Axtarış...

Kim daha güclüdür: Putin, yoxsa Ərdoğan?

Kim daha güclüdür: Putin, yoxsa Ərdoğan?

"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan hazırda siyasətçilər arasında ən çox müqayisə olunan liderlərdir. Hesab edilir ki, hər iki lider arasında çoxlu oxşar xüsusiyyətlər var".

Bunu Sonxeber.az-a politoloq Nəzakət Məmmədova R.T. Ərdoğan və V. Putinin siyasətçi kimi çox müqayisə edilməsini və onların bir çox oxşar keyfiyyətlərə malik olmasını şərh edərkən deyib.


Hər ikisi çox cəsarətlidir

Onun sözlərinə görə, ilk ağla gələn oxşar cəhət R. T. Ərdoğan və V. Putinin çox cəsarətli olmaları və öz xalqları arasında xeyli populyarlıq qazanmasıdır: "Yəni onlar seçkilərdə yüksək səs toplayaraq uzun müddətdir öz hakimiyyətlərini əllərində saxlaya bilirlər. Hər iki lider Qərbə, xüsusən də ABŞ-a, o cümlədən bəzi Avropa ölkələrinə qarşı kifayət qədər cəsarətli dirəniş göstərə biliblər. Öz ölkələrinin Qərbin təsirinə düşməməsi üçün əllərindən gələni edirlər. Onların birlikdə ittifaqı yeni dünya nizamı formalaşdırmağa çalışan ABŞ-a münasibətdə güclü müqavimət formalaşdırıb. Bu siyasətçilər dünya siyasətinin axarını dəyişə biliblər. Türkiyə və Rusiya kimi güclü dövlətlərin başında güclü xarakterə malik olan və müstəqil siyasət yeridən bu cür liderlər olmasaydı, dünya siyasəti daha daha fərqli məcrada cərəyan edərdi".

Xarizmatikdirlər

N. Məmmədova qeyd edib ki, R.T. Ərdoğan və V. Putini birləşdirən xüsusiyyətlər çox xarizmatik və cəsarətli insanlar olmalarıdır: "Dövlət başçısı olaraq çox böyük xarizmaya malikdirlər. Hər ikisi Qərb mətbuatı və siyasi dairələri tərəfindən mütəmadi olaraq tənqidə məruz qalırlar. Onlar Qərbin, ABŞ-ın dünyada hegemonluğunu qəbul etmirlər. Putin və Ərdoğan hesab edirlər ki, ABŞ onların daxili işlərinə qarışmamalıdır. İki lider Qərbə qarşı sərt mövqe nümayiş etdirirlər və bunu heç gizlətmirlər".

Kim daha güclüdür: Putin, yoxsa Ərdoğan?
İmperiya statusunu qaytarmaq istəyirlər

Politoloq əlavə edib ki, onların aralarındakı daha yaxın xüsusiyyətlər hər ikisinin ölkələrinin imperiya keçmişi ilə fəxr etmələri və imperiya statusunu qaytarmaq uğrunda mübarizə aparmalarıdır: "Putin sovet və rus imperiyasını hər hansı formada bərpa etmək istəyir, bu faktdır. O, SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasəti fəlakəti adlandırmışdı. Putin SSRİ-nin himnini Rusiyanın dövlət himni kimi qəbul edib. O, fəaliyyətində bir çox rus çarlarını və sovet liderlərini özünə örnək götürür. Putini daha çox II Aleksandr, İosif Stalin və Yuri Andropov ilə müqayisə edirlər. O, Rusiyanı dünya siyasətində lider dövlətə çevirən siyasətçilərlə həmişə müqayisə edilir. Putinin fəaliyyətində SSRİ-nin nüfuz dairəsinə daxil olmuş əraziləri yenidən birləşdirmək cəhdləri hiss olunur. Ərdoğan da Osmanlının tarixən tutunduğu ərazilərdə indiki Türkiyənin nüfuzunu artırmağa çalışır. Türkiyənin Yaxın Şərqdə, Afrikada və Balkan yarımadasında nüfuzunu yüksəltmək istəyir. Bu baxımdan Ərdoğanı Osmanlı sultanları, Putini isə rus çarları ilə müqayisə edirlər. Ərdoğan və Putinin liderlik keyfiyyətləri onların başçılıq etdiyi ölkələrin lider dövlətlərə çevrilməsi kimi də başa düşülməlidir. Onların daha bir mühüm oxşar xüsusiyyəti hər iki liderin prezident olmaq imkanları olduğu halda bir müddət arxa plana keçib baş nazir olmalarıdır. Putin Dmitri Medvedevi, Ərdoğan isə Abdulla Gülü irəli verdi. Özləri isə ölkədə siyasətə daha çox təsir göstərməkdə davam etdilər. Digər tərədən hər iki lider diktatorluqda ittiham edilir və demokratik düşüncəli siyasətçilər olmadığı deyilir".


Ərdoğan emosional, Putin isə soyuqqanlıdır

Ərdoğan və Putinin fərqli xüsusiyyətlərincə gəlincə, N. Məmmədova diqqətə çatdırıb ki, onlar müxtəlif yolla hakimiyyətə gəliblər: "Putin hakimiyyəti Boris Yeltsenin komandasından təhvil alıb. Onu geniş kütlələlər tanımırdı, nüfuzu yoxuydu. Putin sonradan liderlik keyfiyyətləri və xarizması ilə öz hakimiyyətini möhkəmləndirdi və seçkilər yolu ilə qalib gəlməyi bacardı. Ərdoğan isə hakimiyyətə birbaşa seçkilər vasitəsilə gəlib, uzun müddət siyasətlə məşğul olub. Putin Dövlət Təhlükəsizlik Komitəsinin işçisi olub, Ərdoğan isə gənc yaşlarından siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Dini baxımdan isə Putinin dindar olduğunu düşünmürəm. O, sovet sisteminin yetişdirdiyi ateist insan ola bilər. Putinin dinə bağlılığı hiss olunmur. Baxmayaraq ki, o, dini inkar etmir və bəzi hallarda pravoslav kilsəsinin mərasimlərinə qatılır. Ərdoğan isə çox dindar və mömin liderdir. Onun ailə üzvləri də bu cəhətdən seçilirlər. Ərdoğan dini faktor üzərindən hakimiyyətə gəlib. Bundan başqa, Türkiyə Prezidenti kütlələrlə işləməyi önəm verən liderdir. Ərdoğan tez-tez xalq arasında olur, dini sitatlar gətirməklə və şeirlər deməklə xalq arasında daha çox rəğbət qazanır. Türk liderinin emosional olması və bunu açıq şəkildə nümayiş etdirməsi onun səməmi görüntüsünü yaradır. Xalq Ərdoğana özündən biri kimi baxır, Putinə isə yerli xalq ehtiyatla yanaşır. Bu da Putinin keçmiş kəşfiyyatçı olmasından qaynaqlanır. Putin soyuqqanlıdır və çıxışlarında emosiyalarını da bildirmir".
Text-to-Speech

DİNLƏ






Şərh yaz