Axtarış...

"Cənnət" MTK ilə 6 illik qovğalı çəkişmə... - BAŞA ÇATMAQ ÜZRƏDİR...

"Cənnət" MTK ilə 6 illik qovğalı çəkişmə... - BAŞA ÇATMAQ ÜZRƏDİR...

Əgər xatırlayırsınızsa, “Cənnət Park” MTK-nın “Biləcəri təmir-quraşdırma” QTSC-nin mülkiyyətində olan metal boruları ələ keçirməsi cəhdi ilə bağlı artıq 6 ildir məhkəmə çəkişməsi davam edir. Hansı ki, “Cənnət Park” MTK-nın haqsız və ədalətsiz iddiallarına, hətta Azərbaycan Konstitusiya Məhkəməsinin Prlenumu da yekun qərarı ilə nöqtə qoyub. Yəni, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarında (rəsmi KİV-lərdə dərc edilib) bir daha qeyd olunmuşdur ki, “Cənnət Park” MTK-nın “Biləcəri təmir-quraşdırma” QTSC-yə qarşı iddiaları qanunsuz və əsassızdır, saxta sənədlərlə bir sıra məhkəmə instansiyalarında hakimlərin qanundankənar qərarları ilə bu həddə gətirilib çıxarılıb və s.

Bundan sonra isə Ali Məhkəmənin Plenumu öz məlum qərarını 15.IX.2020-ci il tarixdə özü ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi isə (hakim Cahangir Yusifovun sədrliyi ilə) artıq bu 6 illik qalmaqallı işə dair məhkəmə iclasını pandemiya səbəbindən təxirə salmışdır, nəhayət, növbəti məhkəmə iclasıı fevralın 25-ə təyin edilmişdir.
Heç şübhə yoxdur ki, nəhayət, bəzi hakimlərin və məmurların günahı və ədalətsizliyi üzündən 6 ildir davam edən bu qalmaqala bu dəfə son veriləcək. Çünki başqa hüquqi yol və tutalqa da yoxdur. Belə ki, təkrar edirik, Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan müvafiq tarixli qərarları bunu mümkünsüz edir.
***
Onu da qeyd edək ki, 6 illik əsassız və qanunsuz məhkəmə çəkişmələrindən təəssüf hissi keçirən “Biləcəri təmir quraşdirma” QTCS-nin sədri Nazim Tahirov həm də Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərova müraciət etmişdir. Surəti Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə ünvanlı müraciətdə deyilir: “Hörmətli Azər müəllim! Xatırlayırsınızsa, mən Sizinlə görüşüb 1 saat 30 dəqiqə ərzində problemimizi, yəni bəzi məhkəmə instansiyalarında başımıza gətirilən müsibətləri müzakirə etmişdik. Həmin söhbət zamanı “Biləcəri təmir quraşdırma” QTSC-yə qarşı olan və bizə məxsus metal borulara “Cənnət Park” MTK-nın ədalətsiz və haqsız olan iddiaları ilə bağlı həmin görüşdə hərtərəfli, sənəd və sübutlarla Sizə məlumat verdim. Siz də öz növbənizdə bütün bunları qeydə aldınız, müvafiq sənədlərin surətini qəbul etdiniz. Mən o vaxt inandım ki, Sizin obyektiv və qanuni yanaşmanızdan sonra bizə qarşı bu qanunsuz və əsassız mülki iddialara, süni məhkəmə çəkişmələrinə son veriləcək. Lakin o vaxt “Cənnət Park” MTK-nın əsassız və ədalətsiz iddialarını dəstəkləyənlərin məlum müdaxilələrindən yaxa qurtarmaq mümkün olmadığından (Siz bilirsiniz kimdən söhbət gedir) qanunlara, haqqa, ədalətə yaxın gəlməyən bir sıra qanunsuz məhkəmə və icra qərarları yerinə yetirildi.
Bilirsiniz ki, Göydə Allah, yerdə qanunların bizim tərəfimizdə olması ilə Azərbaycan Konstitusiya Məhkəməsi 2-ci dəfə bu məsələyə münasibət bildirərək 14.02.2020-ci il tarixdə Ali Məhkəmənin 30.01.2019-cu il tarixli biabırçı qərarını ləğv etdi. Bundan sonra Ali Məhkəmənin Plenumu öz məlum qərarını özü ləğv edərək 15.IX.2020-ci il tarixdə işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Nəhayət, Bakı Apellyasiya Məhkəməsi (hakim Cahangir Yusifovun sədrliyi ilə) bir neçə dəfə bu işin məhkəmə baxışını təxirə salaraq, növbəti iclası fevralın 25-ə təyin etmişdir.
Hörmətli Azər müəllim!
Məhkəmələrə birbaşa nəzarət etdiyinizdən və məhz bu qalmaqallı işdən hərtərəfli məlumatlı olduğunuzdan, Sizə müraciətlə xahiş edirəm: qanun naminə bu məhkəmə prosesinə əyri əllərin bir daha yaxın düşməyinə imkan verməyəsiniz və bu məhkəmə işini ciddi nəzarətə götürəsiniz.
İnanıram ki, cənab Prezident İlham Əliyevə və qanunlarımıza olan dərin hörmətiniz müqabilində vicdanlı və obyektiv, ədalətli qərar qəbul olunmaqla, “Cənnət Park” MTK-nın dələduz rəhbərliyinin əməllərinə düzgün hüquqi qiymət verilməklə, xüsusi qərar qəbul ediləcəkdir”.

Redaksiyadan: Biz də inanırıq ki, artıq Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunda baxılıb müvafiq qərar qəbul edilmiş bu qalmaqallı məsələyə, nəhayət, son veriləcək və “Biləcəri təmir quraşdırma” QTSC-nin halal haqqı təmin ediləcək. //tezadlar.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz