Koronavirus (COVİD-19) pandemiyası Azərbaycanda həyatın bir çox sahələrinə təsir göstərib. Təhsil müəssisələri bağlanıb, idman yarışları təxirə salınıb və.s bunun kimi tədbirlər həyata keçirilib.
Maraqlıdır ki, müxalif partiyalarda yaranmış vəziyyət öz təsirini necə göstərir? Virusla əlaqədar olaraq, iclaslar təxirə salınıbmı?
Məsələ ilə bağlı bəzi partiya üzv və onların rəhbərləri Yenisabah.az-a açıqlama verib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, ölkəmizdə yayılan pandemiya səbəbindən partiyanın bütün iclasları təxirə salınıb:
“Koronavirusla əlaqədar olaraq, partiyanın müvəqqəti qərargahında profilaktik tədbirlər həyata keçirilir. Bizim Siyasi Şura ayda iki dəfədən gec olmayaraq çağırılır. Eyni zamanda mütəmadi olaraq, partiyanın aparat iclasları olur. Onlar təxirə salınıb. Həmçinin, yaxın zamanlarda Mərkəzi Şuranın növbəti iclası nəzərdə tutulmuşdu, o da təxirə salındı.
Yəni tədbirlər və toplantılarımız var idi, lakin koronavirus səbəbi ilə onları təxirə salmaq məcburiyyətində qaldıq. Ümumiyyətlə, bu elə bir virusdur ki, həm özünü, həm də ətrafındakıları düşünməlisən. Çünki onların da yoluxmasına səbəb ola bilərsən. Bu baxımdan, hər kəs öz məsuliyyətini dərk etməlidir. Çalışırıq ki, təmaslarda az olaq, insanların çox olduğu yerlərdən qaçaq, tətbiq edilən tədbirlərə əməl edək. O tədbirlərdən özümü kənarda saxlamıram, çalışıram, özümü virusdan qoruyum. Məsələyə ciddi yanaşıram. Bu pis pandemiyadır. Hər kəs diqqətli olmalıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda insanlar tərəfindən buna qeyri-ciddi yanaşmalar var. İnsanlar virusun nə qədər təhlükəli olduğunun fərqində deyillər. Bu da riski daha da artırır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkədə rəsmi şəkildə koronavirus təhlükəsi aradan qalxana qədər bütün iclasların ləğv edildiyini söyləyib:
“Dünən İdarə Heyətinin yığıncağı oldu. Orada qərar qəbul etdik ki, rəsmi şəkildə Azərbaycan hökuməti koronavirus təhlükəsinin aradan qalxmasını elan edənə qədər partiyada bütün tədbirlər təxirə salınsın. Hətta İdarə Heyətinin iclasları çağırılmasın. Zərurət olmadan, heç kəs partiya binasına gəlməsin, üzvlərimiz bir yerə yığışmasın. Bu pandemiyanın başa çatmasına qədər mümkün qədər göstərilən şərtlərə əməl edilsin. Özüm ofisə gəlirəm. Çünki hər hansı bir siyasi hadisə olarsa, gərək, partiyanın adından mövqe ifadə edəm. Fəaliyyətimdə ciddi dəyişikliklər etməmişəm. Amma çalışıram ki, başqa adamlarla az məsafə saxlayım. Mən namaz qılan adamam. Ən azından buna görə, gündə 5 dəfə əl-üzmü yuyuram. Əlbəttə, gigiyenik qaydalara əməl edirəm, bu vacibdir. Kabinetdə spirt saxlayıram. Mütəmadi olaraq, əlimi spirtləyirəm”.
Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi Natiq Cəfərli açıqlamasında qeyd edib ki, iclaslraın təxirə salınması səbəbindən vacib problemlər sosial şəbəkə üzərindən həll edilir:
“Bizdə 2 həftədən bir şənbə günləri mühazirələr təşkil olunurdu. Bunlar təxirə salınıb. Regional müşavirələr olurdu. Yəni, həftələr öncə planlaşdırmışdıq ki, regionlardakı nümayəndələrimiz bayramdan qabaq Bakıya gəlsin və böyük tədbir keçirilsin. O da təxirə düşdü. Ümumiyyətlə, çalışırıq ki, partiyanın ofisində daha az insanlarla görüş təşkil edilsin. Demək olar ki, toplu görüşlərdən imtina etmişik. Ofisdə hələ ki, bir neçə nəfərlə çalışırıq. Daha çox yeni texnologiyaların imkanlarından istifadə edirik. Əgər, bir problem varsa, bunu “Skype”, “WhatsApp”, “Facebook” vasitəsi ilə həll edirik. Hələ ki, aprelin 1-ə qədər işimizi buna uyğunlaşdırmağa qərara vermişik. Özüm fərdi olaraq, ictimai nəqliyyatdan istifadə etmirəm, çünki şəxsi maşınım var. Toplu görüşlərə getmirəm. İctimai iaşə obyektlərinə getmirəm. Yalnız mağazalar istisnadır. Çalışıram, mağazalara 3 gündən bir gedim. Düzdür, tərəfdar deyiləm ki, bir dəfəlik 1 aylıq bazarlıq edilsin. Bu qiymət artımına səbəb ola bilər. Şəxsi gigiyenik vasitələrdən istifadə edirəm. Çantamda da var”.
Ümid Partiyasının sədri İqbal Ağazadə Operativ Qərargahın verdiyi xüsusi tapşırıqları yerinə yetirdiklərini və partiyanın girişində gigiyenik vasitələrin qoyulduğunu deyib:
“Koronavirusa görə partiyanın bütün iclasları təxirə salınıb. Partiyanın girişində gigiyenik vasitələr qoyulub. Onlardan istifadə edilir. Çalışırıq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi xüsusi tapşırıqlar əsasında fəaliyyət göstərək.
Əlahiddə həyata keçirdiyim bir tədbir yoxdur. Sadəcə çalışıram ki, sosial təmaslar minimuma endirilsin. Mümkün gigiyena qaydalarına əməl edirəm”.
Vətəndaş və İnkişaf Partiyasının sərdi Əli Əliyev iclasların bayram adı ilə təxirə salındığını vurğulayıb:
“Çalışırıq ki, təmaslarımızı azaldaq. İclaslarımızı bayram adı ilə təxirə salmışıq. Hamıya da tövsiyəm budur ki, təmaslar azaldılsın. Özüm də imkanım olduqca adamların çox olduğu yerdə olmuram. Anti-bakterial vasitələrdən istifadə edirəm. Deyim ki, onlar sadəcə qoruyur, xilas etmir. Gigiyenik qaydalara əməl edirəm”.
//yenisabah.az//