Axtarış...

Dövlətin mənə 7 ayda verdiyi yalnız ağrıkəsici dərmanlar oldu - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Dövlətin mənə 7 ayda verdiyi yalnız ağrıkəsici dərmanlar oldu - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

“Ordudan tərxis olunandan azı 7 ay keçib. Bu 7 ay ərzində heç bir müalicə almamışam. Həftədə iki dəfə hospitala gedirəm, dövlət hesabına ağrıkəsici dərman verilir, çıxıb gəlirəm. Bu ayın əvvəlindən ayaqlarımın dizdən aşağı hissələrini hiss etmirəm. Həkimlər deyir ki, ayaqlarında quruma gedir. Bir neçə gün əvvəl vəziyyətim ağırlaşdı, dostum məni Binədəki xəstəxanaya götürdü, orda da ağrıkəsici vurdular”.

Astaranın Ərçivan kəndindən olan İlkin Tağızadə İkinci Qarabağ Müharibəsi qazisidir. Ötən il sentyabrın 29-dan müharibəyə yollanıb, oktyabrın 4-də Füzulidə başından qəlpə yarası alıb, oktyabrın 17-də öz ərizəsiylə döyüşlərə qayıdıb. Cəbrayılda, Qubadlıda, Şuşada, Laçın dəhlizində vuruşub. Yanvarın əvvəli Astaraya – yaşadığı kəndə qayıdıb. Günbəgün artan ağrıları ona rayonda duruş gətirməyə imkan verməyib. Deyir ki, Astara Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Bakıya - Mərkəzi Hərbi Hospitala üz tutub. Orda isə ona yalnız ağrıkəsici preparatlar təklif olunub.

“Mənə ağrıkəsici yox, müalicə lazımdır”

“Rayonda dedilər, sən müharibə döyüşçüsü olduğuna görə, hərbi hospital müalicə etməlidir, göndərişlə gəldim, hospitalda bütün ağrılarımı sadaladım. Kontuziyam var, baş ağrılarından göz aça bilmirəm, beynimin içində uğultu var, möhkəm ürək ağrılarım tutur, bədənimdə, əsasən də ayaqlarımda güclü ağrılar olur. Hər dəfə otağın birində ağrıkəsici dərman resepti yazılır, aparıb o biri otağa verib, dərmanı alıb, elə ordaca qəbul edib, qayıdıram. Mənə ağrıkəsici yox, əsaslı müalicə lazımdır”, - qazi deyir.

“Ayaq damarlarımda quruma gedir”

İyulun əvvəlindən İlkinin ayaqlarında şiddətli ağrılar başlayıb. Yaxın dostları onu Binə qəsəbəsindəki xəstəxanaya götürüblər. Ağrıkəsici iynə vurulub və ona tezliklə müalicə olunmasa, ayaqlarındakı damarların tamamilə sıradan çıxacağı deyib:

“Hamısı stress, sinir pozğunluğu nəticəsində ortaya çıxan fəsadlardır. Müharibə bitəndən sonra bizi evə yox, əsaslı müalicəyə göndərməli idilər. Hazırda əsayla gəzirəm, müalicə olunmasam, ayaqlarım funksiyasını həmişəlik itirə bilər. Hazırda Bakıda elə bir döyüş yoldaşımın evində qalıram, hər dəfə rayondan Bakıya gəlib-getmək olmur. Bir sözlə, qalmışam ortalıqda, axırım necə olacaq, bimirəm”.

İlkin yaddaş və nitq pozğunluğundan da əziyyət çəkir, danışanda kəkələyir. Kontuziyalıdır, tez-tez ürək tutmaları, qıcolmalar baş verir. Deyir, səhhəti ona əmək fəaliyyətiylə məşğul olmağa da imkan vermir.

“Deyirlər, gözlə, bəlkə sağaldın”

“İşləyə bilmirəm, dediyim kimi, dostumun evində qalıram, onun yediyinə-içdiyinə şərikəm, utanıram, ancaq məcburam belə yaşamağa. Əlillik təyin olunması üçün bəzi sənədlər lazımdır, deyirlər, hələ gözləmək lazımdır, bəlkə sağaldın. Dövlətimdən narazı deyiləm, döyüşmək lazım idi, getdim, döyüşdüm, ancaq heç olmasa nəzərə alsınlar ki, bu da bir insandır”, - qazi bildirib.

Meydan TV İlkin Tağızadənin müalicəsi ilə bağlı dəfələrlə Mərkəzi Hospitalla əlaqə saxlamağa çalışıb, ancaq baş tutmayıb.

2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlayıb və 44 gün davam edib. Müharibə iştirakçılarının və qazilərinin çoxlu sosial, tibbi problemləriylə bağlı narazılıqları isə post-müharibə dövründə üzə çıxıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz