Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur.
Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.
Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları (hər gün 15 dəqiqə) təqdim edəcəklər.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.
Layihə çərçivəsində həmçinin Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində həftə içi 2 gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.
Layihə üzrə nümayiş olunacaq proqramların konkret efir vaxtı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının əməkdaşlığı əsasında həmçinin mədəniyyətimizin digər istiqamətləri – kino sənətimiz, təsviri sənət, muzeylər, kitabxanalar, tarixi abidələrimiz, xalq yaradıcılığı, yaradıcı mədəni sənaye və s. sahələrlə bağlı birgə layihələr də hazırlanmaqdadır.
Əziz həmvətənlər, bu günlər hər birimizin, yaxınlarımızın və bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər, mədəniyyət və incəsənətimizdən də uzaq düşməyək. Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.