Azərbaycanda klassik siyasi təşkilat olan Kommunist Partiyası yaranmasının 100 illiyini qeyd edir. Bu tarixi hadisə ilə əlaqədar müxbirimiz ölkəmizdə kommunist hərəkatının tarixini tərcümeyi halına çevirən, dəyərli solçuluq fikir və düşünsə ustası, sədaqətli sovet adamı, Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinovla görüşmüşdür. Ədalət Abdinov demişdir:
-1920-ci il fevralın 11-12-də Bakıda Fəhlə Klubu binasında Azərbaycan Kommunist təşkilatlarının I qurultayı olmuşdu. Qurultayda 120-yə yaxın nümayəndə iştirak edib. Qurultay 43 nəfərdən ibarət Mərkəzi Komitə seçib. Mərkəzi Komitənin birinci plenumunda Mirzə Davud Hüseynov Mərkəzi Komitə Rəyasət Heyətinin sədri seçilib. Qurultay fevralın 12-də təşkilati məsələni müzakirə etdi və bütün kommunist təşkilatlarını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası adı ilə birləşdirmək haqqında qərar qəbul etdi. Qurultaydan sonra Bakıda rayon partiya komitələri, 14 qəza partiya komitələri təşkil olundu.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasında ideya və təşkilat cəhətdən sıx birləşən kommunistlər 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qələbə çalmasını təmin etdilər – Ədalət Abdinov qeyd etdi - Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Həmin gün Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında N.Nərimanov başda olmaqla Azərbaycan SSR XKS təşkil olundu. V.İ.Leninin və RK(b)P MK-nın göstərişlərini rəhbər tutan AK(b)P respublikada Sovet hakimiyyətini möhkəmləndirmək işinə başladı. Bu vəzifənin yerinə yetirilməsində 1920-ci il mayın 5-də keçirilən birinci Ümumbakı partiya konfransının mühüm rolu oldu. Bakı partiya təşkilatı tərəfindən qəzalara göndərilən fəhlə nümayəndə heyətləri və partiya işçiləri kənddə yoxsul komitələrin yaradılması, ilk sosialist tədbirlərin həyata keçirilməsi və Sovet hakimiyyətinin möhkəmləndirilməsində fəal iştirak etdilər. Partiya təşkilatlarının möhkəmləndirilməsində AK(b)P-nin II qurultayı böyük rol oynadı. Kommunistlər kənddə işi yaxşılaşdırmaq məqsədilə “kəndli həftəsi”nin keçirilməsinə rəhbərlik etdilər. Trotskiçi ünsürlər pozuculuq fəaliyyətləri ilə partiyanın respublikada Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün gördüyü işlərə mane olmağa, AK(b)P sıralarının birliyini pozmağa, Bakı proletariatının kəndlilərlə ittifaqını sarsıtmağa çalışırdılar. AK(b)P-nin III qurultayı trotskiçiləri və müxalifətçiləri ifşa etdi.
Ədalət Abdinov bildirdi ki, V.İ.Leninin 1921-ci il 14 aprel tarixli “Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar respublikasındakı kommunist yoldaşlara” məktubunun AK(b)P-nin fəaliyyəti üçün böyük əhəmiyyəti oldu. Partiyanın MK-sı və şəxsən V.İ.Lenin Azərbaycan kommunistlərin fəaliyyətinə daim istiqamət verirdi. 1921-ci ilin iyulunda S.M.Kirov AK(b)P MK-nın birinci katibi seçildi. Həmin il oktyabrın 17-də RK(b)P MK-nın Siyasi Bürosu “Azərbaycan işçilərinə RK(b)P MK-nın direktivi”ni qəbul etdi. Respublikada Lenin milli siyasətinin düzgün həyata keçirilməsində bu sənədin böyük köməyi oldu. AK(b)P-nin IV qurultayı respublikada milli məsələnin həllində əldə edilən müvəffəqiyyətləri və partiyadaxili ixtilafların aradan qalxmaqda olduğunu qeyd etdi. AK(b)P Zaqafqaziya sovet respublikaları arasında tam milli sülh, möhkəm qardaşlıq ittifaqı yaratmaq, Sovet Rusiyası və digər sovet respublikaları ilə dostluğu möhkəmləndirmək üçün ardıcıl mübarizə aparırdı. AK(b)P ZSFSR-in yaradılması və onun SSRİ-yə daxil olması uğrunda mübarizənin bayraqdarlarından idi. AK(b)P-nin V qurultayı N.İ.Kalininin məruzəsini dinləyib, RK(b)P MK-nın Sovet Federasiyasının beynəlxalq və daxili vəziyyətini möhkəmləndirmək siyasətini bəyəndi.
