Axtarış...

“NBC Bank” da İFLAS HƏDDİNDƏDİR - Əmanətçilər iki aydır vəsaitlərini ala bilmirlər



Azərbaycanın bank sektorunun ümumi artım göstəriciləri bir neçə bankın hesabına müsbət dinamika nümayiş etdirsə də, bir neçə bankın vəziyyəti kifayət qədər problemlidir. Belə banklardan biri “Atabank”dır ki, hazırda Mərkəzi Bank onun sağlamlaşdırılması ilə bağlı araşdırmalar aparır.

AFN-ə daxil olan məlumata görə, çətin durumda olan banklardan biri də “NBC Bank”dır. Bu banka əmanət qoymuş şəxslərin verdiyi məlumata görə, iki aya yaxındır əmanətlərini bankdan geri ala bilmirlər: “Hər dəfə bir bəhanə ilə bizi yola verirlər. İki gün əvvəlsə dedilər ki, hazırda bankın imkanı yoxdur pulumuzu qaytarmağa”. Müştərilərin sözlərinə görə, bank hətta cari hesablara xidmət etməyə belə vəsait tapmaqda ciddi çətinlik çəkir.
“NBC Bank”ın maliyyə hesabatlarından da aydın olur ki, qurumun vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, bankın cəmi aktivlərində 2018-ci ilin yekunu ilə müqayisədə 40,1 milyon manat, cəmi öhdəliklərində 38,45 milyon manat, cəmi kapitalında isə 1 milyon 694 min manat artım baş verib. Ötən il ərzində bank depozitlərin məbləğini 106 milyon 426 min manatdan 142 milyon 766 min manata, kredit portfelinin həcmini isə 212 milyon 204 min manatdan 252 milyon 598 min manata qədər artıra bilib.
Bankın faiz gəlirləri 1 milyon 829 min manat, qeyri-faiz gəlirləri 1 milyon 212 min manat, faizlər və onlara bağlı xərcləri 4 milyon 323 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 407 min manat artıb, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 1 milyon 764 min manat azalıb. Nəticədə bankın vergilər ödənilənədək xalis mənfəəti cəmi 200 min manat artaraq 1 milyon 350 min manat təşkil edib.
Ötən il dövlətin fiziki şəxslərin xarici valyutada olan kreditlərinə kompensasiya ödəməsi, həmçinin manatla olan problemli kreditlərin restrukturizasiyasına dəstək verməsi nəticəsində NBCBankın bir sıra göstəricilərində müsbət dinamika qeydə alınıb. Belə ki, vaxtı keçmiş kreditlərin ümumi məbləği 11,157 milyon manatdan 9,048 milyon manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 5.26 faizdən 3.58 faizə, ümidsiz kreditləri 8 milyon 544 min manatdan 5 milyon 883 min manata düşüb. Lakin ötən il ərzində bankın qeyri-qənaətbəxş kreditlərinin məbləği 1 milyon 133 min manatdan 1 milyon 859 min manata, təhlükəli kreditləri 90 min manatdan 354 min manata çatıb.
Qeyd edilənlərlə bağlı bankın mövqeyini öyrənmək istəsək də, 932 qısa nömrəsinə zəng edərək etdiyimiz cəhdlər cavabsız qaldı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz