Axtarış...

Kremldən İrəvana “ev tapşırıqları” - GƏLİŞMƏ

Kremldən İrəvana “ev tapşırıqları” - GƏLİŞMƏ

ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta soyqırımı tanıma qərarından İrəvan, şübhə yox ki, ən əvvəl Qarabağ məsələsində yeni dividendlər qazanmaq üçün yararlanmağa çalışacaq. Eyni zamanda, bunu özünün guya Rusiyadan asılı olmayan “müstəqil” xarici siyasət kursunda diplomatik uğur kimi təqdim edəcək - baxmayaraq ki, qətnamənin qəbulu Ermənistanı, erməniləri müdafiə etmək istəyindən yox, Türkiyəni cəzalandırmaq motivindən yaranıb. Yəni “erməni məsələsi” burada hədəf deyil, sırf vasitə rolu oynayıb.

Başqa bir gerçək belədir ki, Ermənistan bu qərardan sonra da Rusiyanın vassalı olaraq qalır. Nümayəndələr Palatasının qərarından cəmi bir gün qabaq İrəvanda olan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdə baş nazir Nikol Paşinyan bir daha bunun anonsunu verdi. Paşinyan yenə Rusiyaya sədaqət andı içdi ki, bu da bir abzas yuxarıdakı qənaətimizi təsdiqləyir.

*****

Situasiyanın unikallığı da ondadır ki, Konqresin aşağı palatasının “erməni məsələsi”ni tanıması ərəfəsində Paşinyan Ermənistanın Rusiyanın hərbi qalası kimi qalacağına ən yüksək səviyyədə zəmanət verib. O Rusiya ki, bölgədə ABŞ-ın əsas geosiyasi rəqibidir.

Sözsüz ki, Moskva İrəvanın hansısa şəkildə ABŞ-a yaxınlaşmasına əsəbi yanaşacaq, buna mane olacaq. “Məxməri” baş nazir Paşinyan isə əlindən gələni edir ki, xarici siyasətdə altdan-altdan “iki stul” taktikası yürütsün. Yəni eyni vaxtda Ermənistana həm ABŞ-ın, həm də Rusiyanın hərtərəfli himayəsini təmin etsin.

Bu da qeyri-mümkündür. Çünki Vaşinqtonun İrəvan qarşısında konkret şərti var: Ermənistan Amerikanın ciddi siyasi və maliyyə dəstəyini almaq üçün öncə Rusiyanın orbitindən uzaqlaşmalıdır. Bu isə istənilən erməni rəhbəri üçün riskdir və faktiki, siyasi intihar anlamına gəlir. Əks halda, ən azından Dağlıq Qarabağa “əlvida” demək lazım gələcək.

Təsadüfi deyil ki, Paşinyan hakimiyyətdə olduğu ilyarımda ABŞ-a iki dəfə səfər etsə də, istəyinə çatmayıb - Ağ Evə özünü doğmalaşdıra bilməyib. Səfərlər zamanı heç Birləşmiş Ştatların dövlət katibi ilə də görüşmək şərəfinə nail ola bilməyib və nəinki maliyyə, heç quru siyasi dəstək də almayaraq, hər dəfə “əli ətəyindən uzun”, pərt şəkildə İrəvana dönüb.

Həmçinin, ABŞ-dakı erməni lobbisinin bu yöndə səyləri fiasko olub. İndi necə olur ki, həmin lobbi xüsusi bacarıq nümayiş etdirərək, Nümayəndələr Palatasında saxta məsələ ilə bağlı birdən-birə 405 tərəfdar topladı? Əlbəttə ki, səbəb Ermənistanla, erməni lobbisinin fəallığı ilə bağlı deyil. Deyildiyi kimi, sırf Türkiyə amili ilə, Amerikanın Yaxın Şərqdəki maraqları ilə bağlı olub.

*****

Moskva isə belə görünür, İrəvandan ən yüksək səviyyədə səslənən sədaqət vədlərinə rəğmən, hələ də Paşinyan hökumətindən narazıdır. Kreml komandası əsasən “Sorosun uşaqların”dan təşkil olunan Paşinyana axıradək etibar eləmir. O səbəbdən forpost Ermənistanın nə vaxtsa “ipi qırıb” Qərbə qaçmasını, öz ağasını dəyişməsini önləmək üçün vaxtaşırı “profilaktik tədbirlər” görür.

Məsələn, müdafiə naziri Sergey Şoyqunun Ermənistan səfərindən cəmi bir gün sonra Rusiyanın İrəvandakı səfirliyi qəzəbli bəyanat yayaraq, Ermənistanda iki ölkə əlaqələrinə zərbə vuran, Qərbin “qidalandırdığı” QHT və KİV-lərin mövcudluğundan ciddi narahatlıq ifadə edib. Bəzi QHT-lərin Ermənistan-Rusiya müttəfiqliyini sarsıtmağa çalışdığını bildirib.

Sitat: “Bəzi qeyri-hökumət təşkilatları və ”xaricdən qidalandırılan" KİV-lər Ermənistan rəhbərliyinin dəqiq mövqeyinə rəğmən, Rusiya-Ermənistan münasibətlərinə nifaq salmağa çalışır. Rusiya səfirliyində bununla bağlı sual yaranır: niyə Rusiya-Ermənistan münasibətlərinin problemləri ruslar və ermənilər tərəfindən yox, Qərbin maliyyələşdirdiyi QHT-lər və KİV-lər tərəfindən müzakirə olunur? Rusiya hərbi kontingentinin Ermənistanda mövcudluğunun öldürücü nəticələri barədə çoxsaylı “müstəqil” araşdırmaların müəlliflərinin məqsədi nədir? İki dövlətin tarixi əlaqələrinin dağıdılması kimə sərfəlidir?"

Bunun ardınca səfirlik Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun “Rusiyanın Ermənistandakı hərbi iştirakı və onun insan haqlarına təsiri” mövzusunda hesabatına da qəzəbli reaksiya verib (Hesabat Avropa Birliyinin ayırdığı qrant əsasında hazırlanıb). Diqqətçəkici məqam həm də odur ki, bu bəyanatlar Nümayəndələr Palatasının qərəzli tanıma qərarından az sonra və Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərinə sayılı günlər qalmış verilib.

*****

Qeyd edək ki, Lavrovun Ermənistan səfəri həftəsonu başlayacaq və iki gün (noyabrın 10-11-i) çəkəcək. Məlumatlara görə, səfər zamanı Ermənistandakı ABŞ maliyyəsi hesabına yaradılan biolaboratoriyalara Rusiya mütəxəssislərinin girişinə zəmanət verən memorandum imzalanacağı gözlənilir. Əslində isə Moskva işğalçı ölkədə özünə təhlükə saydığı Amerika obyektini nəzarətə götürmək istəyir. Buna Vaşinqtonun hansı reaksiya verəcəyi maraqlı olacaq.

Başqa bir mənbə artıq tərəflər arasında imzalanacaq sənədin mətninin hazır olduğunu bildirib. Bu haqda danışan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib ki, Pentaqonun maliyyə vəsaiti hesabına qurulan biolaboratoriyaya dair ikitərəfli memorandum imzalanacaq. Sənədə əsasən, müəssisə rusiyalı mütəxəssislər üçün açıq olacaq. “Lavrov rəsmi səfər edəcək. Səfər çərçivəsində müxtəlif platformada, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında əməkdaşlığa dair məsələləri müzakirə edəcəyik”, - deyə o qeyd edib və əlavə edib ki, Ermənistandakı biolaboratoriya məsələsinə danışıqların yekunundan sonra baxılacaq.

Ancaq yaranan təəssürat belədir ki, Moskva artıq ABŞ-Ermənistan əlaqələrinin bütün spektrini və elementlərini total nəzərə götürmək qərarı verib. Az öncə Rusiya səfirliyindən verilən qəzəbli bəyanatlar isə həm də ona işarədir ki, Paşinyan özünün Rusiyaya sədaqətini indi də “Qərbdən qidalanan” QHT və KİV-lərə qarşı “effektli tədbirlər” görməklə sübuta yetirməlidir.

Bu isə erməni baş nazir üçün yeni bir təhdiddir. Özü də elə bir zamanda ki, Rusiyanı Ermənistanla birləşdirən və ərzaq yüklərinin daşındığı əsas avtomobil yolu - Gürcüstan yolu (Yuxarı Lars) artıq neçə gündür ki, bağlanıb. Üstəlik, qarşıdan sərt qış gəlir. Rusiyanın Ermənistana satdığı təbii qazın qiyməti ilə bağlı isə bu günədək razılaşma əldə olunmayıb. Biz hələ İrəvanın Azərbaycan torpaqlarını Rusiya hesabına işğalda saxladığını demirik.

Bir sözlə, Kremlin Paşinyana yeni və ağır “ev tapşırıqları” var. Lavrov Ermənistana xüsusi mesajla gedir...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz