Yola saldığımız 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 923,6 milyon dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən il ərzində Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği 3 milyard 434,1 milyon manat (2 milyard 20,1 milyon dollar) olub. Nəticədə toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 6,5%-nə bərabər olub.
Məlumat üçün qeyd edək ki, ötən il Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik olub. Hazırkı sədr Səfər Mehdiyev ötən ilin aprel ayının 24-dən etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. İlin ilk 4 ayında isə Komitəyə rəhbərlik Aydın Əliyev tərəfindən həyata keçirilib.
Aylar üzrə toplanan gömrük vergi və rüsumlarının məbləğinə baxdığımız zaman belə görünür ki, ilin ilk 4 ayında, yəni Aydın Əliyevin Komitəyə rəhbərlik etdiyi dövrdə daha çox vəsait toplanıb. Belə ki, ötən ilin ilk 4 ayında ümumilkidə 8 milyard 679,7 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 6,9%-i səviyyəsində - 604,5 milyon dollar gömrük vergi və rüsumları yığılıb. Ötən ilin son 8 ayında isə ümumilkidə 22 milyard 244,8 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 6,3%-i səviyyəsində - 1 milyard 415,6 milyon dollar gömrük vergi və rüsumları toplanıb.
Ən yüksək gömrük vergi və rüsumları ötən ilin fevral ayında toplanıb. 2018-ci ilin fevral ayında ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 935,2 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 8,8%-i həddində (156,4 milyon dollar) olub. Ən az gömrük vergi və rüsumları isə dekabr ayında yığılıb. Dekabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 2 milyard 709,6 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 3,9%-i həddində (106,5 milyon dollar) olub.