“Biləcəri Təmir Quraşdırma” QSC ilə “Cənnət Park” Mənzil-Tikinti Kooperativi arasında dəyəri 2 milyon manat olan 2100 ədəd boruya görə uzun müddətdir davam edən məhkəmə çəkişməsi var. Mübahisəyə bir neçə dəfə Bakı Apelyasiya Məhkəməsində, Ali Məhkəmədə baxılıb, iş gedib Konstitusiya Məhkəməsinə də çıxıb. Amma yenə də problem həllini tapmayıb.
Mübahisə predmeti olan borular 16 saylı Trestə məxsus olub. Bu qurumun da “Biləcəri Təmir Quraşdırma” QSC-yə 6.5 milyon borcu olub. Tərəflər arasındakı bu məsələ 2015-ci ildə məhkəmədə araşdırılıb. Hakim 16 saylı Trestin şirkətə 6 milyon 468 min 936 manat ödəməsinə qərar verib. Bu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Trestə məxsus əmlakın - 2100 ədəd borunun üzərinə həbs qoyulub. Qiymətləndirmə aparan şirkət boruların 2 milyon manat dəyəri olması haqda rəy verib.
Bundan sonra “Cənnət Park” MTK iddia edib ki, sözügedən borular ona məxsusdur. Çünki 2014-cü ildə 16 saylı Trestin direktoru ondan 2 milyon manat borc götürəndə boruları girov qoymuşdu.
Bu məsələ də məhkəmə müstəvisinə çıxıb, “Cənnət Park” MTK iddia qaldırıb. Bu çəkişmə gedib Ali Məhkəməyə çıxıb. 2017-ci ilin yayında Ali Məhkəmə belə nəticəyə gəlib ki, borular “Biləcəri Təmir Quraşdırma” QSC-nin əmlakıdır.
“Cənnət Park” MTK yenidən məhkəməyə üz tutub. Bu dəfə iddia tələbi boruların geri qaytarılması olub. Birinci və apelyasiya instansiyalarından sonra bu çəkişmə də Ali Məhkəməyə gedib çatıb. 2019-cu ilin yanvarında məsələni araşdıran Ali Məhkəmə bu dəfə fərqli nəticəyə gələrək, qərar çıxarıb ki, borular “Cənnət Park”a verilsin.
“Biləcəri Təmir Quraşdırma” QSC Ali Məhkəmənin eyni məsələ ilə bağlı iki fərqli qərarının mövcudluğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinə üz tutub. Şirkət rəhbərliyi xahiş edib ki, Konstitusiya Məhkəməsi bir-birinə zidd olan bu iki qərarla bağlı şərh versin, hansının əsas götürülməli olduğu aydınlaşsın.
Konstitusiya Məhkəməsinin Plenumu işə baxaraq belə nəticəyə gəlib ki, Ali Məhkəmənin 20 yanvar 2019-ci il tarixli (boruların “Cənnət Park” MTK-ya verilməsi-red.) qərarı qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin bu işə yenidən baxması haqda da qərar çıxarılıb.
Ali Məhkəmə bu məsələyə yenidən baxaraq, bu dəfə fərqli qərar çıxarıb. Apelyasiya məhkəməsinin qərarını ləğv edib. İş təkrar araşdırma aparılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya məhkəməsində hakim Cahangir Yusifovun sədrliyilə işə baxılıb və qərar çıxarılıb ki, borular “Biləcəri Təmir Qurаşdırmа” QSC-dən alınsın.
“Biləcəri Təmir Qurаşdırmа” QSC bu qərardan narazı qalaraq, yenidən Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətə iyulun 23-də baxılacaq.
Şirkətin rəhbəri Nazim Tahirov deyir ki, apelyasiya instansiyası Konstitusiya Məhkəməsinin qərarına zidd nəticəyə gəlib: “Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilib ki, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Amma aşağı instansiya məhkəmələri məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya salmır”.
Nazim Tahirovun sözlərinə görə, o, baş verənlərlə əlaqədar Ədliyyə Naziriliyinə, Məhkəmə-Hüquq Şurasına və başqa dövlət orqanlarına şikayətlər göndərib. Amma ona cavab verilməyib.
“Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarında yazılıb ki, Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığına görə Ali Məhkəmənin qərarı qüvvədən düşmüş hesab olunur. Vurğulanıb ki, bu qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Amma Bakı Apelyasiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin bu qərarını faktiki saya salmır”, - iş adamı prezidentə məktubunda yazıb.