Ədalət Abdinov,
“Kommunist” onlayn qəzetinin baş redaktoru
Koronavirus pandemiyası dərinləşməkdə olan dünya kapitalizmin böhranında inhisarların hökmranlanlığının saxlanılması və möhkəmləndirilməsinə hesablanıb. Çünki kapitalizmin ümumi böhranı şəraitində imperialist burjuaziyanın mövqeləri açıq-aşkar laxlanmaqdadır. Ümumi böhran isə imperializm mərhələsində kapitalist istehsal üsulunun daxili ziddiyyətlərinin genişlənməsinin qanunauyğun nəticəsidir.
Hələ 1947-ci ildə İosif Stalin yazırdı ki, kapitalizm özünü xilas etməkdən ötrü hər cür vasitədən, o cümlədən insanların kütləvi qırğınına səbəb olan öldürücü virus kimi bioloji silahlardan da istifadə etməkdən çəkinməyəcəkdir. 73 ildən sonra Stalinin dedikləri öz təsdiqini tapdı. Kapitalizmin özəyi sayılan böyük güc sahibləri əkslərinə olan sosial sistemin qarşısında mövqelərinin zəiflədiyini hiss etdikləri və ozlərinin xilası üçün yardımçı ola biləcək təhlükəli koronavirusu yaydılar.
Sovet sosialist dövlətinin süqutundan sonra kapitalizm bütün dünyanı bürüyən yeganə sistem oldu. Pandemiya dövrü isə kapitalist ölkələrinin burjua cəmiyyətini sarsıtmaqda olan böhrana yeni nəfəs verdi. Bunu böyük qüvvələrin siyasi texnoloqların iyrənc “nailiyyəti” saymaq olar. Açıq demək lazımdır ki, koronavirus beynəlxalq imperializmin düşünülmüş, planlı şəkildə istifadə etdiyi zərbə qüvvəsidir. İnsan həyatını məhv edən dəyişikliklər kapitalizmə hava və su kimi lazımdır. Digər tərəfdən koronavirus pandemiyası kapitalist sənaye istehsalının tənəzzülündən, valyuta, ekoloji və xammal böhranlarının kəskin dərəcədə şiddətlənməsindən onu nisbətən xilas etdi.
Az xərclə çox gəlir əldə etmək kapitalizmdə çox vacibdir. Pandemiya da işçilərin ixtisarına səbəb ola biləcək avtomatlaşdırma üçün yeni şərait yaratdı. Bir sözlə, robotlaşma başlanıb. Məhsulları çatdıran kuryer robotlar, hərarət ölçən, ultrabənövşəyi dezinfeksiya robotları fəaliyyətdədir. “McDonald’s”da kassiri və aşpazı robotlar əvəz edəcəkdir. “Amazon” isə artıq işçiləri ixtisar edib, onların əvəzinə robotlarlar çalışır.Koronavirus pandemiyası insanları evə bağladı. Təhsil, fitnes, əyləncə - hər şey onlayn rejimə köçüb. Bu mexanizm də aidiyyatı kapitalistlərə mənfəət gətirir.
Kapitalizmin xüsusi bəhrələndiyi rəqəmsal texnologiyaların inkişafı üçün koronavirus pandemiyası yeni pəncərə açdı.
İmperializm ziddiyyətlərini, xüsusilə məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı kəskinləşən ziddiyyətləri yumşaltmaq üçün süni intellektə meyli artırıb. Artıq bir çox mağaza onlayn müştəriləri xidmətlərini insanlara yox, çat-botlara (süni intellektə) etibar edir. Həmin çat-botlar eyni anda minlərlə müştəriyə cavab vermək gücündədirlər.Koronovirus dövründə genişlənən distant iş isə kapitalizmin canlı ünsiyyətdən imtina formasıdır. Bu formanın “Zoom” və “Google Meet” kimi tətbiqlərin sahibləri milyonlar qazanırlar. Burada da kütləvi ixtisarlar danılmazdır. 45 minlik “Facebook” personalına müraciət edən Mark Sukerberq 5-10 il sonra əməkdaşların yarısının distant işləyəcəyini vurğulayıb, yəni qalanı ixtisar olunacaq.
Koronavirus pandemiyası kapitalizmə nisbi iqtisadi yüksəlişi stimullaşdırmağa imkan verdi. Lakin bu, kapitalizmin bir ictimai sistem kimi sabitləşməsinə doğru apara bilmədi və həqiqətdə də apara bilməz. Əksinə, onun daxili ziddiyyətlərini daha da dərinləşdirdi.Kapitalistlər insanların fəlakətindən də qazanc güdürlər. Pandemiya dövründə maskalar viruslardan qorunma vasitəsindən dəbdəbə aksesuarına keçib. Artıq brendlərin əksəriyyəti dəbdəbəli maskalar tikməyə başlayıb. Bu da sahibkarlara mənfəət gətirir.
Xəstəxanalarda, poliklinikalarda, bir sözlə tibb müəssisələrində çoxsaylı həkimlər, orta ixtisaslı tibb işçiləri çalışır. Əksəriyyət insanlar koronavirus dövründə xəstəxana və klinikalara getməyi risq saydılar, bunu burjua təbliğatı da onlara aşıladı. İnsanlar xüsusilə meqapolis sakinləri teletibbə sövq edildi. Məqsəd həkimlərin sayını azaltmaq və xəstəxana və poliklinikaları məhdudlaşdırmaqdır.Məlumdur ki, getdikcə məhsuldar qüvvələrin daha çox ictimai xarakter almasına maraq güclüdür. Bu da inhisarçı kapitalın artmaqda olan tam hakimiyyətliliyi ilə səciyyələnən istehsal münasibətləri arasındakı ziddiyyəti kəskinləşdirir. Koronavirus dövrü kapitalist təsərrüfatının getdikcə daha da dağıdıcı xarakter alan böhranlar qarşısında müvəqqəti çəpərdir.
Pandemiya vaxtı əsası qoyulan ənənəyə rəğmən ticarət sektorunda işçi sayının kütləvi azaldılması istisna olunmur, çünki e-ticarət üstünlük təşkil
edəcək. Çatdırılma prosesində insanın rolu məhdudlaşdırılır, işin bir hissəsini dronlar görəcək. “Google”, “Amazon” və digər şirkətlər ya artıq bu prosesi işə salıblar. Vasitə rolunda olan “Ebay” kimi satış platformalarda e-ticarət mövcuddur. Yəni fiziki şəxsə digər fiziki şəxsə öz məhsulunu satır, əlavə heç bir hüquqi prosedurlar - məsələn, çeklər olmur.Kapitalizmin yaşaması üçün identifikasiyaya malik texnologiyalar zəruridir, koronavirus dövrü də bu şəraiti onlar üçün yaratdı. Onlayn alver, maliyyə əməliyyatları və ya sənədlərin imzalanması kimi rəqəmsal kimlik kapitalistlərə az xərclə çox mənfəət verir. Ona görə də kapitalizm şəraitində kimliyin distant təsdiqi həyatın bütün xidməti sahələrinə daxil ediləcəkdir.
Ən mühüm budur ki, indiki böhran dövlət-inhisarçı iqtisadiyyatın, müasir burjuaziyanın öz çətinliklərinə qarşı çarə kimi baxdığı bütün uyğunlaşma siyasətinin imkanların məhdudluğunu, daxili ziddiyyətlərinin tam aydınlığı ilə göstərdi. Kapitalizmin böhransız inkişaf imkanı haqqında burjua və reformist nəzəriyyələri koronavirus dövründə bir daha tamamilə boşa çıxdı.