Qarabağ müharibəsi döyüşçüsü Əsədov Qardaş Əsədbala oğlu "Gülbaxt" Tikinti Materialları Kombinatı MMC-nin rəhbərliyindən şikayətçidir.
AFN-ə müraciət edən Q.Əsədov bildirir ki, 1996-cı ildən kombinatda qeyri-rəsmi, 01.07.2005-ci ildən isə rəsmi surətdə kran maşınisti kimi çalışıb (əmr № 05). "2016-2017-ci illər ərzində 7700 (yeddi min yeddi yüz) manat əmək haqqımı bu vaxta qədər ala bilməmişəm" deyən şikayətçinin sözlərinə görə, bu vaxtlar ərzində o, aylıq 700 (yeddi yüz) manat əməkhaqqına çalışmasıma baxmayaraq, idarədə ona vergidən yayınmaq üçün 170 (yüz yetmiş) manat əməkhaqqı yazılıb: "Rəhbərlik isə aylıq mənə 700 manat əvəzinə 170 manat əmək haqqı verəcəyini bildirməyib. Hər dəfə bu pulun mənə veriləcəyi deyilsə də, indi bunu inkar edirlər. Daş karxanasında qışın şaxtasında, yayın istisində açıq şəraitdə 8 saat iş rejimi əvəzinə 11 saat 170 manat əmək haqqına kim işləyərdi?! Sözügedən müəssisə 2018-ci il dekabrın birindən fəaliyyətini dayandırdığı halda mənim işə gəlmədiyim qeyd edilir. Bu da mənə qarşı olunan haqsızlıqdan biridir".
Üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya 2-ci dəfə müraciət etdiyini deyən keçmiş döyüşçü bildirir ki, 2 övladı tələbədir: "Mənim o pula uşaqlarımın təhsili üçün ehtiyacım böyükdür. Həmçinin mən 2005-ci ildən məzuniyyət haqqımdan istifadə etməmişəm. Dəfələrlə məzuniyyətə çıxmaq istəsəm də, müdiriyyət əvəzedici işçi olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyə icazə verməyib. Sizdən xahiş edirəm ki, 7700 manat əmək haqqımın və istifadə etmədiyim məzuniyyət haqqımın bərpasında mənə köməklik göstərəsiniz. Mən Qarabağda 4 il vuruşmamışam ki, hansısa daş karxanasının müdiriyyəti mənim halal zəhmətimlə qazandığım haqqımı mənimsəsin".
Qeyd edək ki, bu, adıçəkilən MMC ilə bağlı ilk şikayət deyil. Bir müddət əvvəl Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı da uzun illər həmin qurumda çalışdığını, məzuniyyət hüququndan istifadə edə bilmədiyini bildirmişdi. Şikayətçinin müraciəti əsasında hazırlanaraq AFN-də dərc edilən yazı ilə saytımızdan tanış ola bilərsiniz. Həmçinin Əhmədov Ələddin Əbdülhəsən oğlu da Qaradağ Rayon Məhkəməsində kombinata qarşı ödənilməmiş məzuniyyət haqqının verilməsi tələbilə iddia qaldırıb. İddia birinci instansiyada təmin edilib. Qarşı tərəf apellyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiyanın çıxartdığı qətnaməni qüvvədə saxlayıb.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.