AK(b)P-nin VI qurulyayı millətçi təmayülləri ifşa etdi – Ədalət Abdinov vurğuladı - Azərbaycan partiya təşkilatları RK(b)P XIII qurultayının qərarları əsasında kənddə işi gücləndirdi. 1925-ci ilin yanvarında AK(b)P MK kənddə iş məsələsi ilə məşğul olan xüsusi komissiya təşkil etdi. AK(b)P-nin VII qurulyayı bərpa dövründə Azərbaycan partiya təşkilatlarının əldə etdiyi müvəffəqiyyətlərə yekun vurdu. AK(b)P-nin VIII qurulyayı respublikada sosialist sənayeləşdirməsinin perspektivlərini müəyyənləşdirdi və kənd təsərrüfatı məsələlərini müzakirə etdi. Qolçamaq təsərrüfatlarını məhdudlaşdırmaq üçün konkret tədbirlər görüldü.
Respublikada kənd təsərrüfatın inkişaf etdirilməsi və kollektivləşməsi məsələləri AK(b)P-nin IX qurulyayında müzakirə edildi. Azərbaycan partiya təşkilatların işindəki nöqsanların aradan qaldırılmasında ÜİK(b)P MK-nın 1929-cu il 25 iyul tarixli xüsusi qərarının böyük rolu oldu. Qərar respublikada sovet və təsərrüfat orqanların fəaliyyətini yenidən qurub yaxşılaşdırmağa kömək etdi. Nəticədə sənaye, kənd təsərrüfatı və mədəni quruculuqda müvəffəqiyyətlər artdı. Respublikada kolxoz hərəkatının inkişaf etdirilməsində, sosializm quruculuğunun sürətləndirilməsi uğrunda mübarizədə AK(b)P-nin X qurulyayı böyük iş gördü.
Ədalət Abdinov qeyd etdi ki, AK(b)P-nin XI qurultayı “Kolxozlar uğrunda, qolçomoqlara qarşı!” şüarını irəli sürdü, XII qurulyayı respublika partiya təşkilatının təşkilatçılıq və rəhbər rolunu qeyd etdi, XIII qurultayı isə kommunizm quruculuğunun yeni mərhələsinə uyğun olaraq respublika partiya təşkilatlarının konkret vəzifələrini müəyyənləşdirdi. SSRİ-nin yeni Konstitusiyasına əsasən SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə seçkilər yüksək ideya-siyasi səviyyədə keçirildi. AK(b)P-nin XIV qurultayı seçiçilərə müraciət qəbul edərək, onları kommunistlərlə bitərəflər ittifaqı namizədlərinə səs verməyə çağırdı. AK(b)P-nin XV qurultayı respublika əməkçilərinin qüvvələrini üçüncü beşillik planını yerinə yetirməyə yönəltdi, XVI qurultay isə qeyd etdi ki, respublikada sosializm quruculuğundakı nailiyyətlər partiyanın baş xətti və onun Lenin milli siyasətinin möhkəm və ardıcıl surətdə həyata keçirilməsi sayəsində qazanılmışdır.
Faşist Almaniyasının ölkəmizə xaincəsinə hücumu, Böyük Vətən müharibəsinin başlanması (1941-1945) xalqımızın dinc quruculuq işini ləngitdi –Ədalət Abdinov partiyanın müharibə tarixinə toxundu - Müharibənin ilk günlərində ordu sıralarına könüllü ketmək üçün 40 min ərizə verildi, 150 mindən çox adam xalq qoşununa daxil oldu. Azərbaycan kommunistləri, həmişə olduğu kimi Vətəni öz sinəsi ilə müdafiə edənlərin ön sırasında idilər. AK(b)P xalq təsərrüfatını hərbi qaydada yenidən qurmaq və düşməni dəf etmək üçün xalqın qüvvələrini, respublikanın ehtiyatlarını səfərbərliyə aldı.
Müharibə qurtardıqdan sonra AK(b)P-nin VII qurultayı respublika iqtisadiyyatının hərbi yoldan dinc yola keçirilməsinin planlı qaydasını müəyyənləşdirdi – Ədalət Abdinov partiyanın müharibədən sonrakı fəaliyyəti barədə məlumat verdi - Partiyada təşkilat və ideoloji işin səviyyəsinin yüksəlməsi, xalq təsərrüfatının inkişafı uğrunda mübarizədə kommunistlərin avanqard rolunun artması AK(b)P-nin XVIII qurultayında xüsusilə qeyd edildi.
AK(b)P-nin XIX qurultayı partiya təşkilatlarının fəaliyyətini təhlil edərək, respublika qarşısında duran yeni vəzifələri müəyyən etdi. 1952-ci ilin oktyabrında çağırılmış ÜİK(b)P-nin XIX qurultayının qəbul etdiyi qərara əsasən partiyanın adı dəyişdirilib Sov.İKP, AK(b)P isə buna müvafiq olaraq Azərbaycan Kommunist Partiyası (AKP) adlandı.
Müstəqillik illərində partiyanın fəaliyyəti ilə bağlı Ədalət Abdinov bunları dedi: Azərbaycan Kommunist Partiyası SSRİ-yə rəhbərlik etmiş M.Qorbaçovun satqınlığı və xəyanəti sayəsində 16 sentyabr 1991-ci ildə süquta uğramasına baxmayaraq, mətin kommunist Ramiz Əhmədovun zəhməti ilə 1994-cü ildə rəsmi dövlət qeydiyyatından keçmişdir.