…Dünən «Biləcəri Təmir Quraşdırma» QTSC-nin rəhbərliyi «Təzadlar» qəzetinin redaksiyasında oldu. Sədrin müavini Şakir Əliyevin və QTSC-nin digər rəhbər işçilərinin, eləcə də redaksiyanın hüquqşünasının iştirakı ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin kollektivin başına açdığı oyunlar, hakimin «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunu necə ələ salıb təhqir etməsi, bir sözlə, hakimin hakim adına yaraşmayan hərəkətləri və s. geniş müzakirə olundu. Bütün söhbət və müzakirələr videolentə alınıb, yayımlanacaq.
Xatırladırıq ki, müzakirələrdə yalnız rəsmi sənədlərə və mötəbər maddi sübutlara, yuxarı instansiya məhkəmə qərarlarına istinad olunub. Jurnalist olaraq, sadcə, hakim Aidə Hüseynin inzibati mübahisədə özünün və qarşı tərəfin mənafeyinə uyğun qərarlar qəbul etməsi üçün hansı saxtakarlıqlara əl atdığını görəndə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevin yerinə xəcalət çəkməli olduq. Ona görə ki, məhz baş verən hakim qanunsuzluğu və özbaşınalığına sədr münbit şərait yaratmış, bu qanunsuzluğa aşkar şəkildə şəriklik etmişdir. Bu barədə az sonra.
«Biləcəri Təmir Quraşdırma» QTSC-nin rəhbərliyi: «Rəşid müəllim, axı Sizin atanız, tanınmış prokuror, mərhum Şükür Rzayev çox ədalətli insan idi, amma Siz…»
Qısaca olaraq məlumat verək ki, «Biləcəri Təmir Quraşdırma» QTSC-nin rəhbərliyi dünən həm də ölkə Prezidenti cənab İlham Əliyevə, ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciətinin surətini redaksiyamıza təqdim etdi. Lakin qarşılıqlı müzakirələrdən sonra məsləhət bilindi ki, əvvəlcə baş verənlərlə bağlı 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevə ünvanlı «Açıq məktub»u təqdim edək.
Beləliklə, oxucuları əvvəlcədən təlimatlandırmaq üçün qısaca deyək ki, şikayətə səbəb «Biləcəri Təmir Quraşdırma» QTSC ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti arasında bağlanmış müqavilə şərtlərinin ikincinin tərəfindən pozulmasıdır. Belə ki, QTSC təhvil verdiyi dəmir boruların pulunu 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən ala bilmədiyindən, «Biləcəri Təmir Quraşdırma» QTSC-nin rəhbərliyi qanunun tələblərini nəzərə alaraq məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin 10.02.2015-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən «Biləcəri Təmir Quraşdırma» QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilmişdir.
Diqqət edin, bu qərarı məhz hakim Aidə Hüseyn çıxarmışdır. Qarşı tərəf bu qərardan şikayət vermişdir və təsəvvür edin, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəmənin həmin qərarı qüvvədə saxlanılmışdır. Amma sonradan hakim Aidə Hüseyn həm müqəddəs dini kitabımız Qurana, həm də Konstitusiyamıza yaraşmayan addımlar atmağa başlamış, hətta Ali Məhkəmənin qərarının belə icrasını pozmaq üçün oturub-fikirləşib uduzan tərəfə saxta sənədlər tapıb ortayam çıxarmaqda kömək edərək qanunsuz qərardadlar qəbul etməyə səy göstərmişdir.
Bütun baş verənləri təhlil edərək, hesab etdik ki, «Biləcəri Təmir Quraşdırma» QTSC rəhbərliyinin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevə ünvanlı «Açıq məktub»unu mütləq qaydada dərc etmək lazımdır. Çünki dövlətimizin adından qərarlar qəbul edən, insanların, kollektivlərin taleyini bu qərarlardan asılı edən hakimlərin kimliyi və məqsəd-məramı ölkə ictimaiyyətinə, Azərbaycanın rəhbərliyinə bəlli olmalıdır:
1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevə!
Çox hörmətli Rəşid müəllim!
Sizə məlumdur ki, fəaliyyətimiz dövründə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbərliyi aramızda bağlanmış müqavilə şərtlərini pozaraq təhvil verdiyimiz dəmir boruların pulunu ödəmədiyindən, tərəfımizdən məhkəmədə iddia qaldırılmışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin (hakim Aidə Hüseyn) 10.02.201.5-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən «Biləcəri Təmir Quraşdırma» QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilmişdir. Bununla bağlı, Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin gedişində bizə borclu olan 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə məxsus 2100 ədəd boru müəyyən edilərək həmin borularm üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, həmin borular 2.081.820 manat dəyərində qiymətləndirilmiş, borcun əvəzində bizə təklif edilmişdir. Təklif tərəfimizdən reallıqda zəruri hal kimi müsbət qəbul edildiyindən həmin dəmir borular icra məmurları tərəfmdən aktlaşdırılmaqla məhkəmə qətnaməsinə əsasən «Biləcəri Təmir-Quraşdırma» QTSC-yə ödənilməli olan borcun bir hissəsinin əvəzi olaraq «Biləcəri Təmir-Quraşdırma» QTSC-nin mülkiyyətinə verilmişdir.
Sonradan «Cənnət Park» MTK adlı bir qurum dəmir boruların guya onlara məxsus olmasını əsas gətirməklə həmin işə maraqlı şəxs qismində qoşulmuşdur (sonradan bizə məlumat çatmışdır ki, bu qurama iddiaçılığı məhz hakim Aidə Hüseyn borcluya başa salmışdır). Nəticədə adı çəkilən MTK məlum məhkəmə qərarlarını mübahisələndirmişdir.
1 Saylı İnzibati-İqtisadi Məhkəmədə nə baş verir?-ŞOK SÜBUTLAR
Bizi dəhşətə gətirən isə budur ki, əvvəlcə xeyrimizə qərar qəbul etmiş hakim Aidə Hüseyn az keçmiş necə oldu ki, bütün qanuni tələbləri bir kənara ataraq, Allahını və qanunları danaraq saxta və qurama iddiaçının ərizəsini icraata qəbul etmiş, sonra onun əsasında bu dəfə ziddimizə qərar qəbul etmişdir?
«Biləcəri Təmir-Quraşdırma» QTSC-nin rəhbərliyi hakimin bu özbaşınalığından sonra Sizinlə görüşmüşdür. Mən istəmirəm Sizin həmin görüşdə «Biləcəri Təmir-Quraşdırma» QTSC-nin rəhbərinə söylədiklərinizi, hakim özbaşınalığını etiraf edən sözlərinizi təkrarlayım. Amma çox təəssüflər olsun ki, Siz bir daha hakimin belə qanunsuzluqlara yol verməyəcəyinə söz versəniz də, sözünüzü tutmadınız, Azərbaycan dövlətinin, ölkə Prezidentinin Sizə olan etimadını yerə vurdunuz.
Hörmətli Rəşid müəllim!
Bilirsiniz ki, yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həmin dəmir borular heç bir halda «Cənnət Park» MTK-ya aid deyildir, «Biləcəri Təmir Quraşdırma» QTSC-nin mülkiyyətinə verilmişdir, onun mülkiyyəti hesab olunur. Onu da bilirsiniz ki, «Cənnət Park» MTK rəhbərliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli həmin qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verilmiş şikayəti Konstitusiya Məhkəməsi tərəfindən icraata qəbul olunmasından imtina edilmişdir.
Siz onu da bilirsiniz ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən və Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin yekunu olaraq adı çəkilən dəmir borular «Biləcəri Təmir- Quraşdırma» QTSC-nin mülkiyyətinə verilmişdir.
Hörmətli Rəşid müəllim!
Onu da bilməmiş deyilsiniz ki, qeyd edilən dəmir borularla bağlı məhkəmə mübahisələri başa çatdıqdan sonra hakim Aidə Hüseyn yenə də inadından əl çəkməmiş, məqsədinə çatmaq üçün qanunsuz əməllərinə son verməmiş, «Cənnət Park» MTK müxtəlif məzmunlu iddia ərizələri ilə bizə qarşı məhkəmə çəkişməsinə başlamışdır. Demək olar ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bütün hakimləri həmin o qondarma, müxtəlif qurama məzmunlu iddialara baxmışdır və hər dəfə «Cənnət Park»ın iddiaları rədd edilmişdir. Yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseyn ilk gündən bizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir və Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin qərarlarını və qanunların tələblərini nəzərə almayaraq, yalnız «Cənnət Park» MTK-nın mənafeyini güdməklə, haqsız olaraq onların əsassız iddialarını təmin edən qərarlar qəbul etmişdir. Belə ki, sonuncu dəfə Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində işə baxıldıqdan sonra, hakim Aidə Hüseyn heç bir əsas olmadan «Cənnət Park» MTK-nın saxta ərizəsinə əsasən, bizim mülkiyyətimizdə olan dəmir boruların üzərinə həbs qoymuşdur. Tərəfimizdən həmin qərardan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hakim Aidə Hüseynin qərarı heç bir hüquqa və məntiqə əsaslanmadığından ləğv edilmişdir.
Biz güman edirdik ki, artıq bundan sonra hakim Aidə Hüseyn hər hansı bir qanunsuz və əsassız addımlar atmayacaq, özünə aid olmayan, hakim adına yaraşmayan işlərə könül verməyəcək. Hətta bilirsiniz ki, dəfələrlə hakim Aidə Hüseyn barədə Sizə şikayətlər də etmişik ki, tədbir görün, hakim özbaşınalığının qarşısını alın. Lakin əksinə, hakim Aidə Hüseyn sonuncu dəfə 24.07.2018-ci il tarixdə növbəti bir qanunsuzluğa əl atmışdır. Belə ki, qəbul etdiyi qərarın Bakı Apellyasiya Məhkəməsində ləğv edilməsinə heç bir məhəl qoymadan, o, bu dəfə mülkiyyətimizdə olan dəmir boruların «Cənnət Park» MTK-ya verilməsinə dair qərar qəbul etmişdir.
Rəşid müəllim! Biz bilmirik, hakim Aida Hüseyn bununla nə demək istəyir?! Amma onun qəbul etdiyi bu qərarla ortaya qoyduğu haqsızlıq və qanunsuzluq təkcə onunla təsdiq edilir ki, məhz onun tərəfındən hələ 2015-ci ildə qəbul edilmiş qərarlara əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestin bizə 6.468.936 manat borclu olması, borcun əvəzində dəmir boruların aşkar edilməsi, həmin dəmir boruların üzərinə həbs qoyulması və borc əvəzinə bizim mülkiyyətimizə verilməsi qərara alınmışdır. Lakin maraqlıdır, üç ildən sonra hakim Aidə Hüseyn öz mövqeyini 360 dərəcə dəyişərək həmin dəmir boruların «Cənnət Park»a verilməli olması barədə qərarı necə qəbul etmişdir?
Hörmətli Rəşid müəllim!
Sizin atanız, Azərbaycanın tanınmış prokurorluq işçisi, mərhum Şükür Rzayev olduqca prinsipial, ədalətli bir insan idi. Amma indi biz təəccüb qalmışıq, elə bir şəxsiyyətli, ədalətli və prinsipial prokurorun oğlu niyə belə mövqe sərgiləyir, tabeliyində olan hakimin nazı ilə niyə oynayır???
Hakim Aidə Hüseyn tərəfindən bu formada mövqe dəyişikliyi, özünün əvvəllər qəbul etdiyi qərarları, sonradan həmin iş üzrə Ali Məhkəmə və Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarları nəzərə almadan, yalnız «Cənnət Park» MTK-nın haqsız mövqeyini güdən qərar qəbul etməsi heç cürə başa düşülən deyildir. Bununla da, artıq dəfələrlə məhkəmə mübahisəsinin predmeti olmuş, xeyrimizə yekun qərarlar qərar qəbul edilməklə mülkiyyətimizdə olan əmlakın əlimizdən alınaraq heç bir aidiyyəti olmayan şəxslərə verilməsinə cəhdlər edilir. Bütün bunlar onu təsdiq edir ki, hakim Aida Hüseyn iş üzrə sübutlara əsasən deyil, qarşı tərəfin sifarişi və xahişi… ilə təmənnalı qərarlar qəbul etmişdir. Siz də bilirsiniz ki, məhz onun diqtəsi və məsləhəti ilə «Cənnət Park» MTK adlı bir saxta iddiaçı ortaya atılmışdır. Guya həmin borular vaxtilə bu MTK-ya verilmişdir, hətta tərəflər arasında bağlanmış hansısa saxta müqavilə var imiş və hakim Aidə Hüseynin baxdığı iş materiallarında peyda olmuşdur. Buyurun, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində bu barədə yazılır: «…Müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, «Cənnət Park» MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, «Cənnət Park» MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə «MKM-Mənzil Tikinti Kooperativi»nin hüquqi varisi olan «Cənnət Park» MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir».
Sual olunur: əgər belə bir iddiaçı və ya borc müqaviləsi, hüquqi varis var idisə, niyə hakim Aidə Hüseyn 3 il əvvəl bizim iddiaya baxıb xeyrimizə qərar verərkən ortaya çıxmamışdır, çıxarılmamışdır???
Beləliklə, hakim Aida Hüseyn tərəfindən qəbul edilən qanunsuz qərarla Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarımız kobud şəkildə pozulmuşdur. Bu cür əsassız qərarlar qəbul etməklə, Azərbaycan Prezidenti İlham Əliyevin iş adamları üçün ölkədə yaratdığı münbit şəraitin üzərinə qapqara kölgə salan bir hakimin öz vəzifəsində qalması yenidən bizim kimi şəxslərə qarşı bu cür əsassız qərarlar qəbul etməsinə səbəb olacaq. Hakim Aidə Hüseynin bu hərəkəti ümumilikdə məhkəmə sisteminə bir ləkədir, inanırıq ki, baş verənlərdən nəticə çıxarılacaq və hakimin barəsində lazımi tədbirlər görüləcəkdir.
Onu da xatırladırıq ki, biz hakimin qəbul etdiyi həmin qanunsuz və əsassız qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik. İnanırıq ki, Aidə Hüseyn gec də olsa, hakim adına hörmətsizlik gətirən əməllərindən əl çəkəcəkdir.
Dərin hörmətlə:
Şakir Əliyev,
«Biləcəri Təmir-Quraşdırma» QTSC-nin sədr müavini
Redaksiyadan: İnanırıq ki, qeyd olunan problemə nəhayət, tezliklə son qoyulacaq və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin imicinə ağır zərbə vuran hakim Aidə Hüseynin barəsində elə bu səviyyədə də ölçü götürüləcək.
Problem nəzarətimizdədir, mövzuya qayıdacağıq.
«Təzadlar»