Ölkələrə münasibət onun vağzallarından, hava limanlarından başlanır. “Welcome Azerbaijan” yazılan ölkənin aeroportları, vağzalları isə elə ilk təəssuratda bu dövlətdə hansı hökmlərin işlək olduğunu təsəvvürü yaradır.
Məlum olur ki, Azərbaycan vətəndaşının öz vağzalına, aeroportuna, ticarət mərkəzinə giriş qapıları üzünə bağlanıb. Bu, nə Misir fironlarının dövründə olub, nə xanlıqlar dövrümüzdə.
Siz Milanda yaxud Amsterdamda görə bilməzsiniz ki, vətəndaş avtovağzala, hava limanına avtomobillə daxil olmaq üçün ödəniş eləməlidir.
Lakin Azərbaycanda cəngəllik qanunları hökm sürdüyünə görə “ərəbzəngi”lər qapıları kəsdirib, xırs quldur basan kimi içəri keçən hər maşının sürücüsündən “haqq” alırlar.
Bəli, məhz xərac yığırlar, öz vətəninin ərazisində hərəkət azadlığını məhdudlaşdırıb pullu ediblər. Bunun soyğunçuluq, quldurluq, özbaşınalıqdan başqa adı yoxdur.
Axı insan ticarət mərkəzinə yaxud hava limanına daxil olanda niyə giriş pulu verməlidir? Sərnişin təyyarəyə çatmaq üçün aeroportun həyətinə piyada gəlməlidirmi? Yaxud Bakı avtovağzalına 3 dəqiqəlik daxil olub yaxınını qarşılayan, yola salan şəxs hansı əsasla ödəniş etməlidir?
Reportyor.info xəbər verir ki, bu soyğunçuluq hazırda “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Bakı Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Avtovağzalında yaşanır. Adında beynəlxalq olan bu məkanlarda dünya standartlarına uyğun bir nümunə yoxdur. Sadəcə, hər gün yüz minlər vergidən və büdcədən yayındırılaraq ciblərə axır, əhali rəsmən soyulur.
Hətta deputat Fazil Mustafa da dilə gələrək qeyd edib ki, biz düzələ bilmirik. Onun sözlərinə görə, “əsas” olan vətəndaşların soyulmasıdır.
“Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir”, – deyə deputat vurğulayıb.
F.Mustafa sual edir ki, vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir: “Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur”.
Doğurdan da, bu günə kimi Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, hüquq-mühafizə orqanları sorğu-sual etməyiblər ki, Yusif Qədimbəyli sahibi olduğu “Sədərək”, Kəbirə Məmnmədova sahibəlik elədiyi “Binə”, Cahangir Əsgərov prezidenti olduğu AZAL, rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə tabeliyində olan avtovağzalda nə üçün giriş pulu yığdırır?
Bu, çox ciddi korrupsiya faktıdır, araşdırma tələb edir. Çünki milyonlar büdcədən yayındırılır. Eyni zamanda əhalidə ciddi narazılıq yaradır.
Bu qurumlar gözləyirlər ki, prezident məsələyə müdaxilə eləsin? Nazirliklər vətəndaşları soyanların hökumətə qarşı narazı elektorat yaratdığını hesablamırlar.
Hazırda “Binə” və “Sədərək” bazarına maşınla daxil olanlardan çıxışdakı şlaqbaumun qarşısında 50 qəpik almasalar buraxmırlar.
Rəsmən dələduzluq, vətəndaşa qarşı cinayət, dövlətin qanunlarını ayaqlar altına atmaqdır. AZAL ərazisinə girən avtomobillər çıxışda 1 manat ödəniş etməklə “azadlığa” buraxılırlar.
Eyni biabırçılıq avtovağzalda baş verir. Hansısa dəllallar bir qəbz təqdim edirlər və 1 manat alıb şlaqbaumu açırlar ki, gedəsən.
C.Əsgərov, R.Quluzadə, K.Məmmədova, Y.Qədimbəyli prezidentə qarşı hansı pisliyi etdiklərini düşünmürlər?
Vergilər naziri Mikayıl Cabbarov nə üçün araşdırmalar aparmır, bu pulların kimlər tərəfindən yığılıb hara getdiyini soruşmur?
Reportyor.info yada salır ki, F.Mustafadan əvvəl də həmkarı Fəzail Ağamalı “Binə” və “Sədərək” barəsində etirazını bildirmişdi.
Sitat: “Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”.
Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur: “Bu gün “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir.
Gün ərzində minlərlə maşından pul alınır. Axı, gün ərzində alınan bu qədər pul hara gedir?!”
Həmçinin, avtovağzaldakı soyğunçuluğun arxasında kimlərin dayandığını vergi komissiyası araşdırmalıdır.
Böyük strateji obyektlərə girişin məhdudlaşdırılması, şəxsi avtomobili ilə daxil olan sürücülərdən ödənişin tələb olunması, düzgün deyil.
Ölkə prezidenti də, dəfələrlə bildirib ki, avtovağzalın yenidən qurulması, inkişafı, həmişə dövlət büdcəsi hesabına aparılır.
Bizdə xidmət qapını açıb, nəqliyyatı içəri buraxmaqla yekunlaşır. Xidmət o demək deyil ki, sən qapını açdın, mən o əraziyə daxil oldum və müqabilində məndən 1 manat aldın.
Buna xidmət demək olmaz. Yalnız bizim avtovağzalda xidmət olmadığı halda, ödəniş alırlar.
İstər rayondan gələn, istərsə də şəhərdən gələn nəqliyyat vasitələrinə və sahiblərinə xidmət göstərilməlidir.
Belə olan halda, ödəniş tələb oluna bilər. Əgər xidmət olunmadığı halda, ödəniş tələb olunursa, bu, artıq haqsızlıqdır, cibgirlikdir, qarətdir, talandır.Prezidentin bu məsələ ilə bağlı tapşırıq verəcəyinə böyük ümid bəslənir. (Reportyor.info)