Axtarış...

Bakı İrəvana yenə vaxt verəcəkmi? - TƏHLİL

Bakı İrəvana yenə vaxt verəcəkmi? - TƏHLİL

Birinci səbəb kimi, şübhəsiz, təcavüzkar Ermənistanın özünü qalib kimi aparması, atəşkəs sazişini tam yanlış olaraq Azərbaycanın “kapitulyasiya sənədi” kimi anlaması göstərilməlidir. Guya Qarabağ müharibəsi artıq bitib və o səbəbdən Bakı məğlubiyyətini etiraf edib hazırkı təmas xəttini yeni sərhədlər kimi qəbul etməlidir. Halbuki Bişkek protokolunda kimin qalib, kimin məğlub olması barədə bircə söz də yoxdur.

Başqa yandan, Azərbaycan tərəfi, özəlliklə prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ savaşı bitməyib. Müharibənin yalnız birinci fazası başa çatıb. Bu xüsusda işğalçı tərəf unudur ki, uzun illər ərzində sülh anlaşmasına gətirməyən atəşkəs bir gün mütləq müharibəyə çevriləcək. Təəssüf ki, İrəvan rəsmilərinin davranışları, verdikləri absurd bəyanatlar, beynəlxalq hüquqa daban-dabana zidd olan təxribatçı və pozucu mövqeyi məhz buna - savaş variantına xidmət edir.

Bu xüsusda “Ən pis sülh də müharibədən yaxşıdır” deyimi artıq işləmir. Bunu ilk növbədə erməni tərəfinin dərk eləməsi, ciddiyə alması lazım. Çünki Azərbaycan öz torpaqlarının işğalına sonsuzadək dözüm göstərməyəcək. Biz milyardlar xərcləyib aldığımız müasir döyüş sistemlərini, silahları vitrində paslatmaq niyyətində deyilik. Hələ də “qələbə” eyforiyasından çıxa bilməyən düşmən ölkədə bunu yaxşı bilməlidirlər.

Bununla belə, rəsmi Bakı hələ də konfliktin dinc yolla, yeni qanlar tökülmədən həllinə, İrəvanın, nəhayət, sağlam məntiqlə məsələyə yanaşacağına ümidini tam itirməyib. Lakin təəssüflər olsun ki, bu yöndə gözləntilər ilbəil zəifləməkdə, adekvat olaraq, yeni müharibə riski artmaqdadır. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin - Rusiya, ABŞ və Fransanın işğalçı ölkəyə münasibətdə loyallığı, bəzən hətta altdan-altdan onu himayə eləməsi münaqişənin ədalətli həllini uzadır. Təxminən üç on illik ərzində atəşkəsin böyük sülhə çevrilməməsinin ikinci mühüm səbəbi də elə budur - vasitəçi dövlətlərin “ikili standart” siyasəti, təcavüzkarın başını “tumarlaması”.

*****

Bəs bundan sonra nə olacaq? Atəşkəs daha neçə il sürə bilər? Ermənistan işğal etdiyi torpaqların bir qarışını da qaytarmaq niyyətində deyilsə, sülh danışıqlarını davam etdirməyə dəyərmi?

Məsələ də ondadır ki, danışıqların nəticəsizliyini görən Azərbaycan haqlı olaraq, öz döyüş potensialını, hərbi qüdrətini durmadan artırır. O sırada yerli hərbi-sənaye kompleksimiz uğurla inkişaf etdirilir - hansı uğurları ki, xarici hərbi ekspertlər də vaxtaşırı vurğulayırlar.

“Son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb. Bu gün ölkənin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb”.

Bu sözləri prezident İlham Əliyev ötən həftə Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib. Dövlət başçısı “Global Firepower-2019"un hesabatına görə, dünyanın ən güclü ordularının reytinqində Azərbaycanın 52-ci yerdə olduğunu xatırladaraq bildirib: ”Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik".

İlham Əliyev son illərdə ölkəmizin ən müasir texnika və silahlar aldığını da qeyd edib: “Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var”.

Təbii ki, Azərbaycan öz maliyyə-iqtisadi potensialına uyğun şəkildə silahlı qüvvələrinin modern silahlar və döyüş sistemləri ilə təchiz eləməyə davam edəcək. Bunu işğalçı Ermənistanda bilirlər. Onu da yaxşı bilirlər ki, Bakı İrəvana bir qarşı da torpaq güzəştə getməyə hazırlaşmır və əgər işğalçı qüvvələr xoşluqla ərazilərimizdən çəkilib getməsə, bunu ona Azərbaycan Ordusu məcbur edəcək.

*****

“Heç bir epidemiya, heç bir inqilab, heç bir anlaşma Azərbaycanı hərbi yolla uğur əldə etməkdən imtinaya vadar edə bilməz”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Nikol Paşinyana qarşı sərt mövqedə olsa da, Dağlıq Qarabağ məsələsində Paşinyan kimi radikal mövqe tutan general Artur Vanesyan “Qraparak” qəzetinə söyləyib.

Erməni general sonra narahatlığını daha açıq ifadə edərək deyib: “Ermənistanın dövlət sisteminin və cəmiyyətin sayıqlığı azaltması müəyyən təhlükələr yaradır. Bizim dövlətimiz üçün təhlükəsizlik problemi hələ uzun müddət prioritet olacaq. Bu - faktdır və biz onu reallıq kimi qəbul etməliyik”.

O, Ermənistanın indiki hakimiyyətinin əsas səhvlərini belə sıralayıb: “1. Qarabağ danışıqlarına ciddi yanaşmaması. 2. Gündən-günə Rusiya ilə soyuq və etimadsız əlaqələr daha qabarıq görünür. Moskvasız isə bizim mövcudluğumuz mümkün deyil. 3. Cəmiyyəti parçalanmağa yönəlik siyasət və ayırıcı xətlər. Əlbəttə, dövlətin təhlükəsizliyi səviyyəsinə təsir edən çoxlu digər faktorlar da var və onların hamısı mühümdür. Ancaq göstərilən üç məqam birbaşa bizim üçün siqnaldır. Dövlətin təhlükəsizliyi və həyati problemlər sistemi bir nəfərin emosional duyğularından və nazından asılı ola bilməz. Heç şübhəsiz, yaxın zamanlarda bizi bir sıra təhdidlərin kəskinləşməsi ilə özünü göstərəcək qəliz mərhələ gözləyir. Ermənistanın təhlükəsizliyinin gələcəyi zərbə altına qoyulur”.

Öz növbəsində rusiyalı politoloq Dmitri Solonnikov hesab edir ki, hazırda baş nazir Nikol Paşinyanı daha çox ölkənin daxili problemləri maraqlandırır, Qarabağ konflikti isə həmişə olduğu kimi, Ermənistan hakimiyyəti üçün örtük rolunda çıxış edir.

“İndilikdə baş nazir qarşısında pandemiya fonunda qəliz dövrünü yaşayan ölkə iqtisadiyyatı ilə nə etməli sualı durur. Qafqaz regionunda koronavirusun vurduğu zərbə baxımından Ermənistan ən ağır durumdadır. Üstəlik, xeyli əvvəl ölkədə həyat səviyyəsini yaxşılaşdırmaq barədə vədlər vermişdi”, - deyə o əlavə edib.

“Artıq dəqiq demək olar ki, Nikol Paşinyanın marionet rejiminin süqutuna çox az qalıb: xalqın qəzəbi onu ”Soros yuvasının cücələri" ilə birlikdə yıxacaq". Bu sözləri isə Axar.az-a rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

“Ümid edək ki, Paşinyanı əvəz edəcək yeni rəhbərlik ölkəni fəlakətdən xilas etməyə, beynəlxalq vəziyyəti sağlam qiymətləndirməyə qadir olacaq və anlayacaq ki, daha öncə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Qarabağ probleminin mərhələli şəkildə həllinə başlamaq onun da xeyirinədir. Yəni ilk növbədə işğal altındakı Azərbaycan rayonları tam olaraq Bakının nəzarətinə verilməlidir və yalnız bundan sonra İrəvan Dağlıq Qarabağın gələcəyi barədə mümkün müzakirəyə ümid edə bilər”, - deyə ekspert qeyd edib.

O əlavə edib ki, Bakı Ermənistanda uzun illərdir millətə yalan və uydurma təbliğat aparıldığını və beyinlərin yuyulduğunu yaxşı anlayır: “Ona görə də bilir ki, Ermənistandakı istənilən hakimiyyət üçün cəmiyyətin fikrini dəyişmək və onu konstruktiv mövqeyə gətirmək asan deyil. Bu səbəbə Bakı İrəvana vaxt da verə bilər. Azərbaycan Türkiyə ilə birlikdə blokada rejiminin yumşaldılması ehtimalını müzakirə etməyə hazırdır - lakin əlbəttə ki, İrəvanın işğal olunmuş rayonlarla bağlı öz öhdəliklərini yerinə yetirməsindən sonra”.

Yəni hərb (fəlakət), yoxsa sülh (dirçəliş) seçimini məhz işğalçı tərəf etməlidir... //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz