Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi təşkil olunub.
APA-nın məlumatına görə, sərgi Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutu, Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərginin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Milli Arxeologiya İnstitutunun direktoru Ludmil Vaqalinski, Petriç şəhərinin meri Dimitır Brıçkov, tarixçilər, mədəniyyət xadimləri iştirak ediblər. Açılışda çıxış edən N. Qurbanova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə bağlı bolqar tərəfdaşlarla silsilə tədbirlər keçirilib. Səfir sərginin bu çərçivədə təşkilindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan qədim insan məskənlərindən biridir və Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübuta yetirib.
Şəhərin meri D.Brıçkov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək səfir N.Qurbanovanın Petriç şəhərinə səfərinin, habelə Tarix Muzeyində təşkil olunmuş sərginin Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Petriç Tarix Muzeyinin direktoru S.İvanov rəhbəri olduğu muzeyin belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib və sərgini Azərbaycan tarixini yaxından öyrənmək baxımından imkan olaraq qiymətləndirib.
Sərgi 1 ay davam edəcək.