Axtarış...

İşğalçı ölkədə inqilab sonrası məyusluq pik həddə - TƏHLİL

İşğalçı ölkədə inqilab sonrası məyusluq pik həddə - TƏHLİL


Dünən mənfur qonşularımız 29 il öncə (2 sentyabr 1991) uydurduqları “Dağlıq Qarabağın müstəqilik günü”nün ildönümünü bayram ediblər. Söhbət keçmiş DQMV-nin Azərbaycanın tərkibindən qanunsuz şəkildə çıxması haqda bəyannamədən gedir. Ən əvvəl ona görə qanunsuz ki, o vaxt SSRİ hələ rəsmən dağılmamışdı və qüvvədə olan Sovet Konstitusiyasının 6-cı bəndinə görə, “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”di.

İşğalçı tərəf göyə də çıxsa, yerə də girsə, bu, bir hüquqi gerçəkdir və ondan heç vaxt qaça bilməyəcək. Necə ki, 30 ildir qaça bilmir: beynəlxalq birlik Dağlıq Qarabağdakı oyuncaq rejimi haqlı olaraq, “dövlət” kimi tanımır. Hətta işğalçı Ermənistanın özü də buna cürət eləmir. Bununla belə, bütün müttəfiq respublikalar Rusiyanın yanından dağılışıb getsə də, bu günədək Rusiyanın ətəyindən bərk-bərk yapışıb qalan “müstəqil Ermənistan”da abırsızcasına “artsax” adlı ikinci erməni dövlətinin varlığından dəm vururlar.

Ancaq hansı mifik “ikinci erməni dövləti”ndən söhbət gedir, əgər heç birinci - Ermənistan adlı kvazi-dövlətin özü belə baş tutmayıbsa, düşmən ölkənin xarici sərhədlərini rus əsgərləri qoruyursa, onun ərazisində Rusiyanın 7 minlik hərbi kontingenti və iki hərbi bazası varsa, İrəvan mərkəzi aeroportuna belə, FTX (“FSB”) nəzarət edirsə? Biz hələ düşmən ölkənin iqtisadi və energetik baxımından tamamən Rusiyadan asılı olmasını demirik.

*****

İndi guya inqilabçı baş nazir Nikol Paşinyan bu tilsimi qıracaqdı. Ermənistanı Rusiya orbitindən uzaqlaşdıracaq, inqilab öncəsi verdiyi vədlərə uyğun şəkildə onu KTMT-dən (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyindən çıxaracaq, Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsini erməni əsgərlərinə həvalə edəcəkmiş.

Bunların heç biri olmadı. Paşinyanın onu hakimiyyətə gətirən narazı kütləyə verdiyi iqtisadi möcüzə, cənnət vədləri də eləcə. Artıq məlum olur ki, bütün bunlar sırf hakimiyyəti ələ keçirmək üçün Nikolun işlətdiyi fəndlər, siyasi bicliklər imiş. Amma vədlər unudulmayıb və belə görünür, bu, ona - “məxməri” baş nazirə ucuz başa gəlməyəcək. Çünki məsələ Ermənistanın xarici siyasət prioritetləri ilə yanaşı, erməni əhalinin xoş güzəranla bağlı ümidlərinin puç olması ilə bağlıdır.

Erməni mediasında Paşinyan hökuməti əleyhinə çoxalan sərt tənqidi yazılar qənaətimizə şübhə yeri saxlamır.

*****

“Gümrüdəki 102-ci bazanın bizim təhlükəsizliyimizin qarantı olduğuna inanan cənab Zoqrab Mnatsakanyana (Ermənistan XİN başçısı - red.) bircə sual vermək istərdim: doğrudanmı siz uzağı pis görürsünüz, yoxsa bizi axmaq sayırsınız?”

“Yeni Müsavat”ın məlumatına görə, Taves Arşakyanın Armenianterpot.com-dakı təhlili məqaləsi bu sualla başlayır.

Müəllif daha sonra Paşinyanın verdiyi və artıq unutduğu vədləri yada salaraq qeyd edir ki, Ermənistanın “inqilabçı” hökumətin Rusiyanın xeyrinə transformasiyası artıq tam sürətlə gedir: “Və təəssüflər olsun ki, son iki il yarımdakı reallıqlar xarici siyasət də daxil, bir çox sahələrdə Nikol Paşinyanın siyasətinin tamamilə transformasiyasına gətirib çıxarıb. Serj Sərkisyanın yanlış xarici siyasət yürütməsi barədə bütün tribunalardan bar-bar bağıran keçmiş alovlu müxalifətçidən indi əsər-əlamət qalmayıb. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, xarici işlər naziri Mnatsakanyan İnterfaks-a müsahibəsində bildirib ki, ”Gümrüdəki 102-ci Rusiya hərbi bazası bölgədə təhlükəsizliyin təmin olunmasına kömək edir və İrəvanın onun saxlanmasında maraqlıdır". Onu da deyib ki, “Ermənistanla Rusiyanın təhlükəsizlik sahəsində ortaq maraqları var və məhz bu qarşılıqlı maraqlar əsasında biz təhlükəsizliyi təmin etmək üçün ortaq hədəf izləyirik. Hərbi baza da bu hədəfə çatmağı mümkün edir”. Halbuki Paşinyan müxalifətçi deputat olduğu zaman, az qala hər gün Rusiya ilə hərbi müqaviləyə yenidən baxılması və 102-ci bazanın Ermənistandan çıxarılmasının zəruliyi barədə danışırdı. Nikol Paşinyan eyni zamanda Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün ölkəmizin və xalqımızın maraqlarına cavab vermədiyi, gələcəyimizin yalnız NATO, Avropa Birliyi və ABŞ-a bağlı olmasından bol-bol danışardı. Ancaq “məxməri inqilab”ın Ermənistanda qalib gəlməsindən iki il yarım keçib, “yük” isə necə deyərlər, hələ də köhnə yerində qalır. Hələ də biz Avrasiya İqtisadi Birliyinin və KTMT-nin üzvüyük, hərbi baza hələ də ölkəmizin ərazisindədir, Qərbə doğru hərəkətdən isə əsər-əlamət yoxdur".

Erməni şərhçiyə görə, artıq Paşinyan da Köçəryan və Sərkisyan kimi, Qərbdə rusiyapərəst bir siyasətçi kimi qəbul edilir - buradan çıxan bütün nəticələri ilə birgə. “Beynəlxalq təşkilatların Bakının istəklərinə və ”artsax"ı ələ keçirmək xəyallarına necə razılıq verdiyinə baxmaq kifayətdir ki, aydın olsun ki, Qərbdə Paşinyana münasibət artıq inqilabdan sonrakı ilk aylarda olduğu kimi deyil. Ancaq axı təkcə sadəlövh avropalılar və amerikalılar Paşinyana aldanmadı. O, öz xalqını da barmağına dolamağı bacardı - o xalq ki, 2018-ci ilin aprelində onu Gümrüdən İrəvana qədər müşayiət eləmişdi. O ümidlə ki: birincisi, ölkədə dolanışıq yaxşılaşacaq, ikincisi, biz nəhayət, sivil Qərbin parçası olacağıq, nəinki gözümüz önündə çürüyən Rusiyanın. O Rusiya ki, Ermənistana öz təsirini yalnızca burada geniş şaxələnmiş “beşinci kolon” sayəsində saxlamır, həm də bunu başımız üstündə “Domokl qılıncı” və yumruq kimi asılı qalan 102-ci baza hesabına edir", - deyə məqalənin sonunda vurğulanır.

*****

Ermənistan üzərində “Domokl qılıncı”nı isə yalnızca Bakı və Ankara götürə bilər. Ermənistan həqiqətən də xilas olmaq, Rusiyanın koloniyası olmaqdan çıxmaq istəyirsə, o zaman “xilas kəməri”ni Azərbaycan və Türkiyədən istəməlidir. Yolu bəlli: işğalçı siyasətə, əsassız torpaq iddialarına son qoyub bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanımaq. Əks halda, ermənilərin böyük müsibətləri hələ qabaqdadır. Lap 5 “məxməri inqilab” olsun... //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz