Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərindən sonra Moskvaya qayıtması və bir neçə gün sonra - mayın 10-da Bakıya gələcəyi ilə bağlı məsələlər erməniləri çox narahat edir.Bu narahatlığa əsas yaradan səbəb isə Azərbaycan tərəfinin üç diversantı general Muradova təhvil verib Ermənistana qaytarmasıdır. Erməniləri təşvişə salan, rəsmi Bakının üç terrorçunu qaytarmağa razılaşmasının arxasındakı açıqlanmayan şərtlərdir.
Lavrovun Xankəndinin yekun müqəddəratı ilə bağlı hansı müzakirələr aparacağı işğalçı tərəfi ciddi maraqlandırmaqla yanaşı, həm də möhkəm təşvişə salıb. Onların güclü narahatlığına səbəb olan digər məqam isə səfər öncəsi Ermənistan qoşunlarının Qarabağdan çıxarılması xəbərlərinin yayılmasıdır. Bu isə səbəbsiz deyil. Onlar dərk edirlər ki, Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasından sonra əsas müzakirə mövzusu Xankəndində qurulacaq idarəçilik olacaq. Ona görə də rusların baş diplomatının səfəri və aparılan danışıqların mövzusu ermənilər üçün olduqca böyük önəm kəsb edir. Bu müstəvidə Rusiyanın XİN başçısının İrəvana getdiyi gün “Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi də siyasi analitiklərin diqqətindən yayınmadı.
Təbii ki, Ermənistan XİN qarşısında keçirilən bu etiraz aksiyası təsadüfi sayıla bilməz. Belə ki, ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər. Bu isə erməni siyasətindən daha çox rus planından irəli gələn addımdır. Lavrovun hazırladığı bu plana görə, erməni hərbi hissələrin Qarabağdan çıxarılmasından sonra ermənilərin Hadruta qayıtması ilə rus sülhməramlıları da onları qorumaq adı altında bu əraziyə daxil olmaq imkanı əldə edəcəklər. Ermənilərin bura qayıtması isə status məsələsinin yenidən masaya qayıtması deməkdir. Eyni zamanda, Rusiyanın Hadrud planının arxasında daha məkrli və uzaq hədəfə hesablanmış bir hədəf də dayanıb. Bu təhlükəli plan reallaşarsa, yəni ermənilərin qayıdacağı halda Hadrutda sülhməramlılar yerləşərsə, Rusiya işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını nəzarət altında saxlamaq imkanı əldə edəcək. Rəsmi Bakı təbii ki, onların bu tələbini reallaşdırmaq niyyətində deyil. Hətta bu tələbi çatdıran Kremlin yüksək vəzifəlisi olsa belə, birmənalı buna gedilməyəcək. Çünki Bakı bu məkrli addımın təhlükəsinin fərqindədir.
Erməniləri narahat edən bir məqam da Lavrovla görüşdə Qazağın 7 kəndi ilə bağlı Paşinyanla danışıqların aparılması ehtimalıdır. Amma onların əsas narahatlığı və qorxusu Xankəndindən erməni qoşunlarının çıxırılmasıdır. Çünki bu, reallaşarsa "Artsax" adlı arzuları birdəfəlik suya düşəcək. Bizim üçün isə görünən odur ki, Xankəndi üzərində artıq neçə vaxtdır ki, rus-erməni oyunu gedir və bu oyunun kimin xeyrinə başa çatacağı hələ ki, tam aydınlaşmayıb. Bəs bu məsələdə siyasi analitiklərimiz nə düşünür? Politoloq Tofiq Abbasovun fikrincə, üçtərəfli sazişin müddəalarını müəyyən edən əsas tərəf Moskvadır və hansı tərəfin üzərinə nə vəzifə düşdüyünü, hansı zaman çərçivəsində nəyi etməli olduqlarını məhz Kreml müəyyənləşdirilir. Politoloqa görə, bu məsələdə Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirir, amma qarşı tərəf haqqında bunu demək olmaz. Tofiq Abbasov Ermənistanın baş nazirinin üçtərəfli bəyanatın altına imza qoymasından sonra rəsmi qurumların Zəngəzur dəhlizi ilə bağlı ( öhdəlik götürməmişik, yalnız dəmir yolunun çəkilişinə icazə veririk) dediklərini əsassız bəhanə adlandıraraq bu məqamın Rusiya üçün yeni problemlərə yol açacağını istisna etmədiyini dilə gətirdi.
Siyasi şərhçi Qabil Hüseynlinin fikrincə, Lavrovun səfərinin məqsədi danışıqlar prosesində əhəmiyyətini çoxdan itirmiş ölü bir qurumu, funksiyası "turistlik" olan Minsk Qrupunu yenidən dövriyyəyə buraxmaq və Dağlıq Qarabağın “statusu”nu gündəmə gətirmək ola bilər. Rusiyalı elçinin erməni mahiyyətindən irəli gələrək rəsmi Parisin işğalçıya tərəf çıxmasını dəstəklədiyini xatırladan politoloq Azərbaycanın lokal müharibə ilə qısa zamanda Xankəndi üzərindən aparılan bütün oyunları poza biləcəyini qeyd etdi.
Həqiqətən də bu ehtimallar narahatlıq yaratmaqla yanaşı, həm də düşündürücüdür. Bizi hələ də bu sual narahat edir ki, Azərbaycan 44 günlük müharibədə düşməni ağır məğlubiyyətə uğratsa da, niyə indiyə qədər son nöqtəni qoymayıb və Xankəndi məsələsi həllini tapmayıb? Politoloq Zərdüşt Əlizadənin Azərbaycan Ordusunun Xankəndiyə daxil olmaması haqda yanaşması bu baxımdan maraq doğurur. Politoloq, Azərbaycan Ordusunun Şuşa şəhərini dünya hərb tarixinə düşəcək bir nəharət və peşəkarlıqla geri almasına, Xankəndi ilə Şuşa arasındakı məsafənin qısalığına, Xankəndinin Şuşa kimi coğrafi baxımdan alınmasının çətin olmamasına rəğmən, bunun baş tutmamasına məntiqi açıqlama verib. Belə ki, onun sözlərinə görə, Xankəndi, Xocalı və Xocavəndin hərbi yolla alınmaması bu ərazilərin işğal altında olması mənasını vermir:" Yəni, Qarabağ münaqişəsi həm hərbi, həm də diplomatık qələbə ilə böyük ölçüdə həll edilib. Lakin son nəticə heç də həmişə müharibədə əldə edilmir. Buna görə də deyə bilərik ki, indiyədək cərayan edən bütün proseslər rəsmi Bakının maraqlarına uyğundur. Amma hərbi üstünlüyü saxlamaq, son nəticəni əldə etmək üçün siyasi və diplomatik müstəvidə irəliləməyə davam etmək lazımdır. ”
Bəli, döyüş cəbhəsində müharibə bitib. Amma diplomatiya səhnəsində mübarizə getdikcə alovlanmaqdadır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə imitativ xarekterli danışıqlara gedilməyəcəyini, status məsələsinin artıq geridə qaldığını bildirib. Lakin düşmənin olduqca məkrlivə hiyləgər olduğunu, güclü xarici havadarlardan dəstək aldığını əsla nəzərdən qaçırmaq olmaz. Azərbaycan hərbi üstünlüyünü diplomatik qələbələrlə möhkəmləndirməyə davam etməli, ara verməyən çoxsaylı təxribatlara qarşı daha sayıq davranmalı, daxildəki sabitliyin qorunub saxlanması üçün süni narazılıqlar yaradan məmurların dövlət strukturlarından atılmasını-kadr islahatları prosesini sürətləndirməlidir. Müharibədə möhtəşəm qələbəni təmin edən qazi və şəhid ailələrinin problemlərini gözardı edən icra məmurları ciddi cəzalandırlımalıdır.