Axtarış...

İşçisindən nazirə ŞİKAYƏT - QALMAQAL

İşçisindən nazirə ŞİKAYƏT - QALMAQAL

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivinin Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevdən, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyndən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyevadan şikayətləri səngimir. Ölkənin istər çap mediasında, istərsə də elektron mediasında əsas mövzulardan biri hakim özbaşınalığı və İcra Baş İdarəsinin rəisi Nurəddin Mustayevin qanunsuz tapşırıqları barədədir.

“Təzadlar”ın araşdırmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova, eləcə də Azərbaycanın daxili işlər naziri Ramil Usubova... ünvanlı müraciətlərdə “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi acizanə xahiş edir ki, onların Konstitusiyamızla qorunan mülkiyyət hüququna edilən hakim “təcavüzünə” son qoyulsun.
Çox təəssüflər olsun ki, bütün bu müraciətlərə baxmayaraq, kollektivin mülkiyyət hüququnu hakimlərin əli ilə kobud surətdə pozmağa səy göstərən “Cənnət Park” MTK-nın rəhbərliyi nəticə çıxarmır. Əksinə, İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin himayəsi ilə Qaradağ İcra şöbəsinin əməkdaşları qanunsuz hərəkətlərindən əl çəkmirlər...

General olmaq istəyən Nurəddin Mustafayev Azərbaycanın qanunlarını niyə tanımaq istəmir?

Qısaca olaraq xatırladaq ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin və kollektivinin ölkənin ən ali rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına şikayətinin məzmunu ondan ibarətdir ki, mülkiyyətçi “Biləcəri Təmir Quraşdırma” QTSC ilə 16 saylı İİT Tresti arasında bağlanmış müqavilə şərtləri sonuncunun tərəfindən pozulduğundan tələbkar 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində iddia qaldırmışdır, 10.02.2015-ci il tarixli qətnamə ilə (hakim Aidə Hüseyn) 16 saylı İİTT-nin 6.468.936 manat pulunun QTSC-yə ödənilməsi qət edilmişdir. Qarşı tərəfin Bakı Apellyasiya və Ali Məhkəmələrə şikayətləri təmin edilməmiş, hətta Konstitusiya Məhkəməsi də iddiaçının xeyrinə qərar vermişdir. Sonradan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseyn və Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva cavabdehlə, yəni 16 saylı İİTT rəhbərliyi ilə sövdələşərək 3-cü tərəf kimi “Cənnət Park” adlı MTK-nı bu mülki mübahisəyə süni surətdə cəlb edərək “Biləcəri Təmir-Quraşdırma”nın mülkiyyətinin üzərinə qanunsuz olaraq həbs qoymuşdur. Bu azmış kimi, heç bir əsas olmadan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev trestə məxsus, məhkəmə qərarları ilə bu məxsusluğu təsdiqlənmiş metal boruların onların əlindən alınaraq sonradan peyda olmuş “Cənnət Park” MTK-nın sahiblərinə aid əraziyə daşıtdırılması üçün qanunsuz cəhdlər etmişdir. Hətta boruların bir hissəsi Nurəddin Mustafayevin qanunsuz tapşırığı ilə mülkiyyətçidən xəbərsiz naməlum əraziyə aparılmışdır. Artıq bu işə Qaradağ rayon Prokurorluğu da qarışmışdır. Bütün bu işləri dolaşdıran isə “Cənnət Park” MTK ilə 16 saylı İTİT arasında bağlanmış saxta müqavilənin həmin MTK-nın sahiblərindən olan bir şəxsin oğlunun müdiri olduğu 54 saylı Notariusda (müdir S.Xankişiyev) təsdiqlənməsidir. “Təzadlar” redaksiyaya təqdim olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, “Cənnət Park” adlı MTK-nın sahiblərindən biri olan Bəylər Xankişiyev, eyni zamanda onun oğlu, Bakı şəhəri 54 saylı Notariusun müdiri Xankişiyev Simran Bəylər oğlu saxta sənədləri notarial qaydada təsdiq etməklə müəssisənin mülkiyyəti olan külli miqdarda əmlakı hədə-qorxu gəlməklə özününküləşdirib ələ keçirmək istəyiblər. Hətta bu barədə trest rəhbərliyinin daxili işlər naziri Ramil Usubova müraciətlərində də ətraflı bəhs olunub. Bir daha təkrar edirik, bu iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi trestin xeyrinə qərar vermiş, bu qərar bütün yuxarı instansiya məhkəmələrində təsdiqini tapmışdır. Amma yenə də “Cənnət Park” MTK-nın sahibləri qanuna, məhkəmə qərarlarına əməl etməkdən vaz keçərək ölkə qanunlarına hörmətsizliyi hakimlərin əli ilə etməkdə israrlıdırlar.
Ən diqqətçəkən məqam odur ki, “Cənnət Park” MTK sahibinin və Notariusun qanunsuz və əsassız iddialarına ən tutarlı cavab elə Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli iş № 2-2(102)-252(2017) saylı və Azərbaycan Konstutusiya Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli № A/11-T-40 saylı qərarları ilə verilmişdir. Belə ki, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) deyilir: “...16 saylı Tİİ Tresti ilə “Cənnət Park” MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
***
Nə baş verir: şəxsi maraq, inadkarlıq və daha hansısa mənfi keyfiyyətlərə əsir olan bəzi məmurlar Azərbaycanın ədliyyə sisteminin imicini zədələməklə məşğuldurlar. Onlar bunun üçün hakimlərdən, icraçılardan niyə alət kimi istifadə etməlidirlər?
Yeri gəlmişkən, yaxın zaman içində-noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd ediləcək. Sual olunur: yuxarıda adları çəkilən hakimlər-Aidə Hüseyn, Kəmalə Abiyeva, eləcə də Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bu bayramı qanunsuz əməllərinə bürünərəkmi qeyd edəcəklər???
Redaksiyamıza daxil olan məlumata görə, Nurəddin Mustafayev general rütbəsini artırmaq üçün səylər göstərir... Doğrudanmı nazir Fikrət Məmmədov barəsində silsilə şikayətlər olan, ictimai rəy ziyanına işləyən bir dövlət məmuru barədə yenə də Prezidentə təqdimat yazacaq?
Əlavə şərhə ehtiyac varmı? \\tezadlar.az\\
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz