"Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması "Artsax”ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”.
Publika.az xəbər verir ki, bu haqda "Tert.am”la söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib.
Onun sözlərinə görə, "hərbi-siyasi ittifaq” haqqında müqavilənin bağlanması ardınca yeni vəziyyət yarada bilər.
"İstisna edilmir ki, müqavilənin bağlanması Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”, - Naqapetyan söyləyib.
"Ermənistan müqavilədən asılı olmayaraq, "Artsax”ın əhalisinin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürüb. Müqavilənin bağlanmasına gəlincə, bu, hər şeydən əvvəl onu bildirəcək ki, Ermənistan "Artsax”ı subyekt kimi tanıyır”, - hərbi ekspert vurğulayıb.
Təmas xəttində indiki sakit vəziyyətə gəlincə, ekspertin fikrincə, bunu sülh üçün ilkin şərt hesab etmək olmaz. Onun sözlərinə görə, vəziyyət istənilən vaxt kardinal dəyişə bilər. Ekspert hətta indiki situasiyanın gec-tez genişmiqyaslı hərbi əməliyyatların yenilənməsinə gətirib çıxaracağını əminliyini ifadə edib.
Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan isə qondarma qurumla Ermənistan arasında "hərbi-siyasi ittifaq”ın tərəfdarı olduğunu deyib. O, həmçinin bildirib ki, Dağlıq Qarabağla Ermənistanın "yenidən birləşdirilməsi” prosesinə başlamağı əhəmiyyətli hesab edir.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ötən həftə Daşnaksütyun Partiyasının ümumi iclası keçirilib. Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq "hərbi-siyasi ittifaq” haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və "müstəqilliyinin” qarantı öhdəliyi ilə çıxış etməsi.
Xatırladaq ki, hələ ötən ilin noyabrında qondarma respublikanın "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimlə "hərbi-siyasi ittifaq” haqqında razılaşma imzalayacağını bəyan edib.
"Bu, elə bir sənəd olmalıdır ki, orada Ermənistanın "Artsax xalqı”nın təhlükəsizliyinin qarantı olması qeyd edilsin. Biz bu təkliflə Ermənistanın rəhbərliyinə may ayında müraciət etmişik və təklifimiz qəbul olunub”, - Balasanyan vurğulamışdı.
O qeyd etmişdi ki, Ermənistandakı daxili siyasi hadisələrlə bağlı "sənəd”in imzalanması təxirə salınıb.
"Ancaq düşünürəm ki, parlament seçkilərindən qısa müddət sonra bu sənəd imzalanacaq”, - Balasanyan söyləmişdi.