Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin ailə üzvləri üzərində həbs olan əmlakların geri qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Lent.az-ın məlumatına görə, təcridxanada intihar edən polkovnikin ailə üzvləri Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar.
Məhkəmə hökm çıxaran zaman işdə olan İlqar Əliyevə və ailə üzvlərinə məxsus mülklərlə bağlı da qərar qəbul edib.
Məhkəmə İlqar Əliyevə və onun ailə üzvlərinə məxsus əmlakların müsadirə edilməsi barədə qərar qəbul edib.
Qərarda qeyd olunub ki, İlqar Əliyev və onun ailə üzvlərinə məxsus əmlaklar cinayət yolu ilə əldə edilib.
Bu qərardan narazı qalan İlqar Əliyevin ailə üzvləri apelyasiya şikayəti veriblər. Onların şikayəti Bakı Apelyasiya Məhkəməsinə daxil olub.
Şikayət araşdırılması üçün hakim Sahibxan Mirzəyevin icraatına verilib. İlqar Əliyevin şikayəti general Elçin Quliyev və digərlərinin işi ilə birləşdirilib, eyni icraatda araşdırılacaq.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakların üzərinə həbs qoyulub.
Xatırladaq ki, İlqar Əliyev 2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxanasında inithar edib.