Qəbələ İcra Hakimiyyətinin rəsmisi: “Tenderdə iştirak edən və uduzan başqa şirkət narazılıq etmirsə, onda jurnalistlər bundan niyə narahatdır?”
Sosial şəbəkələrdə Qəbələ Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlə bağlı yayılan məlumat geniş müzakirələrə səbəb olub. Həmin məlumatda qeyd edilir ki, Qəbələ Rayon İcra Hakimiyyəti müxtəlif mal və xidmətlərin alışını nəzərdə tutan 4 tenderə yekun vurub.
Maraqlıdır ki, tenderlərin hamsını bir şirkət – «Qəbələ İnşaat» MMC qazanıb. Tenderlərin ümumi məbləği 112 min manat təşkil edib. Şirkətin qazandığı tenderlər və məbləğləri aşağıdakılardır:
1. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal materialların alınması) – 10490 AZN.
2. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması ( Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 12973 AZN.
3. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-material alınması) – 39 832 AZN.
4. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 48194.5 AZN.
Ən maraq doğuran məsələ dörd tenderin eyni MMC tərəfindən udulmasıdır. Sosial şəbəkələrdə geniş müzakirə edilən bu məsələni biz də araşdırmaq qərarına gəldik. Tenderlərin qalibi olan «Qəbələ İnşaat» MMC ilə əlaqə saxlamaq üçün internet resurslarından onların əlaqə vasitələrini axtardıq. Təəssüflə qeyd etməliyik ki, MMC barədə heç bir məlumata rast gəlmədik. Qərara gəldik ki, Qəbələ Rayon İcra Hakimiyyətinin özü ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirək. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ ətrafında yaradılan ajiotajı anlaya bilmir: “Bax, ilk jurnalistsiniz ki, mənə zəng vurursunuz. Ancaq hamı yazır ki, tenderi niyə eyni şirkət qazanıb? Təxəyüllə bu məsələni araşdırmaq olmur axı. Gərək əlaqə saxlayasan, tanış olasan, mövzunun nədən ibarət olduğunu dərindən öyrənəsən. Bilirsiniz ki, tender şəffaf şəkildə həyata keçirilən bir prosesdir. Onun elanı respublika səviyyəli dövlət qəzetlərində dərc edilir. Rayon İcra Hakimiyyəti bu məsələdə sifarişçidir. Bizim üçün fərq eləmir bu işi kim görəcək. Tenderdə hansı şirkət qalib gəlirsə, işi də ona veririk. İndi elə zəmanədir ki, nəyisə gizlətmək mümkün deyil. Bu gün siz istəsəniz, mənim nə qədər əməkhaqqı aldığımı da öyrənə bilərsiniz. Çünki bu məlumatların hamısı mərkəzləşmiş sistemdə oturur. Tenderlə bağlı onu deyim ki, camaatı çaşdıran qalib MMC-nin adının Qəbələ olmasıdır. Yaxşı, həmin şirkətin adı Bakı olsaydı, söz-söhbət bitəcəkdi? Axı bu, doğru yanaşma deyil. Yəqin elandan da görürsünüz ki, hər 4 tender oxşar sahəni əhatə edir, əsasən yumşaq invertarların alınmasını özündə əks etdirir. Əgər biri mebel almaq, digəri yol çəkməklə bağlı olsaydı, hardasa şübhə üçün əsas olardı. İndi bu MMC özünə yaxın rayonun lazımi sifarişini daha səmərəli yerinə yetirməyə hazırdırsa, burada təəccüblü nə ola bilər ki? Tenderdə iştirak edən və uduzan başqa şirkət narazılıq etmirsə, onda jurnalistlər bundan niyə narahatdır? Hər halda, ilkin narazılığı alternativ rəqib şirkətlər ifadə etməli idi. Belə bir reaksiya yoxdursa, deməli, prosesin şəffaflığına şübhə ola bilməz”.
Biz İcra Hakimiyyəti rəsmisinin diqqətinə çatdırdıq ki, sözügedən qalib MMC ilə bağlı məlumatalma resurslarında informasiya tapa bilmirik. Bizi onlarla əlaqələndirə bilərmi? Zahir müəllim bildirdi ki, bunu etmək onun səlahiyyətinə aid məsələ deyil: “Mənim işim sizin kimi jurnalistləri informasiya ilə təmin etməkdir. Hansısa şirkətin koordinatlarını əldə etmək, təəssüf ki, səlahiyyətimə aid deyil, əzbərdən bilsəydim deyərdim”./teref.az/