Axtarış...

Bakının işğalçıya qarşı cəza əməliyyatının nəticəsi indidən bəllidir... - TƏHLİL

Bakının işğalçıya qarşı cəza əməliyyatının nəticəsi indidən bəllidir... - TƏHLİL

Dağlıq Qarabağa dair sülh danışıqlarında hər itirilən ay şübhə yox ki, genişmiqyaslı müharibəyə işləyir. Dəfələrlə yazdığımız kimi, atəşkəs sülhlə nəticələnməyəcəksə, demək, mütləq yeni hərbi toqquşma ilə sonuclanacaq. Ona görə ki, Azərbaycan öz qanuni torpaqlarının işğalı və ərazisində ikinci qondarma erməni dövlətinin qurulması ilə heç vaxt barışmayacaq. Bunu ATƏT-in Minsk Qrupu da daxil, beynəlxalq birlik və işğalçı tərəf yaxşı bilir.

Hələ ki rəsmi Bakı bəzi geosiyasi reallıqları, o sırada Rusiya amilini nəzərə alaraq, özünün ərazi bütövlüyünü silah gücünə bərpa eləmək qərarını vermir. Danışıqların davamı üçün sonuncu şans pəncərəsini açıq saxlayır. Lakin belə sülhpərvərlik düşmən ölkə və vasitəçilər tərəfindən Azərbaycanın zəifliyi kimi qəbul edilməməlidir, qəbul edilə bilməz. Hər halda, ölkəmizin hərbi potensialı, silahlı qüvvələrinin işğalçı Ermənistanla müqayisədə qat-qat üstün döyüş qabiliyyəti hamıya məlumdur. Bunu İrəvanda da etiraf edirlər.

Yeri gəlmişkən, bugünlərdə “Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısı ilə bağlı yeni hesabat açıqlayıb. Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu qərarlaşıb. Türkiyə siyahıda 9-cu, İran 14-cü, Gürcüstan isə 85-cidir. İşğalçı Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

*****

Azərbaycanın bu göstərici üzrə irəliləməsi, Ermənistanın isə geriləməsi tamamilə məntiqlidir. Ötən bir ildə ölkəmiz özünün yerli hərbi sənaye kompleksini daha da inkişaf etdirib, təzə hərbi zavodlar açılıb, hərbi hisslər və şəhərciklər salınıb, silahlı qüvvələrimizin sərəncamına yeni və müasir silahlar, döyüş sistemləri verilib. İşğalçı Ermənistan isə hələ də Rusiyanın “əlinə” baxır, güzəştli kredit hesabına Moskvadan ucuz silahlar alacağına ümid edir.

Lakin bütün bunlar təbii ki, Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq üçün yetərli deyil. Odur ki, İrəvanın tək ümidi Bakının antiterror əməliyyatına Rusiyanın əngəl olacağınadır. Rusiyanın başı isə indi xeyli dərəcədə başqa problemlərə qarışıb. Üstəgəl, Moskva-Ankara, Moskva-Bakı münasibətləri özünün inkişaf dövrünü yaşayır. Xüsusən də qardaş ölkə ilə şimal qonşumuz arasında sıxlaşan əlaqələr, Türkiyənin bölgədə daha da artmaqda olan nüfuzu Ermənistanın Rusiyaya olan ümidlərini basdıra bilər.

“Bu gün Yaxın Şərqdə və Mərkəzi Asiyada siyasi dəyişikliklərin aktiv fazası müşahidə edilməkdədir. Məsələn, əgər əvvəllər Cənubi Qafqaz regionuna ən güclü təsir imkanı Rusiyada idisə, bu gün artıq Türkiyə hesablaşılmalı gücə çevrilib. Ərdoğanın artan nüfuzu dünya səhnəsində onun ölkəsinin regional superdövlət adlanmasına imkan verir”.
Bu sözləri Azərbaycan mediasına açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib. Onun sözlərinə görə, məhz bu faktor artıq ilin sonu üçün bir sıra rayonları işğaldan azad eləməkdə Azərbaycanın əlinə işləyir. “Bakı minimal hərb güc tətbiq eləməklə antiterror əməliyyatı başlaya və artıq bu ilin sonu üçün bir neçə rayonunu işğaldan azad edə bilər. Bu gün Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycanın güclü ordusu ilə bərabər səviyyədə heç bir neçə saat döyüşə bilməz. İrəvanın Moskvadan kömək gözləməsinə isə dəyməz. Kremli onsuz da Ermənistanın indiki hakimiyyətinin aydın olmayan mövqeyi bezdirib. Üstəlik, Türkiyə Azərbaycanın tərəfindədir. Paşinyana heç kim kömək etməyəcək. Bütün dünya Bakının tərəfini tutacaq, ona görə ki, söhbət Qarabağda müharibədən yox, antiterror əməliyyatından gedəcək - hansı ki, beynəlxalq hüququn heç bir normasını pozmur”, - deyə politoloq əlavə edib.

*****

Gerçəkdən də Azərbaycan hərbi varianta əl atsa belə, yenə beynəlxalq hüquq normaları daxilində hərəkət edəcək. Heç bir başqa ölkəyə, o cümlədən tarixi türk torpaqlarında yaradılmış Ermənistana - Rusiyanın hazırkı forpostuna bizim hücum eləmək planımız yoxdur. Bunu da İrəvanda yaxşı bilirlər - yalandan dünyaya car çəkib, diqqəti əsas məsələdən, işğal faktından yayındırmağa, Rusiyanı Qarabağ münaqişəsinə cəlb eləməyə çalışsalar da.

Dünyanın 52-ci ordusunun 96-cı işğalçı ordusuna qarşı cəza əməliyyatının nə ilə nəticələnə biləcəyi isə indidən bəllidir. Ermənistanın Naxçıvan əleyhinə hərbi xarakterli təxribatına da şəkk-şübhəsiz, layiqli cavab veriləcək. Odur ki, nə qədər bütün şanlar itirilməyib, İrəvan “daşı ətəyindən töküb” Qarabağ məsələsində konstruktiv mövqe tutsa, bir o qədər onun özü üçün yaxşı olar. Vaxt daralır. Bakı sülh danışıqları üçün sonuncu qapını hər an bağlaya bilər.

Bu arada Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb. Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.

Belə bir çay süfrəsi günün birində mütləq Şuşada və Xankəndində də olacaq. O gün yaxınlaşır ki, uzaqlaşmır... \\musavat.com\\
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz