“Sevilya”nın prezidenti Xose Kastro “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunu haqda fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, “AS” qəzetinə müsahibəsində o deyib ki, hazırda sentyabrın 22-si, yəni “Qarabağ”la matçdan 3 gün sonra “Real” Madridə qarşı keçiriləcək matçı düşünmürlər.
“Mən hazırda “Qarabağ”ı, yalnız “Qarabağ”ı və “Qarabağ”ı düşünürəm. “Real”la oyuna hələ bir neçə gün var. “Qarabağ”a ciddi yanaşmalıyıq. Onlar hazırda öz liqalarında birinci yerdədirlər. İki il əvvəl “Atletiko”nun Çempionlar Liqasının erkən tərk etməsinin, dırnaqarası günahkarı da “Qarabağ”dır. Biz onlara hörmətlə yanaşmalıyıq”.
Klub prezidentinin fikrincə, “Qarabağ”la görüşdə heyətdə rotasiyalar olacaq: “Bu, məntiqlidir. Çünki hər üç gündən bir oynayırıq. Ona görə də məşqçi dəyişiklik edə bilər. Bu, onun hüququdur”.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.