“Təzadlar”ın ötən saylarında “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı müraciətini təqdim etmişdik. Həmçinin oxşar şikayət və müraciət tədbir görülməsi üçün Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Ali Məhkənin sədri cənab Ramiz Mehdiyevə, Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Bakı Apellyasiya məhkəməsinin sədri cənab İman Nağıyevə, eləcə də ədliyyə nazirinin müavini cənab Azər Cəfərova göndərilmişdi. Müraciətlərin Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Ali Məhkənin sədri cənab Ramiz Mehdiyevə, Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, eləcə də ədliyyə nazirinin müavini cənab Azər Cəfərova çatdığı və qəbul edilməsi barədə rəsmi açıqcalar redaksiyaya daxil olmuşdur. İnanırıq ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn barədə olan şikayət xarakterli müraciəti ciddi araşdırılacaq və hakim qanunvericiliyin tələbləri çərçivəsində cəzalandırılacaq.
***
Xatırladırıq ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin ədliyyə naziri Fikrət Məmmədova müraciətində deyilirdi:
Hörmətli Fikrət müəllim!
Ədalətliliyinizi və obyektivliyinizi nəzərə alaraq bu müraciəti diqqətinizə çatdırırıq. Şikayətimiz 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn barədədir. Şikayətə səbəb odur ki, “Biləcəri Təmir Quraşdırma” QTSC ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti arasında bağlanmış müqavilə şərtləri ikincinin tərəfindən pozulduğundan QTSC təhvil verdiyi dəmir boruların pulunu 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən ala bilmədiyindən, qanunun tələblərini nəzərə alaraq məhkəmədə iddia qaldırdıq. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin (hakim Aidə Hüseyn) 10.02.2015-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilmişdir. Bir daha diqqətinizə çatdırırıq ki, bu qərarı Aidə Hüseyn çıxarmışdır. Qarşı tərəf bu qərardan şikayət vermişdir və sonda Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəmənin həmin qərarı qüvvədə saxlanılmışdır. Amma sonradan hakim Aidə Hüseyn həm müqəddəs dini kitabımız Qurana, həm də Konstitusiyamıza yaraşmayan addımlar atmağa başlamışdır. O, hətta Ali Məhkəmənin qərarının belə icrasını pozmaq üçün oturub-fikirləşib uduzan tərəfə saxta sənədlər tapıb ortaya çıxarmaqda kömək edərək qanunsuz qərardadlar qəbul etməyə səy göstərmişdir. Təkrar edirik, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin (hakim Aidə Hüseyn) 10.02.201.5-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilmişdir. Bununla bağlı, Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin gedişində bizə borclu olan 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə məxsus 2100 ədəd boru müəyyən edilərək həmin boruların üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, həmin borular 2.081.820 manat dəyərində qiymətləndirilmiş, borcun əvəzində bizə təklif edilmişdir. Təklif tərəfimizdən reallıqda zəruri hal kimi müsbət qəbul edildiyindən həmin dəmir borular icra məmurları tərəfindən aktlaşdırılmaqla məhkəmə qətnaməsinə əsasən “Biləcəri Təmir-Quraşdırma” QTSC-yə ödənilməli olan borcun bir hissəsinin əvəzi olaraq “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mülkiyyətinə verilmişdir.
Sonradan “Cənnət Park” MTK adlı bir qurum dəmir boruların guya onlara məxsus olmasını əsas gətirməklə həmin işə maraqlı şəxs qismində qoşulmuşdur (sonradan bizə məlumat çatmışdır ki, bu qurama iddiaçılığı məhz hakim Aidə Hüseyn borcluya başa salmışdır). Nəticədə adı çəkilən MTK məlum məhkəmə qərarlarını mübahisələndirmişdir.
Bizi dəhşətə gətirən isə budur ki, əvvəlcə xeyrimizə qərar qəbul etmiş hakim Aidə Hüseyn az keçmiş bütün qanuni tələbləri bir kənara ataraq, Allahını və qanunları danaraq saxta və qurama iddiaçının ərizəsini icraata qəbul etmiş, sonra onun əsasında bu dəfə ziddimizə qərar qəbul etmişdir.
“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərliyi hakimin bu özbaşınalığından sonra məhkəmənin sədri Rəşid Rzayevlə görüşmüşdür. R.Rzayev həmin görüşdə hakim özbaşınalığını etiraf edərək təəssüfləndiyini bildirmişdir. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, baş verənlərə elə sədrin özü şərait yaradır. Buna çox təəssüf edirik!
Yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həmin dəmir borular heç bir halda “Cənnət Park” MTK-ya aid deyildir, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətinə verilmişdir, onun mülkiyyəti hesab olunur. Onu da bildiririk ki, “Cənnət Park” MTK rəhbərliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli həmin qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verilmiş şikayəti də Konstitusiya Məhkəməsi tərəfindən icraata qəbul olunmadı, imtina edilmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən və Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin yekunu olaraq adı çəkilən dəmir borular “Biləcəri Təmir- Quraşdırma” QTSC-nin mülkiyyətinə verilmişdir.
Hörmətli Fikrət müəllim!
Qeyd edilən dəmir borularla bağlı məhkəmə mübahisələri başa çatdıqdan sonra hakim Aidə Hüseyn yenə də qərəzliliyindən əl çəkmədi, məqsədinə çatmaq üçün qanunsuz əməllərə könül verdi. Onun diqtəsi ilə “Cənnət Park” MTK müxtəlif məzmunlu iddia ərizələri ilə bizə qarşı məhkəmə çəkişməsinə başlamışdır. Demək olar ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bütün hakimləri həmin o qondarma, müxtəlif qurama məzmunlu iddialara baxmışdır və hər dəfə “Cənnət Park”ın iddiaları rədd edilmişdir. Yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseyn ilk gündən bizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir və Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin qərarlarını və qanunlarımızın ali tələblərini nəzərə almayaraq, yalnız “Cənnət Park” MTK-nın mənafeyini güdməklə məşğul olmuşdur. Buna nə ad verək?
Sonuncu dəfə Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində işə baxıldıqdan sonra, hakim Aidə Hüseyn yenə də heç bir əsas olmadan “Cənnət Park” MTK-nın saxta ərizəsinə əsasən, bizim mülkiyyətimizdə olan dəmir boruların üzərinə həbs qoymuşdur. Tərəfimizdən həmin qərardan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hakim Aidə Hüseynin həmin qərarı heç bir hüquqa və məntiqə əsaslanmadığından ləğv edilmişdir.
Cənab nazir!
Biz güman edirdik ki, artıq bundan sonra hakim Aidə Hüseyn hər hansı bir qanunsuz və əsassız addımlar atmayacaq, özünə aid olmayan, hakim adına yaraşmayan işlərlə məşğul olmayacaq. Hətta dəfələrlə hakim Aidə Hüseyn barədə təmsil olunduğu məhkəmənin sədri Rəşid Rzayevə şikayətlər də etmişik ki, tədbir görsün, hakimin özbaşınalığının qarşısını alsın. Lakin əksinə, hakim Aidə Hüseyn inadından əl çəkməmişdir və 24.07.2018-ci il tarixdə növbəti bir qanunsuzluğa əl atmışdır. Belə ki, qəbul etdiyi qərarın Bakı Apellyasiya Məhkəməsində ləğv edilməsinə heç bir məhəl qoymadan, o, bu dəfə mülkiyyətimizdə olan dəmir boruların “Cənnət Park” MTK-ya verilməsinə dair qərar qəbul etmişdir.
Biz bilmirik, hakim Aida Hüseyn bununla nə demək istəyir?! Amma onun qəbul etdiyi bu qərarla ortaya qoyduğu haqsızlıq və qanunsuzluq təkcə onunla təsdiq edilir ki, məhz onun tərəfındən hələ 2015-ci ildə qəbul edilmiş qərarlara əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestin bizə 6.468.936 manat borclu olması, borcun əvəzində dəmir boruların aşkar edilməsi, həmin dəmir boruların üzərinə həbs qoyulması və borc əvəzinə bizim mülkiyyətimizə verilməsi qərara alınmışdır. Maraqlıdır, 3 ildən sonra hakim Aidə Hüseyn öz mövqeyini 360 dərəcə dəyişərək həmin dəmir boruların “Cənnət Park”a verilməli olması barədə qərarı necə qəbul etmişdir? Hakim onu da nəzərə almır ki, onun sonrakı əsassız qərarlarını ləğv edən Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində yazılır: “...Müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Cənab nazir, hörmətli Fikrət müəllim!
Hakim Aida Hüseyn tərəfindən qəbul edilən qanunsuz qərarla Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarımız kobud şəkildə pozulmuşdur. Hakim Aidə Hüseynin bu hərəkəti ümumilikdə məhkəmə sisteminə bir ləkədir, inanırıq ki, baş verənlərdən nəticə çıxarılacaq və hakimin barəsində lazımi tədbirlər görüləcəkdir.
Dərin hörmətlə:
Şakir Əliyev,
“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin sədr müavini
Redaksiyadan: Bir daha inanırıq ki, hakimin barəsində ciddi ölçü götürüləcək…