“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivinin Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin heç bir ölçüyə sığmayan qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı şikayəti «Təzadlar» qəzetinin ötən sayında dərc edilmişdir.
Kollektivin adından bu dəfə Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət məktubu və ona əlavə edilmiş bir sıra sənədlər redaksiyamıza təqdim edilib. Şikayət məktubunda bir sıra xüsusatlar hüquqi araşdırma tələb etdiyindən «Təzadlar»ın Araşdırma Qrupu tərəfindən öyrənilir, əlavə məlumat veriləcək.
Aşağıda kollektiv adından Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət məktubu ixtisarla təqdim edilir:
Çox hörmətli cənab nazir!
Sizi ədalətli və prinsipial nazir olaraq tanıyır və bundan qürur duyaraq Sizə müraciət edirik.
Bildirirəm ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivinin üzvləri Qarabağ bölgəsindən məcburi köçkün düşmüş insanlardır. Cox təəssüflə qeyd edirik ki, «Cənnət Park» adlı MTK-nın sahiblərindən biri, eyni zamanda onun oğlu, Bakı şəhəri 54 saylı Notariusun müdiri Xankişiyev Simran Bəylər oğlu saxta sənədləri notarial qaydada təsdiq etməklə müəssisənin mülkiyyəti olan külli miqdarda əmlakı hədə-qorxu gəlməklə özününküləşdirib ələ keçirmək istəyirlər. Məlumat üçün qısaca olaraq bildiririk ki, bu iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bizim xeyrimizə qərar vermişdir. Bu qərar bütün yuxarı instansiya məhkəmələrdə təsdiqini tapmışdır. Hətta Konstitusiya Məhkəməsi də xeyrimizə qərar vermişdir. Amma yenə də «Cənnət Park» MTK-nın sahibləri qanuna, məhkəmə qərarlarına əməl etmədən, Allahı və qanunlarımızı, haqqı… danaraq iş fəaliyyətimizi saxta məhkəmə qərardadları ilə pozmaqda, bizə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bilmirik, onlar kimə və nəyə arxayındırlar???
Bütün bunların isə səbəbi odur ki, səhmdarı olduğumuz “Biləcəri Təmir Quraşdırma” QTSC ilə 16 saylı İİT Tresti arasında bağlanmış müqavilə şərtləri sonuncunun tərəfindən pozulduğundan 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmədə iddia qaldırdıq, 10.02.2015-ci il tarixli qətnamə ilə (hakim Aidə Hüseyn) 16 saylı İİTT-nin 6.468.936 manat pulun bizə ödənilməsi qət edildi. Qarşı tərəfin Bakı apellyasiya və Ali Məhkəmələrə şikayətləri təmin edilmədi, Konstitusiya Məhkəməsi də xeyrimizə qərar verdi. Sonradan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn və Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva cavabdehlə sövdələşərək 3-cü tərəf kimi «Cənnət Park» adlı MTK-nı bu mülki mübahisəyə süni surətdə cəlb edərək mülkiyyətimizin üzərinə qanunsuz olaraq həbs qoymuşdur, nəticədə sahibkarlıq fəaliyyətimizi iflic hala salmışlar. Bu azmış kimi, heç bir əsas olmadan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bizə məxsus həmin metal boruların əlimizdən alınaraq yaxın adamları olan «Cənnət Park» MTK-nın sahiblərinə aid əraziyə daşıtdırılması üçün qanunsuz cəhdlər etməkdədir. Hətta boruların bir hissəsi Nurəddin Mustafayevin qanunsuz tapşırığı ilə bizdən xəbərsiz naməlum əraziyə aparılmışdır. Artıq bu işə Qaradağ rayon Prokurorluğu da qarışmışdır. Bütün bu işləri dolaşdıran isə «Cənnət Park» MTK ilə 16 saylı İTİT arasında bağlanmış saxta müqavilənin həmin MTK-nın sahiblərindən olan bir şəxsin oğlunun müdiri olduğu 54 saylı Notariusda (müdir S.Xankişiyev) təsdiqlənməsidir.
Hörmətli Ramil müəllim!
MTK sahibinin və Notariusun qanunsuz və əsassız iddialarına ən tutarlı cavab olan və Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli iş № 2-2(102)-252(2017) saylı və Azərbaycan Konstutusiya Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli № A/11-T-40 saylı qərarlarını nümunə göstərə bilərik. Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) deyilir: “…16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Cənab nazir!
Sonradan bu iki qurum rəhbərləri arasında qalmaqallar başladı, sonuncunun rəhbəri 2017-ci ildə intihar etdi. İndi bu insanlar Ali Məhkəmənin qərarının mötəbərliyindən və əsaslılığından keçə bilmədiklərindən bizə qarşı təhdid və təzyiq yolu tutublar.
Xahiş edirik, bu insanlara qarşı sərt tədbir görülməsi, onların kimliyi və fəaliyyəti barədə qanuni ölçü götürülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.
Dərin hörmətlə:
“Biləcəri Təmir Quraşdırma”nın kollektivi adından: Şakir Əliyev,
Sədr müavini
Redaksiyadan: şikayətdə adı çəkilən şəxslərlə telefon əlaqəsi saxlasaq da zəngimizə cavab verən olmadı. «Təzadlar»ın Araşdırma Qrupu 54 saylı Notariusla bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərib. Əlavə məlumat veriləcək…
«Təzadlar»