Gələn il fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı müxalifətin böyük kəsimi hələ ki seçim etməyib. Onların hansı qərarı verəcəkləri suallar doğurur.
AXP sədri, sabiq baş nazir Pənah Hüseyn seçkilərlə əlaqədar bazar günü partiyanın Mərkəzi Şurasının iclasının keçiriləcəyini bildirdi: “Bazar günü Mərkəzi Şura toplanmalıdır. Bu günə qədər hər halda müəyyən müzakirələr aparılıb. Böyük ehtimalla, qərar qəbul etmək üçün Mərkəzi Şura Siyasi Şuraya səlahiyyət verəcək. Seçkilərlə bağlı öz şəxsi mövqeyim budur ki, mövcud situasiyada siyasi vəziyyətdə əhəmiyyətli dərəcədə dəyişikliklər olmasa, iştirak etməyim.
Təbii ki, iştirak etmək istəyənlər də ola bilər. Bütün məsələləri müzakirə edəcəyik. Amma onu da deyim ki, bazar günü qərarımız üçün son gün olmaya bilər. Ola da bilər ki, Mərkəzi Şura həmin gün qərar qəbul etsin İstənilən halda gələn həftə qərar veriləcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə dekabrın 7-də son qərarı verəcəklərini söylədi: “Şənbə günü saat 11:00-da Ali Məclisin sessiyasıdır. Orada qərar veriləcək. Qərar verilsə, namizədlərin siyahısı haqqında danışacağıq. Həmin günü seçkilərlə bağlı son qərar günümüz kimi qəbul edə bilərsiniz. Rəyasət Heyəti tövsiyə verib ki, seçkilərdə iştirakla bağlı Ali Məclis qərar qəbul etsin”.
ADP sədri Sərdar Cəlaloğlu bazar ertəsi konkret qərarın veriləcəyini açıqladı: “Seçkilərdə iştirak etmək barədə prinsipial qərar vermişik. Birinci gün son qərarımızı mütləq verəcəyik”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hələ qərar vermədiklərini qeyd etdi: “Seçkilərdə iştirakla bağlı partiyamızın hələlik konkret qərarı yoxdur. Partiyanın rəhbər orqanlarında geniş müzakirələrdən sonra müvafiq qərar veriləcək. Müəyyən dost partiyalarla da müzakirələrimiz, məsləhətləşmələrimiz davam edir. Yaxın müddətdə hər şey aydın olacaq”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə boykotun tərəfdarı deyil: “Seçkilərin vaxtından əvvəl keçiriləcəyi ilə bağlı fikirlər səslənsə də, açığı, bunun bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası ilə eyni vaxta təsadüf etməsi gözlənilməz olduğu qədər də əlavə suallar yaradır və hesab edirəm ki, bu qərar parlament seçkilərində iştirak etməyi nəzərdə tutan əksər siyasi təşkilatları qəfil yaxaladı desəm, yanılmaram. Amma artıq seçkilərin keçiriləcəyi tarix rəsmi olaraq elan edilib və siyasi partiyaların müvafiq qurumlarında seçkidə iştirakla bağlı müzakirələrə başlanılıb. Mövcud vəziyyətlə əlaqədar AMİP Siyasi Şurasında Bakı, Sumqayıt və Abşeron rayon təşkilat sədrlərinin iştirakı ilə ətraflı müzakirələr aparılıb. Həftə ərzində digər rayon təşkilatlarımızın da fikirlərini öyrənmişik və artıq müəyyən qənaətimiz var. Yəqin ki, yaxın 2-3 gün ərzində seçkilərlə bağlı AMİP Siyasi Şurasının müvafiq qərarı olacaq. Şəxsi mövqeyimə gəldikdə, hazırkı durumda seçkiləri boykot etməyi məqbul hesab etmirəm. Hesab edirəm ki, siyasi partiya fəaliyyət göstərirsə, istənilən şərtlər daxilində keçirilən seçkilərə qatılmalı, seçkidə aktiv iştirak etməli və prosesin gedişində seçki pozuntuları, saxtalaşdırmalar olacaqsa, buna uyğun adekvat addımlar atılmalıdır. Fevralın 9-da keçiriləcək seçkilərdə partiyaların bloklar şəklində iştirakını da istisna etmirəm - baxmayaraq ki, bunun üçün vaxt olduqca məhduddur. Lakin istənilən halda müxalif qüvvələrin seçkilərdə əməkdaşlığının tərəfdarıyam və AMİP olaraq bu istiqamətində əməli addımlar atmağı nəzərdə tuturuq”.
AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli seçkilərdə iştirakı vacib sayır: “AĞ Partiya hələ iştirak və ya iştirak etməmək qərar verməyib. Şənbə günü idarə heyətinin iclası keçirələcək və orada müzakirələr aparılacaq. Şəxsən düşünürəm ki, parlament seçkilərində iştirak etmək lazımdır. Digər partiyalarla müttəfiqlik, blokların qurulmasına gəldikdə isə, bu qısa müddətdə hansısa seçki blokunun qurulması mümkünsüzdür. Çünki bu yöndə sənədləşmə və s işlərə vaxt çatmır. Ümumiyyətlə, hesab edirəm ki, istənilən halda AĞ Partiya seçkilərdə tək iştirak etməlidir. Təbii ki, münasibətlərdə olduğumuz partiyalarla əlaqəli şəkildə olmalıyıq. Bu istiqamətdə məsləhətləşmələr aparılır. Funksional da olsa, parlament seçkilərində iştirak edəcək müxalif siyasi partiyalarla əməkdaşlıq vacibdir”.
KXCP sədrinin müavini Xəzər Teyyublu: “Ölkə çox sürətli şəkildə seçki prosesinə istiqamətlənir. Bunun haqqında hər halda partiyada müzakirələr gedəcək və sonra mövqe bilinəcək. Seçkiyə qatılmaq, yaxud boykot haqqında qərar bu məsələlər partiyanın ali qurumlarındakı müzakirələrdən və rayon şöbə sədrlərinin mövqeləri nəzərə alınandan sonra veriləcək. İstənilən halda ölkənin növbəti mərhələsi üçün ciddi hadisə sayılacaq bu seçkidə əlbəttə, siyasi qüvvələrin, müxalifətin eyni mövqeyi lazımdır və birgə müzakirələrin getməsi, dinləmələrin aparılması çox vacibdir. Mövcud seçki komissiyalarının olduğu kimi qalması və siyasi qüvvələr üçün bərabər şəraitin olmaması da seçki işində mühüm məsələlərdən biridir. Bu baxımdan siyasi partiyaların mövqeyi yəqin ki, yaxın zamanlarda bilinəcək”.
“Yeni Müsavat”