Axtarış...

Rusiya İranı Qarabağa gətirmək istəyir - “Əlini gücləndirir”

Rusiya İranı Qarabağa gətirmək istəyir - “Əlini gücləndirir”
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Kreml Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqun dərinləşməsində maraqlıdır. S.Lavrov qeyd edib ki, təmsil etdikləri ölkələrin bölgədəki rolunu nəzərə alaraq, Fars körfəzində təhlükəsizlik, Əfqanıstan probleminin tənzimlənməsi kimi məsələlər üzrə ikitərəfli müzakirələr hər iki tərəfə lazımdır.
Rusiya XİN başçısı söyləyib ki, əlbəttə dialoq zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmanın əldə olunmasından sonra bölgədə yaranmış vəziyyət də müzakirə oluna bilər:
“Həmçinin Suriya, Yəmən və Fələstin, eləcə də digər Yaxın Şərq münaqişələri ətrafında iranlı həmkarlarımızla apardığımız fikir mübadiləsi bizim üçün böyük maraq doğurur”.

Məlumdur ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra İran Qarabağda quruculuq işlərində iştirak etmək istəyir. Bəs, bu nə dərəcədə mümkündür və Lavrovun səsləndirdiyi fikirlər nəyə hesablanıb?

Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiyanın İran ilə xüsusi münasibətləri mövcuddur. Bu münasibətlər əsasən ümumi beynəlxalq rəqiblərə qarşı ortaq mövqedən çıxış etmək maraqları üzərində qurulub. Analitik vurğulayıb ki, Kreml bəzi bölgələrdə İranın iştirakına Rusiyanın mövqeyini gücləndirən önəmli faktorlardan biri kimi yanaşır:

“Yaxın Şərqdə cərəyan edən proseslərə münasibətdə Kremlin haqlı olduğu ortaya çıxır. Xüsusilə də Suriya böhranında Rusiya-İran ortaqlığı qabarıq şəkildə sezilməkdədir.

Cənubi Qafqaza gəldikdə isə, İran bu regiona qonşu dövlətdir. Region dövlətləri ilə də müəyyən əlaqələr sisteminə malikdir. Yəni İranın istənilən halda, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə iştirak edəcəyi istisna deyil. Xüsusilə də, regionda yaranmış yeni geopolitik şərtlər rəsmi Tehran də önəmli və cəlbedici perspektivlər vəd edir.

Əslində, cənub qonşumuzun bu regionda ümumi maraqlar çərçivəsində təmsil olunması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib. Və bu təklif Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın iştirakı ilə yeni geoiqtisadi layihələr üzrə ortaq tərəfdaşlıq zonasının qurulmasını nəzərdə tutur. Təşəbbüsün reallaşma ehtimalı kifayət qədər yüksəkdir”.

E.Xalidbəylinin qənaətincə, Rusiya istəsə belə, İranı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daxil edə bilməz:

“Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu barədə mövqeyi elə çox şeyi dəyişməyə qadir deyil. Ən azından bu məsələ Rusiyadan daha çox Azərbaycan və Türkiyənin mövqeyindən birbaşa asılıdır. Üstəlik, İranın Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək şanslarını ABŞ və Qərbin bu regiona yönəlik maraqları da məhdudlaşdırır. Yəni hazırda Rusiya xarici işlər naziri Sergey Lavrov nə İrana, nə başqa hər hansı dövlətə təkbaşına heç nə vəd edə bilməz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz