Axtarış...

Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? - TƏHLİL

Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? - TƏHLİL


Rusiyada Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutdu. Yeni dəyişiklik Vladimir Putinin Rusiyanın ömürlük dövlət başçısı olması üçün (2036) yolunu açmış oldu. Hazırkı prezident 2024-cü ildə və 2030-cu ildə keçiriləcək prezident seçkilərində də namizədliyini verə bilər. Bu isə Putinin növbəti 16 ildə də Rusiyanın rəhbəri olması deməkdir.

Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyinin həlledici mövqe olduğu reallığını nəzərə alsaq, qarşıdakı illərdə Qarabağ məsələsinin necə olacağı sualı meydana gəlir? Fakt budur ki, Putinin 20 illik hakimiyyəti dövründə konfliktin həllində irəliləyiş olmayıb. Putinin hakimiyyət dönəmində, ümumiyyətlə, Qarabağ münaqişəsinin nizamlanması mümkün görünürmü?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Qarabağ məsələsində mövcud status-kvonun saxlanması uzun müddətdir Rusiyanın bu məsələyə münasibətdə tutduğu mövqe üzündən mümkün olur: “Bəzi hallarda bu vəziyyətə münaqişənin dondurulması da deyirlər. Münaqişənin dondurulması da birbaşa Rusiyanın ayağına yazılır. Qarabağ probleminin diplomatik həlli istiqamətində uğurların olmamasının əsas səbəblərindən biri də Rusiyanın Ermənistanı açıq-aşkar müdafiə etməsidir. Sözdə nə qədər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, münaqişənin hər iki tərəfi təmin edəcək variantının reallaşmasının tərəfdarı olduqlarını bəyan etsələr də, əməldə öz forpostları olan Ermənistana dəstək verirlər. Ermənistanda Rusiya hərbi bazası yerləşir, Ermənistanın sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyur. Ermənistanı Rusiyanın quberniyası adlandıranlar əslində yanılmırlar. Ermənistana Rusiyanın daha çox təsiri məhz Vladimir Putinin indiyə qədər olan hakimiyyəti dövründə yaranıb. İşğalçı ölkədə istənilən proses Putinin bircə işarəsi ilə başlanır və ya dayanır. Bu baxımdan əminliklə söyləmək mümkündür ki, arxada qalan 20 ildə Vladimir Putinin bircə qəti əmri işğalçı erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması üçün yetərdi. Lakin təəssüf ki, Kreml sahibi indiyə qədər belə bir əmri öz forpostuna verməyib. Keçmiş uzunmüddətli təcrübədən də çıxış etsək, bu qənaətə gələ bilərik ki, Vladimir Putin bundan sonra hətta daha 20 il də hakimiyyətdə olsa, Dağlıq Qarabağ məsələsinə Rusiyanın münasibəti dəyişməyəcək.

Azərbaycan şimal qonşusu ilə səmimi, dostluq münasibətlərinə həmişə çalışır. Lakin qarşı tərəf Qarabağ məsələsində həmişəki siyasətdən imtina etmir. Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsinin, Qarabağ məsələsində hazırkı status-kvonun ədalətli dəyişməsinin yolu Rusiyada hakimiyyətdə kimin olmasından keçmir. Yeganə yol Azərbaycanın silahlı qüvvələrinin, dövlətin və xalqın bütün resurslarının hərəkətə gətirilməsidir. Yalnız bu halda biz dünyanı, o cümlədən Rusiyanı fakt qarşısında qoya və Ermənistanın geri çəkilməsini təmin edə bilərik. Biz Rusiyada kimin hakimiyyətdə olmasına, kimin hakimiyyətdə qalmasına və ya kimin hakimiyyətdən getməsinə ümid etməməliyik”.

Politoloq Əhəd Məmmədli isə öncə Putinin referendum yolu ilə daha 2 dəfə prezident seçilmək imkanlarını özü üçün tanımasına toxundu: “Putin rus dövlətinə lazımdır. Əslində Putin elə rus dövləti deməkdir. Putin olmasa, Rusiya hətta dağıla bilər. Putin böyük, güclü liderdir. O, imperiya təfəkkürlü bir rus millətçisidir. Son çıxışları da buna dəlalət edir. Onsuz da böyük Rusiyanı daha da böyütmək istəyir. Putinin siyasi hakimiyyət ömrünün uzadılması Dağlıq Qarabağ məsələsinin həllində hansısa müsbət dəyişiklik gözləməyə əsas vermir. Bu gün Kreml sahibi nəinki keçmiş SSRİ məkanındakı ərazi münaqişələrini aradan qaldırmaq fikrində deyil, hətta qonşulara açıq-aydın ərazi iddiaları irəli sürür. Ona görə də indidən deyə bilərik ki, Putinin hakimiyyət ömrünün uzanması şəraitində Dağlıq Qarabağ məsələsinə Rusiyanın münasibəti dəyişməz olaraq qalacaq.

Sadəcə olaraq, Putin Rusiyası ilə Ermənistan arasında indiki ziddiyyətlərdən Azərbaycan istifadə edib Qarabağ məsələsində öz xeyrinə hansısa irəliləyişlərə nail ola bilər. Heç kəsə sirr deyil ki, Paşinyanla Putinin ulduzları heç cür barışmır. Paşinyan Rusiyanın adamları Köçəryan, Sərkisyan və Tsarukyanla savaşdadır. Ermənistan siyasi-iqtisadi-sosial problemlərin içindədir və gündən-günə bu problemlər daha da dərinləşir. Koronavirus da bu problemləri daha da dərinləşdirir. Azərbaycan üçün münbit şərait yaranıb ki, Qarabağ məsələsini birdəfəlik öz xeyrinə həll etsin. Əks halda, bu fürsət də əldən verilsə, Putin Rusiyası Ermənistanla münasibətini yenidən düzəldəndən sonra Qarabağı Azərbaycan birdəfəlik itirə bilər".
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz