Axtarış...

“FF-2011” MTK vətəndaşlara qarşı... - QALMAQAL

“FF-2011” MTK vətəndaşlara qarşı... - QALMAQAL

Azərbaycan Konstitusiyasına görə, ölkədə məhkəmə hakimiyyəti tamamilə müstəqildir. Lakin Azərbaycanda məhkəmə qərarının qəbulu onun icrasına zəmanət vermir.

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 141 saylı evin sakinləri AYNA-ya şikayət məktubu ünvanlayıblar. Onların sözlərinə görə, yaşadıqları bina tarixi abidədir: “31 may 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “FF-2011” Mənzil Tikinti Kooperativinə (MTK) evimizin ərazisində ticarət mərkəzi, ofis və yaşayış obyektləri tikmək hüququ verən sərəncam verdi. Tikinti işlərinə başlamazdan əvvəl MTK bizim köçürülməyimizi təmin etməli idi. Kooperativ rəhbərləri bizimlə görüşdülər və məsələni “sülh yolu ilə” həll edəcəklərinə söz verdilər. Bəzilərinə layiqli təzminat vəd edildi. Digərlərinə evimizin yerində tikiləcək yeni bir binada mənzil veriləcəyi deyildi. Ancaq hamısı yalan oldu”.

“MTK, insanların bu binada yaşamalarına davam etdirmələrinə baxmayaraq, söküntü işlərinə başladı. Evin divarının bir hissəsi dağıdıldı. Evin damı da zədələnib. Bütün binanın konstruskiyası deformasiyaya məruz qalıb. Su təchizatı, elektrik enerjisi və qaz təchizatı yararsız hala gətirilib”, - deyə sakinlər gileylənirlər.

Qeyd edirlər ki, onlara dəymiş ziyanın ödənilməsi tələb ilə Nəsimi Rayon Məhkəməsinə şikayət ediblər: “Nəsimi Məhkəməsi iddiamızı təmin etdi. Məhkəmənin 29 Avqust 2019-cu il tarixli qərarı ilə “FF-2011” şirkəti bizə dəymiş ziyanı ödəməli idi. Şirkət apellyasiya şikayəti və kassasiya şikayəti verdi. Ancaq Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu şikayətləri təmin etməkdən imtina etdi”.

Şikayətçilər tərəfindən qeyd edildiyi kimi, hadisə Fövqəladə Hallar Nazirliyinə (FHN) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) də bildirilib: “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyi ekspertiza keçirərək, söküntü işlərinin təhlükəsizlik standartlarının pozulması ilə aparıldığını müəyyənləşdirdi. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti 31 may 2019-cu il tarixli sərəncamını - “FF-2011”-ə bu ərazidə ticarət mərkəzi tikmək hüququ verən sənədi ləğv etdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tarixi binaya ziyan vuran “FF-2011” MTK-nın rəhbərlərinə qarşı cinayət işi başlanılması tələbi ilə Baş Prokurorluğa müraciət etdi”.

Adama elə gəlir ki, Dilarə Əliyeva küçəsindəki 141 saylı evin sakinlərinin problemi bununla həll edilmiş hesab edilə bilər. Lakin zərərçəkmişlər hələ də məhkəmə tərəfindən ayrılan pulu ala bilmirlər. Sakinlərdən biri - Faiq Ələsgərovun bizə dediyi kimi, məhkəmə “FF-2011”-in hərraca çıxarılmalı olan əmlakına həbs qoyub: “Yalnız bu əmlak satıldıqdan sonra təzminat alacağımızı gözləmək olar. Bu satışın nə vaxt baş verəcəyi məlum deyil. Halbuki, bərbad bir evdə yaşamaq məcburiyyətindəyik. Kooperativ rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilib-edilmədiyi də aydın deyil. 2018-ci ildə Baş Prokurorluğun müstəntiqi İlqar Səfərov mənimlə görüşdü. Kooperativ rəhbərlərinin mütləq cinayət məsuliyyətinə cəlb ediləcəyini söylədi. Daha sonra, eyni müstəntiq kooperativ rəhbərliyi ilə barışığımı təklif etdi. Cinayət işinin açılıb-açılmaması, yaxud tamamlandığı bəlli deyil”.

Bina sakinlərinin dediklərinin həqiqətə uyğun olub-olmadığını öyrənməyə qərar verdik. Nəsimi Rayon Məhkəməsinin qərarını, eləcə də “FF-2011” MTK-nın apellyasiya və kassasiya şikayətlərinə dair Apellyasiya və Ali məhkəmələrin qərarlarını əldə etdik. FHN Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyi tərəfindən aparılan ekspertizanın nəticələri və BŞİH-in MTK-ya verilən 31 may 2018-ci il tarixli sərəncamının ləğv edilməsi qərarı ilə də tanış ola bildik.

Həmişə olduğu kimi, obyektivliyi qoruyaraq, “FF-2011” MTK-nın mövqeyini öyrənməyə çalışdıq. Kooperativin rəhbərinin köməkçisi Rəna Məlikovanın AYNA-ya dediynə görə, şirkət heç bir qanun pozuntusuna yol verməyib. Dilarə Əliyeva küçəsindəki 141 saylı evə ziyan vurulması ilə bağlı əlimizdə Nəsimi Rayon Məhkəməsinin qərarının olduğunu dedikdə, köməkçi məsələnin təfərrüatını bilmədiyini qeyd edərək üzr istədi.

Faiq Əsgərovun iddia etdiyi kimi, “FF-2011”-in rəhbərliyinə qarşı cinayət işinin başlayıb-başlamadığını da araşdırmağa çalışdıq. Təəssüf ki, Baş Prokurorluğun müstəntiqi İlqar Səfərov suallarımızı cavablandırmaqdan imtina etdi.

“FF-2011”-in əmlakının, həqiqətən satışa çıxarılıb-çıxarılmadığını öyrənmək məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət etdik. Məhkəmə icraçısı Pərviz Babayev şirkətin əmlakının satışa çıxarılması faktını təsdiqlədi: “İndi bu əmlakın satışını gözləyirik”.

Qısaca, baş verənlər sırf Azərbaycan mənzərəsidir: BŞİH etibarsız bir şirkətə tikinti aparmaq üçün icazə verir, şirkət təbii ki, evin sakinləri qarşısında öhdəliklərini yerinə yetirmir, tikinti icazəsi ləğv edilir, məhkəmə sakinlərin lehinə qərar verir və nəticədə... Hazırda həmin insanlar uçuq, qəzalı bir evdə yaşayırlar və dəymiş ziyanı kimin və nə zaman ödəməli olduğu bilinmir. Ən əsası isə, bəlli deyil ki, bunun üçün kimsə cavab verəcək, ya yox... //AYNA.AZ//
Text-to-Speech

DİNLƏ






Şərh yaz