Axtarış...

"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”



“Görün, futbolu nə vəziyyətə salıblar ki, veteranlar bir-birinə qarşı çıxır”


“Kəpəz” klububun sabiq baş məşqçisi Mehman Allahverdiyev Qol.az saytına Gəncə və Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı müsahibə verib.


“Bu gün Gəncə futbolu, “Kəpəz” deyəndə hamı Mehman Allahverdiyevin adını çəkir”

- Bu gün Gəncədə futbolun durumu necədir? Nəzərə alaq ki, Gəncə paytaxtdan kənardadır, çox adam real mənzərənin necə oldunu bilmir.

- Bildiyiniz kimi, Gəncənin komandası 1-ci divizionda hazırda 6-cı yerdədir. Amma birinci yerlə elə də böyük xal fərqi yoxdur. Komanda öz oyunun oynayır, udurlar da, uduzurlar da. Ümumi duruma gəlincə isə komandanın daxilində olmadığımdan bu haqda nəsə deyə bilmərəm. Komandada olsam, bunu deyə bilərdim.

- 90-cı illərdə “Kəpəz” sizin rəhbərliyiniz altında çempionuqlar qazanıb. Bu gün nə işlə məşğulsuz?

- İndi heç bir işlə məşğul deyiləm. Qismət olar, komandaya qayıdaram. Amma 3 ildir işsizəm.

- Bu vaxt ərzində sizə hansısa bir iş təklifi olubmu?

- Təkliflər olur. Ancaq mənim nəzərdə tutduğum iş olmadığından alınmayıb. Həmişə komandanın rəhbəri olmuşam. Hamı bilir ki, baş məşqçi işlədiyim dövrdə nələr etmişəm. Bu, tarixi bir işdir. Bəlkə 30-40 il də keçəcək, ancaq nə məndən əvvəl, nə məndən sonra komanda bürünc medal belə qazanmayıb. Komandada işləyəndə rəhbər idim. Həmin dövr Avropaya da çıxdıq, hətta bir mərhələ də keçə bildik. Hər şey yüksək səviyyədə idi. Bu cür adlı-sanlı adamam. Bu gün Gəncə futbolu, “Kəpəz” deyəndə hamı Mehman Allahverdiyevin adını çəkir. Bu ana qədər məni gözləyirlər ki, sən gəlsən, nəsə uğur əldə edə bilərik. Komanda Premyer Liqada oynadığı ilk il avrokuboklara düşdü və mərhələ adlamağı bacardı. Mən ordan çıxıb gedəndə komanda üçüncü yerdə idi. Məndən sonra isə klub sonuncu yerə düşdü. Daha sonra isə birinci diviziona. Bax belə.

“Adamın torpağını da alarlar, varını da, bəs kişiliyə nə sözün?”

- Dediyiniz o iş təklifi maddi cəhətdən sizi qane etmirdi, yoxsa?

-Yox, mən heç vaxt maddi cəhəti fikirləşməmişəm. Bilirsiniz, niyə? Çünki elə vaxtlar olub ki, komandanın yiyəsi olmayıb, mən ona öz vəsaitimlə baxmışam. Yeri gələndə, nə qədər pullar xərcləmişəm. Hər şeyin öz yeri var. Futbol mütəxəssisi olaraq, öz gücümə bələdəm. Belə bir insanın gəlib yalandan işləməsi ayıbdır. Adam öz kişiliyinə, mənliyinə sığışdırmır. “Axırıncı aşırım” filmində deyir ki, “adamın torpağını da alarlar, varını da, bəs kişiliyə nə sözün?” Bunu deməkdə məqsədim odur ki, düzdür, adam hər işdə işləyər. Amma indi o yerdə elə adamlar işləyir ki... Əgər işlədiyin yerdə çalışan adam səninlə müqayisə olunacaq adamdırsa, deyərsən ki, bu, belə bir adamdır da. Mən indiki gündən sonra məşqçi olası da deyiləm. Ona görə ki, məşqçi olmaq üçün əvvəllər bu qədər prosedurlar yox idi. İndi gərək gedəsən, oxuyasan. B kateqoriyasını oxumalısan, A-nı oxumalısan, PRO-nu oxumalısan. Hamı mənim rəhbər işimdə qabiliyyətimi bilir. Hamı bunu görüb. Əsas məsələ normal rəhbərin olmasıdır.

- Hazırda “Kəpəz”in Müşahidə Şurası AFFA tərəfindən formalaşdırılıb. Bu tərkib sizi qane edirmi?

- Müşahidə Şurasından bizim keçmiş futbolçumuz Nicat Qasımovu tanıyıram. Mən heç bilmirəm, müşahidə şurası nədir. O ki qaldı məşqçi və futbol adamları barədə, o haqda mən heç nə deyə bilmərəm. Onsuz da hərə bir yerdə işləməlidir.

- Gəncə futbolu həmişə Azərbaycan futbolunun beşiyi sayılıb. Sizcə, Gəncənin futbol veteranları Azərbaycan futbolunda lazımı səviyyədə təmsil olunurlarmı?

- Bu gün Gəncə futbol veteranlarından uşaq futbolunda işləyənlər var. Komandaların akademiyalarında, məktəblərində işləyirlər. Təbii ki, bura Bakı deyil. Bakıda gör neçə komanda var. Gəncədə isə vur-tut bir komanda var. Bir komandanın uşaq futbolunda nə qədər yer ola bilər ki? Gəncədə nə qədər adam futbolu qurtarıb, amma işsiz qalıblar. Çox çətindir. O qədər futbolçularımız var ki. Nə etsinlər? İş yox, güc yox, əziyyət çəkirlər. Sağlıq olsun, “Kəpəz” yenə Premyer Liqada olanda çox adam işləyirdi, artım olurdu. 1-ci divizionda bunu demək olmaz, amma yenə də işləyənlər var.

- “Kəpəz”in Premyer Liqada olmaması sizin özünüzə necə təsir edir?

- Komanda sonuncu yeri tutaraq birinci diviziona düşdü. Premyer Liqada oynaya bilərsən. Bunun üçün yaxşı vəsait lazımdır. Ancaq görürsən ki, burada hər komandanın büdcəsi eyni deyil. Əsas məsələ maliyyəyə bağlanır. Maliyyə olsa, komandalar heyətinə yaxşı oyunçular dəvət edə bilər. Yaxşı oyunçuları xaricdən dəvət etmək lazımdır. Hazırda yerli futbolçularımız sarıdan qıtlıq var. Demək olar ki, futbolçu yoxdur. Gəlin götürək, 1-ci diviziondan neçə nəfər Premyer Liqada oynaya bilər? Yoxdur. Bu da regionlarda futbolun olmamasından irəli gəlir. Əsas problem budur. Regionlarda futbol olsa, inkişaf da olacaq. Əfsuslar olsun ki, Mingəçevir, Masallı, İmişli, Lənkəran, Qusar kimi yerlərdə o cür stadionlar olsa da, komandaları yoxdur. Bunları sadalamaqla bitməz. Çox acınacaqlı vəziyyətdir. Adicə birinci divizionu götürəndə, 14 komandadan 7-si Premyer Liqadakı klubların əvəzedici komandalarıdır. Onlardan başqa da “Qaradağ Lökbatan”, MOİK kimi komandalar var. Demək olar ki, birinci divizion da Bakı birinciliyidir. Qalan 2-3 komanda bölgəni təmsil edir.

- Bölgələrdə futbolun olmamasından danışdınız. Bəs bu, ümumi Azərbaycan futboluna nə dərəcədə təsir edir?

- Fikrimcə, bu hal 80-90 faiz arası futbola pis təsir edir. İmişlidə stadion, məşq bazası olsa da, komanda yoxdur. Komanda olmadığı halda, balaca uşaqlarda da məşq etməyə həvəs olmur. Məsələn, deyək ki, İmişli ilə “Kəpəz” oynayır. Uşaqlar bu oyuna gedib baxır və onlarda da futbola həvəs yaranır. Valideynlər də istəyir ki, uşaqları futbolçu olsun. Uşaqlar özləri də futbolçu olmaq istəyir. Onlar Messini, Ronaldonu görəndə deyirlər ki, “biz də futbolçu olaq”. Dünən hansısa saytda Ağstafanın idman məktəbinin meydanını göstərirdilər, ot örtüyü sapsarı idi. Elə bil gündə idi ki… Deyirdilər, su yoxdur. Yadınızdadırsa, Ağstafanın “Avey” komandası var idi. “Avey” də, “Şəmkir” də, “Qazax” da oynayırdı. O zonada Masallı, Qusar, İmişli, Lənkəran, Yevlax, Bərdə, Salyan, Neftçala kimi region komandalarından əfsuslar olsun ki, bugünkü gündə heç biri yoxdur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haradan çıxıb? Regiondan, Zaqataladan çıxıb. Premyer Liqadakı məşqçilərin çoxunu götürsək, onların əksəriyyəti regiondan çıxan məşqçilərdir.

- Əsas liqada bölgələdən təkcə “Qəbələ” qalıb. Sizcə, vəziyyətin bu yerə gəlib çatmasının əsas səbəbkarları kimdir, sizcə?

- Əgər klublara AFFA tərəfdən baxılırsa, onlara eyni səviyyədə pul verilməlidir. Birinə 5 milyon, digərinə 3 milyon vermək düzgün deyil. Rəqabət olması üçün onlar da normal oyunçu gətirməlidirlər. Bir komanda ortabab, digəri ondan da aşağı səviyyəli futbolçu götürür. Dünyada hər sahə puldan asılıdır. İstəyir futbolu olsun, istərsə də səhiyyəsi. Müharibədə də pul kimdədirsə, güc də ondadır. Pullar eyni səviyyədə ayrılmalıdır. Kimin maaliyyəni ayırdığını dəqiq deyə bilmərik.

- Gəncə camaatı “Kəpəz”in Premyer Liqada olmamasına necə reaksiya verir? Bu, onların futbola marağını azaldıbmı?

-Baxın, Lənkəranın o boyda azarkeşi var. Bu regionun Premyer Liqada komandasının olmaması adamı məyus edir. Lənkərandakı futbola baxanda, adam ləzzət alırdı. O vaxt “Xəzər Lənkəran” – “Neftçi” oynayırdı, “Xəzər Lənkəran” – “Qarabağ” oynayırdı. Əfsuslar olsun ki, bu gün Lənkəranda heç birinci divizion da yoxdur. Gəncə futboluna gəldikdə isə, onların azarkeşləri də Lənkəran azarkeşləri kimi çılğındırlar. Tovuzun özünü götürək. Bu komanda Premyer Liqada olsa, stadionda adam əlindən yer olmaz. Şəmkirdə də həmçinin. Gəlin, real danışaq, Gəncə azarkeşlərindən yoxdur. Mən bunu gəncəli olduğum üçün demirəm. Əbəs yerə Gəncəni “kiçik Braziliya” adlandırmayıblar. Azarkeşlər bu dəqiqə bir Premyer Liqanı gözləyir, bir də Mehman Allahverdiyevi. Bütün günü mənim yanıma bununla bağlı çoxsaylı insanlar gəlir. Soruşurlar ki, “Mehman müəllim, nə vaxt qayıdırsan”. Hamının inamı mənədir. Deməsinlər ki, mən özümü tərifləyirəm. Allaha şükür, hər şey göz qabağındadır.

“Artıq Gəncədən heç bir futbolçu çıxmır”

- Fikirlər var ki, “Kəpəz” gələn il yenidən Premyer Liqada oynayacaq. Sizin nə kimi təklif idealarınız var, nə etmək olar ki, Gəncə daha yaxşı səviyyədə təmsil olunsun?

- İlk növbədə, görürsünüz ki, artıq Gəncədən heç bir futbolçu çıxmır. Son illərdə Gəncədə futbolun olmaması futbolçuların da yetişməməsinə səbəb oldu. Bundan başqa şərait yoxdur. İndiki gündə də uşaq idman məktəblərinin heç birində şərait yoxdur. Şərait olmasa, nəsə etmək qeyri-mümkündürş

- İsgəndər Cavadov AFFA tərəfindən Regional Futbol Federasiyasının, həm də Gəncə futbolunun kuratorudur. Onun fəaliyyətinini necə qiymətləndirirsiniz? Yetərli sayırsınızmı?

- Yenə deyirəm, mən komandanın içində olmadığından İsgəndər Cavadovun fəaliyyəti haqqında nəsə deyə bilmirəm. Bu barədə ordakılar nəsə deyə bilər. Düzdür, keçmiş futbolçumuz olub, bir yerdə futbol oynamışıq. Nə bilim, indi gəlib-gedirlər. Bildiyim qədəri stadionun əlavə meydançasın düzəldiblər. Bu da böyük şeydir. Gəncədə məşq eləməyə bir yer yoxdur. Əsas komanda belə, meydançada məşq edə bilmir.

- Gəncədə uşaq futboluyla bağlı sosial şəbəkələrdə şəkillər paylaşılmışdı. Stadionlar şəraitsiz, bərbad gündə idi.

- Bərbad var, bərbad da. Burdakı şərait lap pis gündədir. Amma onu deyim ki, heç vaxt kiminsə haqqın yemək olmaz. Bir mahnı var, sözləri belədi: “Mənim də qəlbim var, mən də insanam”. Ancaq gözləyirik də. Gözləyirik ki, bu proses nə ilə nəticələnəcək.

“İsgəndər Cavadov Gəncə futbolu üçün böyük əziyyətlər çəkməyib”

- Fikirlər var ki, “Kəpəz” gələn il yenidən Premyer Liqada oynayacaq. AFFA da təsdiq edir ki, oynaya bilər. Bu barədə sizinlə söhbət olubmu? Yəni, yenidən komandada çalışmağınızla bağlı.

- Söhbət iş təklifindən getmir. Gəlin belə deyək, İsgəndər Cavadov bu gün Gəncə futbolunun kuratorudur. Özü isə Gəncədə çox az oynayıb. Yəni, burada belə böyük əziyyətlər çəkməyib. Amma İsgəndər Cavadova təklif etsəydilər ki, get “Kəpəz”də Müşahidə Şurasına üzv ol, İsgəndər bura gələrdi? Həyatı boyu gəlməzdi, axı. Bilirsiz, o, əslində düz edib gəlməzdi. Ona görə ki, o, elə-belə futbolçu olmayıb. Yəni, hamının öz adı-sanı var.

- Yəni, demək istəyirsiniz ki, sizə gələn iş təklifi də sizin ad-sanınıza uyğun deyil?

- Belə böyük çıxmasın, komanda hazırda mən verdiyim loqoda oynayır. Göy-sarı rəngləri də mən vermişəm. “Kəpəz” adını də mən qoymuşam. Hüququ ünvanına kimi bizim evimizdir. Bütün rəsmi məktublar da bizə gəlir. Çəkdiyim əziyyətlər, elədiyim fədakarlıqlara görə danışıram. “Kəpəz”i Avropaya birinci mən çıxarmışam. Öz şəxsi vəsaitimlə Türkiyədən oturacaqlar gətirdmişdim. Çünki UEFA burada oynamağa qoymurdu. Hələ onda mən baş məşqçi idim. Mənim o vaxtkı idarəçiliyimə görə UEFA nümayəndələri gəlib, şəraitə baxdılar və razılıq verdilər. Heç stadionda qonaq gələndə oturmağa bir kabinet də yox idi. O kabineti də, üstündə mətbuat üçün zalı da özüm tikdirdim. Hələ bunlar nədir ki? Xırda şeylərdir. Özünə oturmağa bir kabinet tikdirirsən, amma gəlib, orda da başqa kimsə oturur. Nə bilim, bunu Allah da götürməz.

“Görün, futbolu nə vəziyyətə salıblar ki, veteranlar bir-birinə qarşı çıxır”

- Siz qeyd etdiniz ki, həm baş məşqçi, həm də rəhbər kimi böyük əziyyətlər çəkmisiniz. Bəs bunları federasiya dəyərləndirmir?

- Bəli, dəyərləndirmir. Amma mən də insanam və kişiliyi hər şeydən üstün tutmuşam. Çıxıb bir söz deyəndə, adama deyərlər ki, bəs işləyəndə danışmırdın, niyə indi bunları dedin? Adama bir balaca yaxşılıq olunanda, o yaxşılığı unuda bilmirsən. Ancaq adamın səbr kasası artıq tükənir. Görürsüz də, elə bir vəziyyət yaranıb ki, veteranlar özləri belə üz-üzə gəliblər. Həmkarlar İttifaqı bir tərəfdən, digərləri də bir tərəfdən. Görün, futbolu nə vəziyyətə salıblar ki, veteranlar bir-birinə qarşı çıxır, iki cəbhəyə bölünüb. Amma əvvəllər futbol veteranları həmişə bir olub. İndi hər iki tərəfin də haqqı var. İki tərəf də mənim dostlarımdır. Oqtay da, Nazim də. Yenə deyirəm, inanın Allaha, axırda özləri də başa düşəcəklər ki, kimlər ötrü bir-birlərinə əks olublar. Məsələn, niyə Nazim Süleymanov kənarda qaldı? Belə deyək, əvvəl hamı işləyirdi də.

“Ay alçaq, niyə Qurbanın vaxtında demirdin ki, ona da vaxt vermək lazımdır?”

- Elədir, Nazim Süleymanov “Sumqayıt”da çalışırdı.

- Nazim də “Sumqayıt”da 2 oyun uduzan kimi onu qovdular. Məgər, bu, düzgündür? Qurban Qurbanov millidə işləyirdi. Bir az işləməmiş, nə oldu, Yurçeviçi gətirdilər. Ermənistan millisinin çalışdırıcısı qrupda 10 xal yığıb, istefa verib. Yurçeviç cəmi, 1 xal alıb indiyədək, amma heç onun vecinə də deyil. Bu, konkret biabırçılıqdır. İndi sabah da çıxıb gedəcək. Yurçeviç kimdi? Pulla vuruşan muzdlu əsgər. Dünyanın hər yerinə məşqçi gəlir, nəticə olmayanda deyir ki, qadan alım, məni bağışlayın, müqaviləmdən qalan pul da lazım deyil. Sonra da çıxıb gedir. Elə Obradoviçin özünü götürək, Gürcüstan gəldi, bizim meydanda üçün vurdu getdi. Bu dediklərim hələ elə-belə məsələlərdir. Qurban da millidə işləyərdi də, qardaş. Niyə yenə işləməsin? Bu gün “Qarabağ”la ən yaxşı nəticəni də verən odur. Millidə də işləyirdi də. Bu yaxınlarda hansısa futbol mütəxəsisi müsahibəsində demişdi ki, Yurçeviçə vaxt vermək lazımdır. Ay alçaq, niyə Qurbanın vaxtında demirdin ki, ona da vaxt vermək lazımdır. İndi mən özüm də bir az səbr edirəm. Bir məsəldə deyir ki, gərək dözərdin. Onsuz da, bizdə futbol əvvəllər normal idi. Komandaların sayı da çox idi. Bir şey ki, Bakıda “Neftçi” ilə “Qarabağ”ın oyununa 500-1000 nəfər gəlir, bunun adı futboldur? Adicə, Ağsunun birinci divizionundakı oyununa get, ondan daha çox azarkeş olur.

- Bəzən Region Liqasında belə, Premyer Liqa oyunlarından daha çox azarkeş olur.

- Bəli, əlbəttə. Yəni, bu kimə lazımdır? Allaha and olsun, bilmirəm axırda nə olacaq.

“Necə olur e, orda oturanlar bir şey fikirləşmir”

- Premyer Liqadan əlavə, Azərbaycan kubokunda da bu mövsüm cəmi 12 komanda iştirak edəcək.

- Bilirəm, vallah, hamısını bilirəm. Necə olur e, orda oturanlar bir şey fikirləşmir. Tək Gəncə yox, Qərb zonasında hamı Mehman Allahverdiyev deyir. Bu gün işsiz qalmağım adama təsir edir. Mən gedib heç kimə ağız açmaram. Söhbət edərəm, müzakirə edərəm, amma iş üçün ağız açmaram. İndi görün, mən gəlsəm, nələr olar. Mən gəlsəm, komandaya dəstək verəcək oğullar da var.

- Söhbət maddi dəstəkdən gedir?

- Hə, həm də maaliyyə cəhətdən. Bunlar mənim fikirlərimin 0.1 faizidir. Bir insana yaxşılıq olunanda çalışır ki, onun 5 qatın qaytarsın. Buna görə də mən ortadakı çörəyi tapdala bilmirəm. Görürsüz, demək olar ki, heç bir saytda bir dənə açıqlamam olmurdu, sizə danışdım. Məni “Kəpəz”də işimə qaytarmırlarsa, deməli, Gəncədə futbolun olmağın istəmirlər. Məsələn, bir misal çəkim, ailə və onun başçısı olur. Ailənin başçısı normal olmayanda, ailədə də söz-söhbət olur. Bir az uşaq da tərbiyyəsiz böyüyür. Futbol da böyük bir elmdir. Onun öz incəlikləri var. Sus, sus, sus. Nə qədər dözmək olar? Bir də gördün ki, filankəsə iş verdilər, susdurdular. İndi hamı işləməlidir. Siz necə orda saytda işləyirsiniz, veteranlar da hardasa işləyib ailəsini saxlamalıdır. Bir şey olan kimi yazırlar, “veteran futbolçuya iş verib susdurdular”. 12 komanda olsa, gör nə qədər veteranlarımıza iş yerləri yaranar. Baş məşqçi, köməkçi məşqçi, uşaq futbolu, gör nə qədər iş yerləri açılacaq. “Sumqayıt”dan veteran futbolçu Zakir “özümü öldürəcəm” deyəndə o qədər pis olmuşdum. Adi Lənkəranda, Masallıda komandalar olsa, gör nə qədər məşqçi işlə təmin olunar. Bununla futbol da maraqlı olacaq. Onlar da yazıqdır. Belə olsa həyat onlar üçün də maraqlı olar. Hər səhər yuxudan dururlar, bilmirlər hara getsinlər. Allah eləsin, bütün hamının işləri düzəlsin, heç kəs belə şeylərdən danışmasın. Hamı futbolumuzun inkişafından danışsın. Allaha and olsun, ürəyi ağrıyır. Gəlin götürək, mənim qardaşım Füzuli Allahverdiyevi. Azərbaycanda elə bir oyunçu yoxdur ki, 20 il eyni klubda oynasın. SSRİ vaxtında da oynayıb. Qardaşım olduğuna görə demirəm. Bu gün o da işsizdir. Bütün çempionluqlarda olub, hər şey edib. Bununla belə o da işsizdir. Bir məsəl var, toxun acdan xəbəri yoxdur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz