QAZİLER.AZ saytına Sumqayıt şəhərində yaşayan bir qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri tərəfindən şikayət ərizəsi daxil olub
Şikayətçilər Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovdan və onun nəqliyyatdakı adamlarından narazıdırlar. Şikayətçilər yazırlar:
“Biz Qarabağ əlilləri 1999-cu ildən Sumqayıt şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşuq. İşlədiyimiz müddətdə imkanımız daxilində bizə müraciət edən şəhid və Qarabağ əlillərinə köməklik etmişik. 2012-ci ildə Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən verilən sərəncamla əlaqədar maşınlarımızı dəyişib, müasir və iritutumlu “İSUZU” markalı 15 ədəd sərnişin daşıma avtomobili gətizdirmişik. Qanuni olaraq “Sənan-2012”MMC-ni yaradaraq fəaliyyətə başlamışıq. 2016-cı ildə Sumqayıt şəhər İcra hakimiyyətinin nəzdində Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov vəzifəyə təyin olunduğu gündən bizim “qara günlərimiz” başladı.
Hər ay bizdən 4 000 (dörd min) manat rüşvət tələb edirdi. Sumqayıt şəhər İcra hakimiyyətinə rüşvətlə bağlı dəfələrlə müraciət etsək də müraciətimiz nəticəsiz qalmışdır. Biz də çarəsiz qalıb hər ay Xannı Rüstəmova tələb etdiyi 4 000 (dörd min) manat rüşvəti vermək məcburiyyətində qalırdıq. 2017-ci ilin iyun ayında rüşvətin məbləğini qaldırıb 10 000 (on min) manat etdi və bizdə bu məbləği verə bilmədiyimizə görə firmanın fəaliyyətini dayandırdı. Bizim məktubumuza cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Mehriban Əliyevaya cavab verilmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunacaq (həmin məktubun sürətini ərizəmizə əlavə edirik). Əlillər adından biz iyun ayında noyabr ayına qədər cənab Prezident İlham Əliyevə vitse-prezidentimiz Mehriban Əliyevaya etdiyimiz müraciətlər nəticəsində bizə noyabr ayında Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən yeni xətt (Sumqayıt – Stansya Sumqayıt) verildi. Mehriban xanımın bizə göstərdiyi qayğıya baxmayaraq, Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov bizdən yeni xətt üçün 10 000 (on min) manat rüşvət aldı. Bizim etiraz etməyimizə baxmayaraq o bizə gedin kimə müraciət edirsiniz edin, pulu versəniz işləyəcəksiniz verməsəniz yox.
Bütün bu olanlardan sonra biz 10 000 (on min) manatı verib 2017-ci ilin noyabr ayından fəaliyyətə başladıq. Həmin aydan aylıq rüşvəti 4 000 (dörd min) manatdan 6 350 (altı min üç yüz əlli) manata qaldırdı. 2018-ci ilin noyabr ayına kimi hər ay 6 350 (altı min üç yüz əlli) manat verib işlədik. 2018-ci ilin noyabr ayında aldığı 6 350 (altı min üç yüz əlli) manatla razılaşmayıb, bizdən 10 000 (on min) manat rüşvət tələb etdi. Biz isə bu məbləği verə bilmədiyimizə görə işlətdiyimiz marşrut xəttinin fəaliyyətin dayandırıldı. Hansı ki, Sumqayıt icra hakimiyyəti vitse-prezident Mehriban Əliyevaya məktubla bildirmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunub və işləyəcək. Verilən məktuba əməl etmədilər.
Sizdən xahiş edirik, avtobus xəttinin yenidən xəttə qaytarılmasına və Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmovun özbaşınalığın qarşısının alınmasına son verəsiniz”.
Müraciəti 10 nəfər Qarabağ qazisi və şəhid ailəsi üzvü imzalayıb.
Eyni müraciəti Qarabağ qazilər ölkə Prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevə də ünvanlayıblar.
Xatırladaq ki, ötən il bu problem yarananda “Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri”, birliklərinin “Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına inkişaf Fondu”nun və “QAZİLER.AZ” saytının müraciəti əsasında adları çəkilən təşkilat rəhbərləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısının müavini Faiq Kərimov və Xannı Rüstəmovla görüşü olmuşdu. Görüşdən sonra Qarabağ qazilərinə işləməyə icazə verilmişdir. Lakin bir müddət sonra yenidən bu problem yaranıb.
Bizə daxil olan məlumata görə, həmin marşrut xətləri Zakir Fərəcovun qaynı İlqar Cavadova verib. Rəsmi sənədlərdə Sumqayıta gətirilən avtobuslar Xannı Rüstəmovun və İlqar Cavadovun adına gətirilir. Əslində Sumqayıta gətirilən yeni avtobuslar Qarbağ əlillərinin gətirdiyi avtobusdan keyfiyyətli deyil. Tutumu da Qazilərin avtobuslarının tutumundan azdır.
Saytımız vasitəsi ilə bir daha Sumqayıt şəhər icra hakimiyyətinin Başçısı Zakir Fərəcova müraciət edirik ki, Qarabağ əlillərinin haqqı pozulur, iş yerləri əllərindən alınır, ciddi problem yaradılır. Rahat və müasir avtobuslar almaq üçün böyük məbləğdə kredit borcları yaranan onlarla Qarabağ əlili, Şəhid ailəsi ağır duruma düşürlər. Onların ata biləcəyi addımlar və gələcək taleləri bizi narahat edir. Ona görə də hörmətli Zakir Fərəcovdan problemi Qarabağ əlillərinin xeyrinə həll etməyi xahiş edirik!