Axtarış...

Mərkəzi Bankın “devalvasiya olmayacaq” açıqlaması və... - TƏHLİL

Mərkəzi Bankın “devalvasiya olmayacaq” açıqlaması və... - TƏHLİL
Ötən ilin son aylarından Azərbaycandakı bankların bir çoxunda dollar satışına məhdudiyyət tətbiq olunub. Bu barədə qəzetimizə vətəndaşlar tərəfindən dəfələrlə müraciət daxil olub, hər dəfə satışı dayandıran banklardan məlumatı təkzib ediblər. Lakin qəzet əməkdaşlarının özləri də bir sıra banklardan dollar ala bilmədikdə, vəziyyətin gərginləşdiyi aydın oldu.

Gərginlik yanvarın əvvəlindən Mərkəzi Bankda keçirilən valyuta hərraclarında da hiss olundu. Belə ki, qurumun açıqladığı məlumata görə, yanvarın 5-də Dövlət Neft Fondunun iştirakı ilə keçirilən ilk hərracda bankların tələbi 66,4 milyon dollar olmaqla tam qarşılanıb. Yanvarın 7-də keçirilən ikinci hərracda tələb 70,6 milyon dollara yüksəlib, yenə tam qarşılanıb. Yanvarın 12-də keçirilən hərracda isə tələb birdən-birə iki dəfədən də çox artaraq 142,2 milyon dollara yüksəlib. Tələb tam qarşılanmaqla yanaşı, Mərkəzi Bank xüsusi açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib: “Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVİD-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək”.

Mərkəzi Bank bildirib ki, son günlər bəzi internet səhifələrində bankların qeyri-nağd dollar satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır: “Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin təmin edilməsi diqqət mərkəzində saxlanılacaq".

Göründüyü kimi, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanılacağını bəyan edib. Bu, bankın 2021-ci ildəki pul-maliyyə siyasətinə dair açıqlamasında da əksini tapmışdı. Eyni zamanda 2021-ci ilin dövlət büdcəsinə dair Maliyyə Nazirliyinin izahatında da hədəflənən dollar/manat məzənnəsinin dəyişməyəcəyi bildirilmişdi. Hökumətin bu mövqeyi açıqlanandan sonra həm mediada, həm də sosial şəbəkələrdə devalvasiya ilə bağlı söhbətlər demək olar ki, tamamilə yığışdırılmışdı. Bu halda, Mərkəzi Bankın haqqında bəhs etdiyi devalvasiya xəbərləri harada gedib? İnternet resursları üzrə axtarışlarımızda bu haqda heç bir məlumata rast gəlmədik. Belə görünür ki, Mərkəzi Bank ictimaiyyətin hərraclarda tələbin kəskin artımından narahat olacağını nəzərə almaqla, yuxarıdakı açıqlamanı verməyi zəruri sayıb. Yəni bir növ profilaktik tədbir görüb. Amma açıqlama son aylarda bankların dollar satışını məhdudlaşdırmasından dolayı əhalidə yaranan narahatlıqları tam aradan qaldırmayıb desək, yanılmarıq. Belə ki, son günlər əhali banklardan dollar alışını kəskin artırıb, banklar satışı məhdudlaşdırdığına görə isə qara bazarda alver güclənib. Banklardankənar dollar alveri edən şəxslərin həbsi xəbərlərinin artması da göstərir ki, yenə kimlərsə valyuta bazarında təlatüm yaratmağa çalışırlar və bu prosesdə dollar satışını məhdudlaşdıran, yaxud tamamilə dayandıran banklar heç də az rol oynamırlar.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, hərraclarda valyutaya tələbin artmasının bir neçə səbəbi var: “Birinci səbəb bayram ərəfəsində ticarət dövriyyəsindən qaynaqlanan pul kütləsidir. Adətən ilin sonunda həmişə ticarət dövriyyəsi artır. Nəticədə dövriyyədə pul kütləsi artır. Pulu əldə edən sahibkarlar onu xarici valyutaya, əsas da dollara çevirərək ya özündə saxlayır, ya da xarici tərəfdaşlarına olan borcunu ödəyir. Nəticədə ölkə daxilində valyutaya tələb artır. Digər bir məsələ budur ki, ötən ilin dekabrında banklar tərəfindən dollar satışına ciddi məhdudiyyət qoyulmuşdu. Rəsmi şəkildə heç bir məhdudiyyət qərarı olmasa da, banklara aidiyyəti qurumlar tərəfindən bununla bağlı şifahi göstəriş verilmişdi. Buna görə də dekabrdan yığılıb qalan tələb də indi bazara yönəlib. Üçüncü bir səbəb ajiotaj, psixoloji effektdir. Vətəndaş iki dəfə dalbadal banka gedib valyuta ala bilmirsə, artıq onda fikir formalaşır ki, dollar qıtlığı var və tezliklə devalvasiya olacaq. Bu fikirlə də haradan olsa belə dollar tapıb almağa, əlindəki pulu sığortalamağa çalışır. Bu şəraitdə Mərkəzi Bankın açıqlamaları əhalidə inam yaratmır - 2015-ci ildəki təcrübə heç kimin yadından çıxmayıb. Hətta Mərkəzi Bank hərraclarda yaranan bütün tələbi ödəsə də, bu amil belə insanları təşvişdən çıxarmağa yetmir”.

Ekspert hesab edir ki, 2021-ci ilin birinci yarısında Azərbaycanda devalvasiya olma ehtimalı çox cüzidir: “Ən azı ona görə ki, bu gün məzənnəyə təsir edən ən əsas faktor Mərkəzi Bankın məzənnə siyasətini tənzimləyir. Söhbət neftin dünya bazar qiymətindən gedir. Bu gün neft Azərbaycan büdcəsində nəzərdə tutulandan 15-20 dollara qədər yüksəkdir. Yaxınmüddətli dövrdə neft qiymətlərinin kəskin azalmasını şərtləndirən hər hansı amil da müşahidə olunmur. Bu isə ölkəyə daha çox dolların daxil olması deməkdir. Daha çox sosial məqamları nəzərə alan hökumət məzənnəni maksimum sabit saxlamağa çalışır. Bu baxımdan, hazırkı şəraitdə ilin birinci yarısı üçün məzənnəyə hər hansı təhdid görünmür. Mümkündür ki, ilin ikinci yarısında da hökumət məzənnəni saxlaya bilsin. Əgər neftin qiymətində ciddi korrektələr olmasa, buna nail olmaq ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Azərbaycanda ilin son ayında ticarətin artması həmişə müşahidə olunur. Dekabr ayı həmçinin idxalın da ən yüksək həddə çatdığı aylardan biri olur. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, 2019-cu ilin dekabrında idxalımız 1 milyard 285 milyon 199.53 min dollar təşkil etməklə noyabra nisbətən 355 milyon 855 min dollar artıb. 2018-ci ilin eyni dövründə isə xaricdən 1 milyard 169 milyon 394 min dollarlıq olmaqla əvvəlki aya nisbətən 126,7 milyon dollarlıq çox məhsul alınıb. Bu isə dekabr-yanvar aylarında dollara tələbatın artmasını şərtləndirən amillərdən biridir.

Dövlət Neft Fondunun məlumatına görə, qurum tərəfindən 2020-ci ilin dekabr ayı ərzində 637,74 milyon dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin eyni dövründəki 886,35 milyon dollardan 28 faiz az olsa da, 495,5 milyon dolların satıldığı noyabr ayından 22,3 faiz yüksək bir göstəricidir.

Ümumilikdə 2020-ci il ərzində Neft Fondu tərəfindən hərraclarda 6 milyard 772,54 milyon dollar satılıb ki, bu da 2019-cu ildəki 6 milyard 593,86 milyon dollardan cəmi 2,7 faiz çoxdur. Bu il satılan valyutanın 1,9 milyardı mart ayında - neftin dünya bazar qiyməti kəskin ucuzlaşan zaman satılıb.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz