Axtarış...

Ərdoğan niyə Moskvada istədiyini əldə edə bilməyəcək? - DETALLAR AÇIQLANIR



Türkiyə Prezidentinin Suriyanın İdlib şəhərinə görə Kreml sahibi ilə mübahisəyə girişməsi və ya istədiyini əldə etməsi mümkünsüz görünür.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Moskvada baş tutacaq Ərdoğan-Putin görüşünə münasibət bildirib.

Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət etdiyi tarix buna uyğun deyil:

“Birincisi, Putin Ərdoğanı Moskva vilayətində keçirilən AKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisinə dəvət edib və hər iki lider buradakı çıxışlarında aviasiya imkanlarından danışıblar. Putin həm də bu sərgi vasitəsilə Ərdoğana işarə edib ki, “Amerika sənə vəd etdiyi hərbi təyyarələri satmasa, ondan da yaxşısın və ucuz qiymətə mən sənə sata bilərəm”. İkincisi, Ərdoğanın Putinlə görüşdüyü gün Rusiyanın Türkiyəyə satdığı “S-400” raketlərinin ikinci hissəsi Ankaradakı hava limanına enib. Bunun özü də Putinin Ərdoğana mesajıdır ki, “İdlibin Suriya ordusunun nəzarətinə keçməsinə enində-sonunda razılaşmalısan”.

Bundan sonra Ərdoğan İdliblə bağlı istənilən narahatlığını rusiyalı həmkarının diqqətinə çatdırsa da, Putin Əsədlə əvvəlki kimi bildiyini edəcək”.



E. Şahinoğlu vurğulayıb ki, lakin Putin Ərdoğanın da Türkiyə daxilində mövqelərinin zəifləməməsi üçün çalışacaq:

“Hiss olunur ki, Putin ətrafındakılara tapşırıb ki, İdlib məsələsində Ankara ilə fikir ayrılığında olsaq da, Türkiyənin ünvanına sərt sözlər səsləndirməsinlər. Təsadüfi deyil ki, Putinin özü də Türkiyənin Suriyada narahatlıqlarını anladığını deyir. Ancaq Rusiyanın Türkiyə ilə heç bir razılaşmanı pozmamasını da xatırlatmağı unutmur. Yəni Putin Astana dialoqu çərçivəsində Suriyada terrorçuların neytrallaşdırılmasını davam etdirdiklərini əsas gətirir”.

Ehtiyatda olan zabit Əlisahib Hüseynov da məsələyə münasibət bildirib.



Ə. Hüseynov hesab edir ki, iki dövlət başçısı yalnız Suriyanın İdlib vilayətində baş verən son prosesləri müzakirə etməyəcək:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında olduqca gərgin müzakirələr gözlənilir. Ancaq bəzi dostlarımızın proqnozlarından fərqli olaraq bu görüşdə Türkiyənin Krımı Rusiya ərazisi kimi tanımayacağı ilə bağlı Ərdoğanın məlum açıqlamasını, habelə S-400 və F-35-lərlə bağlı yaranmış son durumu da iki lider müzakirə edəcək. Göründüyü kimi prezidentlərin gündəliyində yer alan məsələlərin miqyası kifayət qədər geniş və problematikdir. Ancaq sözügedən məsələlərlə bağlı tərəflər arasında son vaxtlar ortaya çıxan bir sıra anlaşılmazlıqlara və fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə hazırda strateji müttəfiqlik münasibətlərindən geri çəkilmək, mövqelərini və düşərgələrini dəyişmək fikrində deyil. Başqa sözlə desək, Türkiyə yenidən Rusiya ilə ABŞ arasında seçim etməyə tələsmir. Birilərinin Rusiya-Türkiyə əlaqələrinə təxribat yaratmaq cəhdləri əbəsdir. Odur ki, bugünkü görüşdən sonra bölgənin və dünyanın geopolitik dizaynında hər hansı bir ciddi dəyişikliklərin baş verəcəyi də gözlənilmir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz