yoldaşını döyüş meydanından çıxararkən düşmənin minaatandan atəş açması nəticəsində qəlpə yarası ilə sol gözünü itirib.
Qazinin qardaşı Kamran Lələyev də vətən uğrunda gedən döyüşlərdə iştirak edib və göstərdiyi sücaətə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.