Xəzər Rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əhmədağa Əmirhüseyn oğlu Əmirovu məhkəməyə çağırıb. Özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı Ə.Əmirovun evinə zəng edib və onun həyat yoldaşından israrla tələb edib ki, Əhmədağa Əmirov məhkəməyə gəlsin. Mərhumun həyat yoldaşının izahatı, Əhmədağa Əmirovun 4 il əvvəl dünyasını dəyişməsi haqda məlumatlar icraçını qane etməyib. Bu haqda “Yeni Müsavat”a mərhum Ə.Əmirovun oğlu Vüqar Əmirov məlumat verib. Onun sözlərinə görə, mərhum atası Əhmədağa Əmirov Xəzər rayonu, Türkan qəsəbə nümayəndəliyində 22 il baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı poçtun rəisi vəzifələrində çalışıb:
“Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansı ki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu 4 ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonra halı pisləşib”.
Onun sözlərinə görə, atası sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalovdan borc alıbmış: “Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik. Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?” “Yeni Müsavat”