Axtarış...

Tahir Gözəl: “Şerif” bizimlə qarşılamaya əvəz kimi baxa bilər” - MÜSAHİBƏ



“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Sileks” oyunu (4:0) barədə fikirlərini bildirib:

– Əlbəttə, komandam qələbə qazandığıma görə çox sevincliyəm. “Qarabağ” beş aydan çoxdur rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq qələbə qazandı. Baş məşqçimizi, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc hər zaman əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başlanğıcındayıq. Oyundan-oyuna performansımızı daha da artıracağımıza inanıram.

– Vurğuladınız ki, beş ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdinizmi?

– Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanmağı heç də əsas deyil. Əla qələbə qazandıq. Amma bu hesab bizi aldatmamalıdır. Vurulan dörd qol bizi arxayınlaşdırmamalıdır. Və ya bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mücadilə etdilər. Bilirik ki, hələ çox işləməliyik, bizi daha çətin qarşılaşmalar gözləyir. Qələbədən məmnunam. Amma artıq bu oyunu unudub növbəti matçları fikirləşmək lazımdır.

– Ötən mövsümlə müqayisədə komandada ciddi dəyişikliklər olub. Komanda yenilənib və gəncləşib. Sizin hər zaman fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.

– Əlbəttə, “Qarabağ”da nə qədər çox yerli gənc olsa bu olduqca yaxşı olar. Bunu həmişə vurğulamışam. Amma unutmayaq ki, “Qarabağ” daim hədəfləri olan komandadır. Uğur yolunda təcrübə mühüm amildir. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bu gün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdır. İnanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev olma şansı var. Bunun üçün üzərilərində çalışmaları və hazır olmalıdırlar.

– “Qarabağ”da yeni adlar – transferlər görə biləcəyikmi?

– Dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər komandamızın baş məşqçisi Qurban Qurbanova aiddir. Bilirsiniz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlarda qarışıqlıq, eyni zamanda iqtisadi durumlar futbolçu seçimini, transferini qəlizləşdirib. Amma buna baxmayaraq, arayışlar davam edir. “Qarabağ”ın fəlsəfəsinə, duruşuna və tələblərinə uyğun futbolçuları sıramıza qatmağa çalışacağıq.

– “Qarabağ”ın növbəti rəqibi “Şerif” – “Fola” cütünün qalibi olacaq. Bu mərhələdə yenidən sayca üçüncü dəfə Moldova təmsilçisi ilə qarşılaşma ehtimalı var. Komandanın bu mərhələdə şansını necə görürsüz?

– Hər nə qədər “Şerif”in şansı yüksək qiymətləndirilsə də, Çempionlar Liqası turnirində matç bitmədən danışmaq düzgün olmaz. Düzdür, “Şerif”in evdə oynadığını nəzərə alsaq, qələbəyə yaxın görünür. Moldovalılarla oynayası olsaq, işimiz heç də asan olmayacaq. Nəzərə alsaq ki, hər iki halda “Şerif”i məğlub etmişik, bizimlə qarşılamaya əvəz kimi baxa bilərlər. İstənilən halda, komandama inanıram. Amma yenə də bu haqda oyundan sonra danışmaq daha düzgün olar.

– Mahir Emreli qol vurduqdan sonra əsgər salamı verməklə yadda qaldı. Hücumçunun bununla iyul hadisəsi zamanı qəhrəmanları yad etməsini necə qarşıladınız?

– Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildir “Qarabağ”a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: “Qarabağ”ın, Azərbaycanın naminə meydana çıxdığınızı unutmayın. Klubda mütəmadi Qarabağ – Azərbaycan həqiqətlərinin mahiyyəti barəsində iş görülür. Mahirin bu hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl “Qarabağ” futbolçusu ölkəsinə, bəşəri hadisələrə həssas olmalı və əlindən gələnin ən yaxşısını etməlidir.

– Bu yaxınlarda iyul hadisələri zamanı da “Qarabağ”da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarıcı vermişdiniz. Ümumiyyətlə, klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?

– Çox sevinirəm ki, komandamızın futbolçuları hansı klubu təmsil etmələrinin fərqindədir. “Qarabağ”ın formasını geyinən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının ağırlığını anlamalıdır. İyul hadisələri zamanı nəinki hazırkı, eyni zamanda sabiq futbolçularımız “Qarabağ”a, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda, 2016-cı il hadisəsi zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində və sevgisində idi. Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridir. 26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdir. Mənim üçün idman uğurlarından daha çox idman əxlaqı, duruşu önəmli olub. Əgər bir klubda bunu formalaşdırsan, uğurlar da gələcək. Buna həmişə inanmışam. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Qarabağ”ı qəbul edərkən idman nailiyyətəriylə yanaşı, duruşunu, mənəviyyatını xüsusilə vurğulamasını, klubun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidir. Bu bizi qürurlandırmaqla yanaşı, yeni hədəflərə kökləyir. Biz mənəvi gücümü adımızdan, ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamından alırıq.

– “Qarabağ”ı bu il yenidən avrokuboklarda qruplarda görə bilərikmi?

– Komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il bundan qabaq kimsə desəydi ki, “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl altı il avrokuboklarda qrup mərhələsində iştirak edəcək heç kim ona inanmazdı. Amma o gün də, bu gün də komandama inanıram. “Qarabağ” artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus bir markadır. Komandamız yenə də inanılmazı bacararaq, uğurlu nəticələr əldə edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz