Axtarış...

“Ermənistan fürsəti əldən verərək sülhü uduzub” - Ramiz Mehdiyev



Münaqişənin sonradan SSRİ-ni dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazır: “Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu”.

Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müddəa Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrini xatırladır.

Bununla yanaşı, əsərdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, o cümlədən Budapeşt, Lissabon samitlərində münaqişənin həlli istiqamətində irəliləyişlər də diqqətə çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin ikili standartları problemin həllinə mane olan amillərdən biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.

Ermənistan fürsəti əldən verərək sülhü uduzub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” məqaləsindən götürülən tezislər bu gün də aktuallığını saxlayır. Yaxud “BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu ilin əvvəllərində apardığı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmada sülhün qonşu dövlət üçün faydaları göstərilir.

Eləcə də siyasi kontekstdə, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvidə qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər tərəfindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının dəyişmədiyini vurğulayır. Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: “Danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.

Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harrold Keynin “Narko-Qarabağ” kitabına istinadla açılıb göstərilir.

Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlərini xatırladan akademik Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.

Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsəvvür yaradır. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsər politoloji tədqiqatlar, siyasi araşdırmalar üçün də mötəbər mənbədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz