Axtarış...

“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə iyunun 30–dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanan nəşrdə UNESKO-nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü və 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya və sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün maraqlı proqram hazırlayıb. “Culture Guide”ın xüsusi buraxılışında Bakıdakı teatrların, konsert və kino zallarının afişası ilə yanaşı, ayrı-ayrı tamaşalar, filmlər, mədəni tədbirlər barədə qısa yazılar da dərc olunub. Eyni zamanda, nəşrdə paytaxtın muzeyləri, qalereyaları, teatr və konsert müəssisələri haqqında informasiyalar, ünvan və telefon nömrələri yer alıb.

Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılır. “Böyük şair, mütəfəkkir, humanist” başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) UNESKO səviyyəsindən qeyd olunmasından bəhs olunur.

Nəşrdə bildirilir ki, ölkəmizin bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil edilib. Xüsusi buraxılışın “Azərbaycanın mədəni dəyərləri UNESKO siyahılarında” bölməsində bununla bağlı silsilə yazılar verilib.

İlk olaraq 2000-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhərdən (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə), həmçinin 2007-ci ildən bu siyahıda yer alan minilliklərin daş yaddaşı – Qobustan qayaüstü rəsmlərindən söz açılır.

Bundan əlavə, UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındakı 11 nümunənin hər biri haqqında rus və ingilisdilli oxuculara məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan muğamı 2003-cü ildə UNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin incisi” elan edilib. 2008-ci ildə isə UNESKO-nun qeyri-maddi mədəni irs haqqında konvensiyasının qüvvəyə minməsindən və onun əsasında Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı tərtib olunmağa başlayandan sonra bu siyahıda Azərbaycandan ilk olaraq muğam sənəti yer alıb. “Muğam Azərbaycan xalqının milli və mədəni sərvətidir” – Prezident İlham Əliyevin bu sözləri diqqətə çatdırılır, Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə digər mədəni irs nümunələrimizin də dünyada təbliği və UNESKO siyahılarına daxil edilməsi istiqamətində görülən məqsədyönlü işlərdən bəhs olunur.

2009-cu ildə Azərbaycan aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. “Aşıq sənəti – dil, ədəbiyyat və musiqini yaşadan sənət” başlıqlı yazı bu barədədir. Növbəti ildə (2010) bu siyahı Azərbaycan xalça sənəti ilə zənginləşib. “Naxışlarda yaşayan irs” adlı yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən söz açılır.

Musiqi sənətimizin daha iki nümunəsi – tar ifaçılığı sənəti və tar alətinin hazırlanması (2012-ci il) və kamança ifaçılığı və bu alətin hazırlanması (2017) haqqında nominasiyalar da UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındadır. “Simlərdən süzülən sehrli musiqi” və “Kamançanın lətif səsi” başlıqlı yazılarda bu barədə məlumat verilir.

Novruz bayramı Azərbaycanın da təşəbbüsü və yaxından iştirakı ilə iki dəfə – 2009-cu və 2016-cı illərdə çoxmillətli nominasiya olaraq UNESKO-nun siyahısına salınıb. “Minilliklərin bayramı” başlıqlı yazı milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruza həsr olunub.

Daha bir yazı 2014-cü ildən UNESKO-nun siyahısında yer alan Azərbaycanın kəlağayı sənəti barədədir. “Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənəti” sərlövhəli materialda isə 2015-ci ildə bu siyahıya daxil edilən xalq sənətinin İsmayıllı rayonunun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

UNESKO-nun siyahısında Azərbaycanın zəngin mətbəxinin nümunələri də var. Nəşrdə ölkəmizin 2016-cı ildə Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi “Lavaşın (nazik çörəyin) hazırlanma və paylaşma mədəniyyəti”, eləcə də dolmanın hazırlanma və paylaşma ənənəsi (2017) barədə yazılar verilib.

“Bəşəriyyətin ədəbi abidəsi” başlıqlı yazıda isə “Kitabi-Dədə Qorqud”un 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatı (“Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”) ilə bəşəri irs xəzinəsinə daxil edilməsindən söz açılır.

Məlum olduğu kimi, UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında da iki irs nümunəmiz yer alıb. “Qarabağ atları üzərində çövkən milli oyunu” (2013) və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018) haqqında material bu barədədir.

Xüsusi buraxılışda Azərbaycanın bölgələrinin tarixi-mədəni irsi haqqında da bəhs olunur. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

“Açıq səma altında muzey-şəhər” adlı yazı Şəkinin qədim tarixi-mədəni irsi haqqındadır. Şəki şəhərinin tarixi hissəsi və Şəki xanları sarayının UNESKO-nun Dünya irsi siyahısına namizəd olduğu vurğulanır.

Nəşrdə, həmçinin Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır. “Qədim torpağın abidələri” yazısında Naxçıvanın zəngin irsi, Möminə Xatun, Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələr, Əshabi-Kəhf və s. haqqında məlumat verilir. Daha bir yazı əsrarəngiz təbiət hadisəsi – Azərbaycanın palçıq vulkanları haqqındadır.

Nəşrdə, həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, dünyanın hər yerindən qonaqların xüsusi maraq göstərdiyi Atəşgah məbədi və Yanardağ haqqında, eləcə də turistlər üçün xüsusi maraq kəsb edən milli mətbəximizin zənginliyi, ayrı-ayrı ləziz yeməklər barədə məlumatlar, onların Bakıdan özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

“Dünya musiqi xəritəsində Azərbaycan adları” başlıqlı yazıda musiqi sənətimizi, mədəniyyətimizi və ümumilikdə ölkəmizi dünyaya tanıdan böyük bəstəkarlar və ifaçılardan söz açılır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Əşrəf Heybətovun “Salam, Azərbaycan” tablosu əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz