Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 2 min 712-si canlı rejimdə birbaşa, 611-i isə səsli menyu vasitəsilə olmaqla 5 min 700-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı mərkəzinə 87 minədək müraciət daxil olub.
Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.