"Xəzər Lənkəran"ın sabiq üzvü Elşən Rzazadə sosial şəbəkə hesabında karyerasının enişə getməsinin səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi vəziyyəti Azərbaycan futbolunun durumu ilə əlaqələndirib: "Bu gün futbol saytlarında neçə illərdən sonra öz şəklimi gördüm. Yazıda gələcəklərinə böyük ümid bəslənən, ancaq özünü doğrultamayan futbolçulardan bəhs olunmuşdu. Öz adıma bir şeylər qeyd etmək istəyirəm. Bu hala düşmək öz istəyimlə olmadı. Bizi bu vəziyyətə salan Azərbaycan futbolu oldu.
Yaxşı şeylərdən çox danışmaq istəyərəm. Ancaq yaşanan çətinliklər o qədər çox oldu ki, yaxşılar da adamın yadında qalmır daha. Allah şahiddir... Bu qədər çalışıb, bəhrəsini çox az görmək Azərbaycan futboluna xas şeydir. Ən gözəl günlərimi "Bakı" və "Xəzər Lənkəran"da keçirdim. İndi isə heç bir şey yoxdur.
"Xəzər Lənkəran"da tez bir zamanda ən yaxşı yerlərə gəldim. Amma bizə burada legionerlərə verilən dəyərin 50 faizi də qoyulmurdu. İndi bu vəziyyətdə olmağımızda haqsızlıq çox oldu. Mübariz Mənsimovun yanına düşmək istəsək də, yaxın demirəm, uzağına belə imkan vermədilər ki, haqqımızı klubun sahibinə çatdıraq. Haqqımızı yeyənlər də bilirdi ki, onun xəbəri olsa, onlar üçün yaxşı olmayacaq.
Olan biz yerli futbolçulara oldu. Bu gün də əziyyətini çəkirik. "Xəzər Lənkəran"da mənimlə birlikdə çox uşaqlar klubsuz və futbolsuz qaldı. Bu da Azərbaycan futbolunun gələcəyi... Amma bir gün haqqımıza girdikləri şeyləri Mübariz müəllimə çatdıracam".
Elşən "Xəzər Lənkəran" klubunun yetirməsi olub. Futbolçu 2014/15 mövsümünü "Xəzər Lənkəran"da keçirib və parlaq oyunla Azərbaycan yığmasına dəvət alıb. Rzazadə 2015-ci ildə Moldovaya qarşı yoxlama görüşündə millidə debüt edib. Daha sonra "Neftçi"yə keçən futbolçu ağır zədədən sonra keçmiş formasını bərpa edə bilmədi.