Axtarış...

PREZIDENTƏ MƏKTUB CAVABSIZ QALDI

Tanınmış kommunist Ədalət Abdinov Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyən Qanunu rəhbər tutaraq, dövlət başçısı cənab İlham Əliyevə şikayət məktubu göndərmişdir. Lakin Prezident Administrasiyasında şikayətə baxılmamış, məktub cavabsız qalmış, bununla da o hesab edir ki, vətəndaş olaraq, müraciət etmək hüququ məhdudlaşdırılmışdır.
Bütün bunlarla əlaqədar Ədalət Abdinov tribuna-news.blogspot.com saytında öz haqlı narazılığını ictimailəşdirib. Bu mövzuda son vaxtlar vətəndaşların giley-güzarını, haqlı narazılığını nəzərə alaraq, Millitv.az həmin yazını təqdim edir:




-Bütün instansiyalardan keçib, qənaətbəxş cavab ala bilməyəndən sonra Prezident İlham Əliyevə bəslədiyim dərin inama görə Masallı rayonunun Bədəlan çay fabrikində həlli qanundan kənarda qalmış problem barədə müraciət etdim.

Birinci dəfə Prezident İlham Əliyevin elektron poçtuna yazdım. Aylar ötdü, cavab gəlmədi.
İkinci dəfə Prezident İlham Əliyevə “Azərpoct”un sifarişli vasitəsi ilə kağız formada müraciət etdim. Aylar ötdü, cavab gəlmədi.
Üçüncü dəfə Prezident İlham Əliyevin elekton poçtuna yazdım ki, müraciətimə niyə cavab verilmir? Yenə də həmin dalğa, həmin koordinat – cavab gəlmədi.

Cavab üçün nəzərdə tutulan vaxt və müddətdən xeyli ötəndən sonra başa düşdüm ki, haqlı müraciətim, icrasına cavabdeh dövlət qulluqçusu tərəfindən baxılmamış, diqqətdən kənarda qalmışdır. Vətəndaş olaraq, mənim Konstitusiya hüquqlarımın təminatçısı ölkə Prezidentidir və ona ünvanladığım müraciət cavabsız qalmamalı idi.Tam əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən vətəndaşların müraciətlərinin araşdırılmasını diqqət mərkəzində saxlayır və həmin sahədə dövlət orqanları və qulluqçuları qarşısında mühüm vəzifələr qoyur. Bu da həqiqətdir ki, Prezident ona ünvanlanmış minlərlə ərizə, şikayət, rəy və təkliflərə baxmağa fiziki gücü çatmaz. Bunun üçün Prezidentin Administrasiyasının yaxşı maaş alan, kifayət qədər işçisi var.

Əgər vətəndaşın dövlət başçısına müraciəti cavabsız qalırsa, demək Prezident Administrasiyasında müraciətlərin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasında nəzarətsizlik var. Vətəndaş müraciətinə laqeydlik isə bağışlanmaz haldır, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun və dövlət başçısı tərəfindən təsdiq edilmiş müvafiq normativ hüquqi aktların kobud şəkildə pozulması deməkdir.

Bir daha qeyd edirəm, bu onu təsdiq edir ki, Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti qənaətbəxş deyil, bununla əlaqədar aidiyyatı rəhbər işçilərdən məsuliyyət, cavabdehlik tələb olunmalıdır. Şikayət məktubuma baxmalı olan məmur öz vəzifə borcunu yerinə yetirməmiş, haqlı tələbimə diqqət və qayğı göstərməmiş və beləliklə, öz məsuliyyətini dərk etməmişdir. Təbii ki, sağlam zəmində qurulmuş Prezident - vətəndaş münasibətlərinə xələl gətirən belə xoşagəlməz hallarala, laqeydlik motivləri ilə bu sahədə fəaliyyətin yaxşılaşdırılması mümkün deyil.

Bir daha təəssüf edirəm ki, Prezident Administrasiyasında şikayətimlə bağlı nəzarət və icra intizamı olmamış, etika xətrinə bir quru cümlə ilə də olsa cavab yazılmamış, bununla da təkrar müraciət etməyimə şərait yaradılmışdır. Görünür, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yarıtmaz iş üslubunun kökləri burada hələ rişə verməkdədir.

Ədalət Abdinov
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz