Ədalət Abdinov müasir Azərbaycan kommunist hərəkatında layiqli hörmət və nüfuz qazanmış ən əsas şəxsiyyətlərdən biridir. Sol siyasi platformada onun nümayiş etdirdiyi qətiyyət, xidmətləri və şəxsi səyləri mühüm əhəmiyyət daşıyır.
Tanınmış kommunist Ədalət Abdinov sadiq qaldığı və xidmət etdiyi ideologiyaya bir ehkamçı kimi yox, yeni baxışları ilə diqqətimi cəlb etdi. Radikal kommunistlərdən fərqli olaraq onun fikrincə, sosialist nəzəriyyələrinin böyük bir hissəsi müasir dünyanı idarə edən qanunlarla açıq-aşkar ziddiyyət təşkil etdiyindən bu nəzəriyyəni qəbul edən insanlar mühitə zorakı çevrilişlər vasitəsi ilə yox, tədrici inkişaf vasitəsi ilə uyğunlaşmalıdırlar. Və bununla da sosializmə müqaviməti qırmaq imkanlarına yeni bir meydan açılır.
Hamının “Yoldaş Abdinov” deyə müraciət etdiyi bu şəxsin, tutduğu yolun ideyalarına müasir zamanın tələbləri baxımından münasibəti var. Yaşamaq uğrunda mübarizənin müasir forması olan iqtisadi rəqabət – söhbət sağlam, azad rəqabətdən, daha Azərbaycandakı saxta, süni rəqabətdən getmir – indiki zamanın həyati tələbidir. Sosializm isə onu tamamilə aradan qaldırmağa çalışır, bu həm də bir tərəfdən yanlış addımdır. Elə sahələr var ki, orada iqtisadi rəqabəti bərqərar etməklə, sosializm daha yenilməz və əbədi gücə malik olar.
Mövcud ictimai-siyasi proseslərə Ədalət Abdinovun baxışlarındakı bir yeni məqamı da qeyd etməmək olmur. Bu, sosialistlərin arzularının gerçəkliyi üçün açılan ümidli perspektivlərdir. Nüfuzlu kommunist bildirir ki, XXI əsrdə xalqların yaşamaq uğrinda mübarizədə sosial bərabərliyə nail olmaq naminə yorulma və uzunmüddətli səyləri, dövlətin müdaxiləsinin məhdudlaşdırılması əvəzinə siyasi hüquqların bərabərliyi mütləq bu müdaxilənin tədricən, demək olar, ictimai həyatımızın bütün tərəflərinə yayılmasına səbəb olacaq. Bu bir reallıqdır, bununla razılaşmamaq mümkün deyil. Yaranmış vəziyyəti düzgün qiymətləndirən müasir kommunistlər sələflərindən fərqli olaraq reqlamentasiyaya, nəzarətə, sərvət və kapitalın hüququnun məhdudlaşdırılmasına cəhdlərini o qədər gücləndirməlidirlər ki, onların xüsusi əllərdə qalmasını xalqın maraqlarına zidd olduğunu sübut etməklə, dövləti həmin hüquqları öz üzərinə götürməyə sövq etməlidirlər.
Real olan bu formulə ilə sosialist idealı bu gün daha güclüdür. Ağıllı zəkalar bu cür proqramları qəbul etməklə sosialist ideyalarının uğurlarına əsaslı zəmin yaradırlar. Ədalət Abdinovun fikrincə, müasir sosializm doktrinadan daha artıq əqli ovqatdır. Nəzərə almaq lazımdır ki, müasir burjuaziya artıq öz hüquqlarının qanuniliyinə o qədər də əmin deyil. İnsanların birliyindən, kollektivçilikdən qorxan burjuaziya möhkəm iradədən, intizamdan və hissiyat ümumilyindən məhrumdur. Əzilən kütlənin inqilabi instinkti isə həmişə oyaqdır, hiddətindən doğan, yaxşı mənada dəlisov həmləsi daim aktualdır.Ədalət Abdinov sözün həqiqi mənasında yaxşı adamdır, istiqanlı, aşırı ünsiyyətcil, mərhəmətə daha meyilli, cəsarət və şücaət sahibidir. Onu tanıyanlar bilirlər ki, o, həmişə pisliyi yaxşılıqla uzaqlaşdırmağa, aradan qaldırmağa çalışıb. Heç vaxt pisliyə pislik ilə qarışıq verməyib. Əxlaq, fəzilət, davranış, ədəb baxımından da gözəl insandır. Bir dəfə olsun görməmişəm ki, o, zalımları, qafilləri, münafiqləri tərifləsin. Mütləq şəkildə doğru və dürüstdür. Kommunist haqqın hakimidir – fikri onun ictimai-siyasi fəaliyyətinin meyarıdır.
Qəlb qırmadan, heç kimi incitmədən, arxasınca danışmadan, yalan söyləmədən, hər kəsə sayğı və mərhəmətlə yanaşır. Özünün dediyi kimi bu onun kommunist xarakterindən irəli gəlir. Kapitalist hakimiyyəti dövründə insan olmaq çətin, yaxşı insan olmaq isə lap çətindir. Düzdür, Viktor Hüqo yazır ki, “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır”. Təəssüf ki, burjuaziyanın hakim olduğu yerdə ədalətdən söhbət gedə bilməz. Həyatını başqalarının yaşamını zəhər edərək parazit kimi yaşayan, insanların haqqına girən burjua məmurlarında heç vaxt ədalət hissi olmayıb və olmayacaq.-Sovet kadrları ilə kapitalistlərin hökmran olduğu cəmiyyətdə yaşamağa məhkum olanların davranışına nəzər yetirin – Ədalət Abdinov bizimlə söhbətində dedi - Ümumiləşdirmə aparmıram, ancaq böyük nisbət söhbəti var. Fərq ortadadır və bunu çox asan müəyyən etmək və görmək olur. Burjua məmurunun sizə qarşı çox da isti münasibəti və aşırı mərhəməti ilə qarşılaşmayacaqsınız. Sovet kadrları ilə onların fərqi əksər hallarda burjua məmurların ədalətsiz və haqqtapdayan hərəkətindədir. Baxın, rayon icra hakimiyyəti başçılarına, nazir və nazir müavinlərinə, yüksək ranqlı vəzifə sahiblərinə bir sözlə, burjua məmurlarına – onlar öz şəxsi mənafeyi naminə hər cür fırıldağa əl atırlar. Vəzifəli sovet kadrları isə ədalətli idi, başqasına zərər verməyi özünə ar bilərdilər. Kommunistlərin hakimiyyəti dövründə hər kəsə haqqı verilirdi və ən əsası layiq olduğu verilirdi. Kommunistlər ədalətli idi, bu o demək deyildi ki, hamı ilə eyni şəkildə davranılırdı yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşılırdı. Bilirsinizmi, bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil, yəni ədalətli olmasıdır. Əsil kommunistlər haqq və hüquq məsələsində hökm verərkən mütləq və mütləq neytral yanaşardılar. Hətta öz doğmaları, yaxınları əleyhinə belə olsa, ədalət prinsipindən vaz keçməzdilər. Stalinin müharibədə əsir düşmüş oğluna münasibətini yada salın. Prinsipial kommunistlər nə özünün, nə də yaxınlarının şəxsi istəklərinə uyğun hərəkət etməyiblər. Hadisə və situasiyalara mənfəət prizması ilə yox, haqq və ədalət prinsiplərini üstün tutaraq yanaşıblar.
Montaigne deyirdi ki, ədalətin olmadığı yerdə, əxlaq da yoxdur. Biz indi başa düşürük ki, Ədalət Abdinov kimi əqidəli kommunistlərin mübarizə apardığı kapitalizm qurluşunda əxlaqsızlığın miqyası gündən-günə niyə bu qədər genişlənir?! Çünki ədalət meyarı itib və bundan istifadə edən burjuaziya marağı naminə özünəməxsus xisləti ilə maddi gözləntilərlə cəmiyyətin “bazar iqtisadiyyatı” adlı hərc-mərcliyin, “demokratiya” adlı fırıldaqçılığın əsarətində olan fərdlərini məharətlə susdurur. Ədalət Abdinov və həmfikirliləri insanı əsarətə salan, onun vaxtına, ömrünə, həyatına ağır yük kimi düşən, ictimai-iqtisadi zülmün üzərində qurulan burjua qurluşu ilə barışmayıb, sosializmin həqiqət azadlığına yetmək üçün səbrlə, inamla yola davam edirlər. Yolunuz uğurlu olsun, yoldaş Abdinov!