Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan növbəti, sayca 24-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə iştirak edən səfirlik Azərbaycanın Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və “AZNAR” şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki bamiyəsi, sucuq və digər təamlar böyük marağa səbəb olub. Bazarda, həmçinin Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər ziyarətçilər tərəfindən həvəslə alınıb.
Azərbaycan stendində, həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunub. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Azərbaycana aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Səfirlik, həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də təmsil olunub. Belə ki, azərbaycanlı uşaqların ifasında Azərbaycan və bolqar dillərində səslənən Rəşid Behbudovun “Bakı” mahnısı alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Radiosuna müsahibə verib. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə danışıb. Diplomat Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini söyləyib. Ölkəmizin turizm imkanlarından danışan səfir cari ilin yanvar ayında Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin açılmasının bolqar turistlərinə ölkəmizi daha yaxından kəşf etməyə şərait yaratdığını qeyd edib və dost bolqar xalqını multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi və gözəlliklərindən zövq almaq üçün Azərbaycana dəvət edib.
Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb. Bolqarıstan Teleqraf Agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalələr yerləşdirilib, Bolqarıstan Milli Televiziyası və Radiosunda səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibələri yer alıb.
Qeyd edək ki, bu ilki xeyriyyə bazarında 60-dan artıq ölkə təmsil olunublar.