Axtarış...

Azərbaycanlı tələbələr Çində mədəniyyət festivalında ölkəmizi təbliğ ediblər



Pekindəki Çin Neft Universitetində ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq məqsədi daşıyan festival, həm də fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa xidmət edir.

Azərbaycanın Çindəki səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tələbələrimiz milli pavilyonda ölkəmizin zəngin mədəniyyətini nümayiş və təbliğ ediblər. Burada Azərbaycanın mədəniyyətini, təbiətini, ölkənin inkişafını, tarixi və müasir memarlıq abidələrini əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, milli geyimlər, suvenirlər nümayiş etdirilib.

Azərbaycan stendini ziyarət edənlərə milli şirniyyatlarımızdan paxlava və şəkərbura, habelə Azərbaycan mətbəxinin tanınan təamlarından olan dolma təklif olunub. Bundan başqa, ziyarətçilərə ölkəmizə aid Çin və ingilis dilində nəşrlər paylanılıb.

Çin Neft Universitetinin magistrı Hikmət Zeynallı festival barədə deyib: “Bu il ilk dəfə olaraq Çin Neft Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı 10-u keçib və biz bu qüvvədən yararlanmağa qərar verdik. Universitet rəhbərliyindən festivalda Azərbaycan üçün daha geniş stend ayrılmasını xahiş etdik və buna nail olduq. Tədbir zamanı ölkəmizə maraq böyük idi. Çünki ziyarətçilərin çoxu ilk dəfə Azərbaycan, onun mədəniyyəti haqqında məlumat əldə edirdi. Gün ərzində yerli sosial şəbəkələrdə Azərbaycanın festivalda iştirakına dair xeyli video və foto paylaşılıb. Bu, bizim uğurumuz oldu”.

Xatırladaq ki, ölkənin qabaqcıl ali təhsil ocaqlarından olan Çin Neft Universiteti 1953-cü ildə yaradılıb. Hazırda universitetdə 52 ölkədən, o cümlədən Azərbaycandan ümumilikdə 850-yə yaxın tələbə təhsil alır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbir

Pekin
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz